Xəbər lenti
Bütün xəbərlər

Qurbanın siyasəti və öz siyasətinin qurbanı

  • 06 iyul 2019, 20:03

Doğrusu budur: 31 il öncədən tanıdığım Qurban Məmmədovun internet telekanalının abunəçisi deyiləm. Son illərdə bir dəfə də olsun onun çıxışlarına qulaq asmamışam və bunun yeganə səbəbi odur ki, ondan yeni bir söz gözləmirəm.

Ancaq xeyir-şər məclislərində, bir çox ictimai yerlərdə tez-tez "Qurban axşam elə dedi”, "Qurban Məmmədov dünən yaman danışdı”, "Qurban müxalifəti yıxdı-sürüdü”, "Qurban hökuməti topa tutdu” kimi şərhlər eşidirəm.

Axırıncı dəfə bir neçə gün öncə yaxın bir adam bu barədə xeyli riqqətli şəkildə bəhs etməyə başlayanda dedim ki, Qurban Məmmədovu çoxdan tanıyıram, bütün çıxışlarından, həyat yolundan, xasiyyətinin ştrixlərindən, məhkumluqlarından, müxtəlif vaxtlarda müxtəlif müttəfiqlik büsatları qurmasından, kimlərə hücum etməsindən, kimlərin müdafiəsinə qalxmasından, hər şeydən xəbərim var.

Fəqət həmsöhbətim Qurban Məmmədov personasına qəribə bir vurğunluqla danışırdı. Mənə onun niyə bu düşüncədə olduğu aydın idi. Adam uzun müddət siyasətdən kənarda olub və onda informasiya kasadlığı, təfərrüat yetərsizliyi var. Bir də ölkədə bir çox sahələrdə yaxşılığa doğru ciddi dəyişiklik olmasını arzulayan adamdır. Ona görə də kim bir az bəlağətli danışırsa, ona rəğbəti əmələ gəlir.

İnsaf naminə demək lazımdır ki, Qurban Məmmədovun parlaq natiqlik qabiliyyəti var və o, hər kəsə bəlli olan (eləcə də bəlli olmayan) həqiqətləri ard-arda calayaraq saatlarla danışa bilir.

Bu ölkədə onun kimi bir çox adam var, amma heç birinin Q.Məmmədov kimi publika qarşıısnda lazım olanda emosional, yeri gələndə təmkiinli olmaq, auditoriyanın nəbzini tutmaq fərasəti yoxdur. Bu xüsusda Qurban Məmmədov ötədir, üstündür. 
Ancaq bu siyasi uğurlar qazanmaq üçün yetərlidirmi? Əsla.

Qurban Məmmədovun digər siyasilərdən üstünlükləri olduğu kimi ciddi çatışmazlıqları da var. O, ardıcıl siyasətçi deyil. O, bu gün bir siyasi liderlə dost-qardaş ola bilər, çox keçmədən ona düşmən kəsilər. Bu gün kimsə ona ürək qızdırıb ciddi bir sirrini deyə bilər, sabah Qurban Məmmədov həmin sirri açıb ictimaiyyətə duyurmaq üçün brifinq keçirər.

1991-ci ildə Qurban Məmmədov Sabirabadda mühakimə olunanda İsa Qəmbər və Pənah Hüseyn onun ictimai vəkilləri olmuşdular, dəfələrlə onun məhkəməsinə gedib-gəlmiş, müdafiəsini təşkil etmişdilər. Cəmi bir ildən sonra Qurban Məmmədov ikisinə də düşmən kəsildi. 1995-ci ildə isə o, İsa Qəmbərin üstünə elə bir hücuma keçdi, onu elə bir şər-böhtana məruz qoydu ki, hamının əli üzündə qaldı.

Sonra yenidən yaxınlaşma... sonra yenidən uzaqlaşma...

Eşitdiyimə görə, o, indi hər kəsi pisləyir, qınayır, ittiham edir, çoxlarını "satqın”, "xəyanətkar” adlandırır. Bu yeni bir məsələ deyil ki. Qurban Məmmədov zatən həmişə elə olub. Hətta 1992-ci ilin mayında, hakimiyyətin AXC rəhbərliyinin əlinə yenicə düşdüyü bir dönəmdə də o, xalq qarşısındakı çıxışlarında öz cəbhədaşlarını, komanda yoldaşlarını ittiham etmək fürsətini əldən buraxmırdı.

Qurban Məmmədov savadlıdır, hüququ, tarixi, müasir siyasəti yaxşı bilir, saray ixtilaflarından, klan çəkişmələrindən də əla xəbərdardır. Təəssüf ki, o, bütün intellektini, beynindəki bütün məlumatları avantüralara sərf etməyə meyllidir. O, toparlayıcı deyil, dağıdıcı fiqurdur.

Onun intriqabazlığına gəlincə isə, ən yetərli söz "Allah göstərməsin” ola bilər. Qurban Məmmədovun olduğu, qatıldığı bütün birliklər iflasa, süquta məhkumdur. Başqa söhbət ola bilməz.

Bununla belə, uzun illərin təcrübəsi göstərir ki, bir adama rəğbət bəsləyərək onun ardınca gedən insanlara "bu yoldan çəkinin, uçuruma gedirsiniz” deməyin xeyri yoxdur, mütləq özləri yanılıncaya qədər gedəcəklər. Başqa sözlə, susuzluqdan yanan adama "bu dənizin suyu şordur” desən də eşitməyəcək, yalnız özü bir stəkan içəndən sonra suyun içməli olmadığı ilə razılaşacaq.

O üzdən Qurban Məmmədova inam bəsləyənlərə bundan artıq deyəcək söz yoxdur. İnanmaqda davam edin, amma umsuq olanda da dilə gətirin.

Ən pisi odur ki, bizim ölkənin fəal adamları 31 ildir özünə lider deyib irəli çıxanların hamısına növbə ilə inanırlar, çox zaman yanılırlar, amma yenə də inanmaq üçün başqa birini tapırlar. Görünür, bu da bizim taleyimizdir.

 

Oxşar xəbərlər