İqtidardakı kadr dəyişikliyinə müxalifət nə deyir - rəylər

  • 22 iyun 2019, 09:54

İyunun 20-də prezident İlham Əliyevin kadr islahatlarının davamı kimi bəzi yüksək dövlət postlarında etdiyi dəyişikliklər gündəmin əsas müzakirə mövzusuna çevrilib. Dövlət başçısının sərəncamı ilə daxili işlər naziri Ramil Usubov vəzifəsindən azad edilərək, Prezident yanında Təhlükəsiz Şurasının katibi təyin edildi. Onu DİN-in birinci müavini Vilayət Eyvazov əvəzlədi.

Ölkə başçısının digər sərəncamı Dövlət Təhlükəsizlik Xidməti (DTX) ilə bağlı oldu. Mədət Quliyev DTX-nin rəisi vəzifəsindən azad edilərək, müdafiə sənayesi naziri təyin edildi. Prezidentin digər sərəncamı ilə Əli Nağıyev Dövlət Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə gətirildi. 

Prezidentin qərarları cəmiyyət tərəfindən ciddi maraqla qarşılanıb. Vətəndaşlarımız prosesi həssasiyyətlə izləyir, imkanı olanlar, sosial şəbəkələrdə, ya da ictimai yerlərdə fikirlərini ifadə edirlər. Bəs maraqlıdır, hakimiyyətin rəqibi olan siyasi müxalifət bu dəyişikliklərə nə deyir?

Tural Abbaslı: "İstənilən halda yeniliklər olacaq”

AĞ Partiya başqanı Tural Abbaslı musavat.com müxbirinə deyib ki, hər bir halda, yeniliklərin olacağını düşünür:"Əslində ilk baxışda bu təyinatlar hansısa dəyişikliklər olacağı görüntüsünü yaratmır. Çünki demək olar ki, bütün yeni təyinatlar köhnə kadrlardır. İddialar var ki, burada yeni nəsə yoxdur, haradasa ilk baxışdan haqlı iddialar ola bilər. Amma harada kadr dəyişikliyi varsa, orada yenilik gözləntiləri də var. İstənilən halda yeniliklər olacaq. Əsas sual budur ki, bu yeniliklər müsbətə, yoxsa mənfiyə doğru olacaq? Ümid etmək istərdim ki, yeni təyin olunmuş nazirlər öz postlarında müsbətə doğru dəyişikliklər edəcəklər. Çünki bu sahələr çox strateji sahələrdir. Bu sahələrdə istənilən dəyişiklikləri cəmiyyət birbaşa gündəlik həyatında hiss edəcək. İstər DTX, istər DİN, istərsə də Müdafiə Sənayesi sayəsində kifayət qədər çatışmazlıqlar mövcuddur. Yuxarıda da qeyd etdiyim kimi, baxmayaraq ki, təyin olunmuş nazirlərin heç biri yeni kadrlar deyil, ancaq onlara da şans verməyin tərəfdarıyam. Onların hər birinin kifayət qədər təcrübəsi var, peşəkardırlar, uzun müddət yüksək dövlət orqanlarında çalışıblar, ən əsası, hakimiyyətə hər zaman sadiqlik nümayiş etdiriblər. İqtidar da belə kadrlarını daim dəyərləndirir. Əvvəlcədən, real işə başlamadan onları tərif, ya da tənqid etməyin tərəfdarı deyiləm. Zamanla sizli-bizli bu kadr dəyişikliklərinin nə dərəcədə uğurlu olub-olmadığını görəcəyik. Hələlik isə hər birinə uğurlar və xalqa, millətə, Azərbaycana layiqli xidmət göstərmələrini diləyirəm”.

Əli Əliyev: "Sistem mütəmadi təzələnməlidir”

VİP sədri Əli Əliyev bu dəyişikliklərdə iki məqsədin ola biləcəyini düşünür: "Bir məsələ düzdür ki, hər bir səlahiyyətli şəxsin öz komandasında dəyişiklik etmək hüququ var. Buna heç bir irad olmaz. Sistem mütəmadi təzələnməlidir. Burada 2 məqsəd ola bilər: vəziyyəti dəyişmək, ya da qorumaq. Dəyişim risklidir, amma zəruridir. Qorumaq, məqsədəmüvafiqdir, lakin perspektivsizdir. Fikrimcə, birinci variant seçilməli idi”.

İqbal Ağazadə: "Komandada dəyişiklik etmək prezidentin hüququdur”

Ümid Partiyasının sədri İqbal Ağazadə prezidentin öz səlahiyyətindən istifadə etdiyini qeyd etdi: "Bu, Azərbaycan Konstitusiyasının 109-cu maddəsi ilə prezidentin səlahiyyətində olan məsələdir. Hər bir prezident öz komandasında dəyişikliklər edə bilər. Kimə etibar edir, necə edir, kimi hansı vəzifəyə təyin edir, bu artıq prezidentin müstəsna səlahiyyətinə aid bir məsələdir. Mən şəxsən onun dartışılmasının tərəfdarı deyiləm. Müxalifət olaraq bizim mübarizənin əsas məqsədlərindən biri Azərbaycanda demokratik quruculuğa nail olmaq və hakimiyyətə gəlməkdir. Biz də hakimiyyətdə ola bilərik və o zaman komandamızı dəyişmək hüququmuz olacaq. Burada qeyri-adi bir şey görmürəm. Bunu sistem dəyişikliyi və yeni bir xətt kimi görmürəm. Prezident öz komandasında kadrlarını əvəzləyir, bu qədər sadə”.

Əli Orucov: "Sərəncamlar cəmiyyətdə çox ciddi rezonans doğurdu”

AMİP katibi Əli Orucov yeni kadrların üzərinə böyük vəzifələrinin düşdüyünü söylədi: "İlham Əliyevin kadr dəyişiklikləri ilə bağlı verdiyi sərəncamlar cəmiyyətdə çox ciddi rezonans doğurdu. Bu da təsadüfi deyil. Çünki bu təyinatlar dövlətin təhlükəsizlik strukturlarını əhatə edirdi. Eyni zamanda müdafiə xarakterli məsələlərdə məsuliyyət daşıyan qurumlara təyinatlar oldu. Hər halda, görünən odur ki, prezident öz kadrlarına etibar edir, onlarla prosesləri davam etdirmək niyyətindədir. Hələ ki bu təyinatlarla bağlı qəti fikir söyləmək olmaz. Vilayət Eyvazov uzun müddət daxili işlər orqanlarında təcrübə qazanmış bir şəxsdir. DTX rəisi vəzifəsinə gətirilən Əli Nağıyev də uzun müddət həmin qurumda yüksək vəzifələr daşıyıb. Mədət Quliyev də prezidentin uzun müddətdir təyin etdiyi vəzifələrin öhdəsindən gəlib. Burada əsas ciddi məsələlərdən biri də Ramil Usubovun Təhlükəsizlik Şurasının katibi vəzifəsinə gətirilməsi oldu. O, 25 ildən çox idi ki, daxili işlər naziri vəzifəsini tuturdu. Peşəkardır, prezidentə sədaqətinə şübhə ola bilməz. Ona görə də, hesab edirəm ki, o da katib olaraq vəzifəsinin öhdəsindən layiqincə gələcək. İstərdik ki, bu dəyişikliklər ölkədə yalnız kadr dəyişikliyi kimi yadda qalmasın. Hazırda ölkədə təkcə iqtidar-müxalifət münasibətləri deyil, cəmiyyət-dövlət münasibətləri də bir qədər fərqlidir. İnsanlar uzun müddət hakimiyyətdən, dövlətdən kənarda saxlanılıblar. Bu da daha çox etimadsızlıqdan irəli gəlib. Yeni kadrlar bu inamı yaratmalı, bu halı aradan qaldırmalıdırlar. Onların üzərinə böyük məsuliyyət düşür”.

Cavanşir ABBASLI,
"Yeni Müsavat”

Oxşar xəbərlər