Xəbər lenti
Bütün xəbərlər

Bakının müharibə haqqı - onu heç kim bizdən almayıb

  • 25 iyul 2019, 11:20

Azərbaycanın güclənən müharibə hazırlığına Ermənistan Müdafiə Nazirliyi sözçüsündən əsəbi reaksiya; erməni türkoloq: "Naxçıvanda Türkiyə bazasının yaradılması, sadəcə, zaman məsələsidir...”

Cəbhə xəttində bir müddətdir nisbi sakitlik yaranıb. Bu da ola bilsin, yay mövsümünün xüsusiyyətləri ilə əlaqədardır. Hərçənd Azərbaycan Ordusu özünün döyüş və taktiki hazırlıqlarını davam etdirir və istənilən an düşmənin təxribatına layiqli cavab verib əks-hücuma keçməyə hazır durumdadır. Bunu işğalçı tərəf də yaxşı bilir. İrəvanda artıq fərqindədirlər ki, Azərbaycan nəticəsiz danışıqlar hesabına status-kvonun sonsuza kimi uzadılmasına getməyəcək və geosiyasi şərtlər uyğun gələn kimi silah gücünə öz ərazi bütövlüyünü bərpa edəcək - təbii ki, ona qədər işğalçı qüvvələr xoşluqla ərazimizdən çıxmasa.

Təəssüf ki, Ermənistanda hakimiyyət dəyişikliyi də Qarabağ danışıqlarında müsbətə doğru kardinal dəyişikliyə gətirmədi, müharibə riski azalmadı. Gerçək bundan  ibarətdir ki, Nikol Paşinyan hökuməti də sələfləri kimi vaxtı, daha doğrusu, işğal rejimini uzatmağa çalışır. Paşinyan "məxməri inqilab”dan ötən bu 1 il - 1 il yarım ərzində sülh anlaşmasını yaxınlaşdıracaq heç bir ciddi addım atmadı - baxmayaraq ki, rəsmi Bakı yeni hökumətə konstruktiv mövqe tutmaq üçün bir neçə dəfə jest elədi, xoşməramlı davranış sərgilədi. Qarşılıq adekvat olmadı. Bu isə yeni və genişmiqyaslı əməliyyatların istənilən an başlama təhlükəsinin qalması deməkdir.     

*****

"Aydındır ki, keçən 1 il - 1 il yarımda təmas xəttində situasiya bəzi qısamüddətli gərginliklər nəzərə alınmazsa, əsasən sabit olub”. "Yeni Müsavat”ın erməni qaynağına istinadən verdiyi məlumata görə, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannisyan dünən İrəvanda jurnalistlərə bildirib. Onun sözlərinə görə, sakit dövr erməni tərəfi üçün mühüm əhəmiyyət kəsb edir və döyüş hazırlığı prosesi ilə məşğul olmağa imkan yaradır. "Eyni zamanda biz Azərbaycan tərəfdən yeni silahların alınması ilə müşayiət olunan hərbi təlimlərin intensivləşdiyini görürük. Biz isə hələ də belə hesab etməkdə davam edirik ki, sülhün ən yaxşı qarantı bizim silahlı qüvvələrimizin döyüş hazırlığını davam etdirməkdir. Bizimlə şantaj dilində danışmaq olmaz - ”danışıqlara gəlin, yoxsa güllə atacağıq".

Əgər danışırıqsa, demək, danışırıq. Bəlkə biz sizdən də tez atəş aça bilərik, ancaq biz ilk növbədə danışıqlar aparmağı üstün tuturuq",- deyə Ovannsiyan özündən razı şəkildə bildirib və əlavə edib: "Azərbaycanın artıq müharibəni qızışdırmaq monopoliyası yoxdur. Erməni tərəfinin də buna hüququ var. Heç kim Azərbaycana müharibə dilində danışmaq haqqı verməyib”.

Təbii ki, Ovannisyan öz hərbi və siyasi rəhbərləri kimi yalan danışır, blef edir. Tam əksinə, Ermənistandan fərqli olaraq, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa eləmək üçün müstəsna müharibə hüququ var və bunu ən əvvəl ona Ermənistanın da üzv olduğu BMT-nin Nizamnaməsi  və təşkilatın Təhlükəsizlik Şurasının 1992-93-cü illərdə qəbul elədiyi və hələ də qüvvədə olan Dağlıq Qarabağa dair 4 məlum qətnaməsi (822, 853, 874, 884) verir. Digər mötəbər beynəlxalq təşkilatların (ATƏT, ATƏT PA, Avropa Şurası, Avropa Parlamenti, NATO PA, İslam Əməkdaşlıq Konfransı, Qoşulmamaq Hərəkatı) Ermənistanı işğalçı sayan analoji sənəd və qətnamələri də öz yerində.

Bu sənədlərə əsasən Azərbaycana istənilən an öz hərbi maşınını hərəkətə gətirib ərazisindəki "çağırılmamış qonaqları” gəldikləri yerə qədər qovmaq hüququna malikdir. Heç şübhəsiz ki, sülh danışıqları bu minvalla davam eləsə, belə də olacaq. Üstəgəl, BMT Nizamnaməsinə görə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa eləmək üçün başqa dövlətlərin köməyindən də istifadə edə bilər.

O sırada təbii ki, NATO üzvü Türkiyə öndə gəlir. İki qardaş ölkə arasında artıq illərdir ortaq hərbi təlimlər keçirilir, Türkiyə zəngin hərbi quruculuq və döyüş təcrübəsini Azərbaycanla bölüşür - həm də Ermənistanın "qulağının dibində”, Naxçıvanda. İşğalçı ölkəni narahat edən amillərdın biri də budur. İrəvanda həmçinin son illər Ankara ilə Moskva arasında iqtisadi-siyasi, humanitar-mədəni və hərbi sahələrdə əməkdaşlığın xeyli güclənməsindən təlaş keçirməkdədirlər. Ermənilər narahatdırlar ki, bu əməkdaşlıq günün birində Dağlıq Qarabağ probleminin Azərbaycanın xeyrinə həlli üçün zəmin yarada bilər. Bir qədər fərqli kontekstdə düşünən erməni ekspertləri də var.        

*****

"Əgər Türkiyənin Rusiya ilə münasibətləri soyuqlaşsa, o zaman xaricdəki üçüncü hərbi bazasını Naxçıvanda açacaq”. Bunu İrəvanda jurnalistlərə açıqlamasında Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, türkoloq Ruben Safrastyan deyib.

"Hazırkı Rusiya-Türkiyə münasibətlərinin strateji və tərəfdaşlıq əsasları yoxdur. Bu, daha çox konyunktura ilə bağlıdır. Hökumətlərin münasibətlərində soyuqlaşma başlayan kimi Türkiyə Qafqazdakı mövcudluğunu aktivləşdirəcək. Türkiyə üçün regionda yeganə rəqib Rusiyadır və Naxçıvanda bazanın yaradılması hərbi-siyasi balansın təmin edilməsi və Rusiyanın Gümrüdəki hərbi bazasına qarşı bərabər səviyyəli güc yaradılması üçün nəzərdə tutulub. Türkiyənin artıq Sudan və Qətərdə bazası mövcuddur. Naxçıvan Türkiyə xarici siyasətinin aparıcı istiqamətlərindən biri sayılır və burada hərbi bazanın yaradılması, sadəcə, zaman məsələsidir”, - deyə o bildirib.

*****

Ermənilərin təlaşı haqlıdır. Azərbaycan gec-tez öz ərazisində, - yəqin ki, Naxçıvanda, - 1 nömrəli təbii müttəfiqi Türkiyənin heç olmasa, bir hərbi bazasının yerləşdirilməsini təmin edəcək. Özü də Ankara-Moskva münasibətlərinin hansı səviyyədə olmasından asılı olmayaraq. Çünki bu hərbi baza ilk növbədə Azərbaycana İrəvana qarşı çəkindirici amil qisminə lazımdır. O anlamda ki, Qarabağda həlledici döyüş əməliyyatları başlayan zaman ermənilər Naxçıvanı yiyəsiz görüb hücum eləməsinlər və Azərbaycan da öz hərbi qüvvələrini müstəsna olaraq, materik hissədəki erməni işğalçılarına qarşı yönəltsin...    

Siyasət şöbəsi

Oxşar xəbərlər