Ankarada AXC-nin yaranmasının 101-ci ildönümü qeyd olunub

  • 14 iyun 2019, 19:03
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü və Xarici İşlər Nazirliyinin yaradılmasının 100 illiyi Ankarada təntənəli şəkildə qeyd olunub.”Report”un Türkiyə bürosunun xəbərinə görə, Azərbaycanın Ankaradakı səfirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Ankarada fəaliyyət göstərən müxtəlif ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərləri, səfir və konsulları, Türkiyənin Gənclik və İdman naziri Mehmet Muharrem Kasapoğlu, Sosial Xidmətlər və Ailə naziri Zehra Zümrüt Selcuk, hər iki ölkədən millət vəkilləri, siyasətçilər və ictimaiyyət nümayəndələri iştirak edib.
Mərasimdə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Səfir Xəzər İbrahim çıxışında 28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olaraq qurulan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixçəsindən danışıb, Azərbaycan və Türkiyə arasında tarixi keçmişlərə dayanan qadaşlıq və dostluq bağlarından söz açıb.
Səfir hər gün dünyada öz mövqeyini daha da gücləndirən Azərbaycan və Türkiyənin yaxın gələcəkdə dünyanın ulduzuna çevriləcəyini deyib. Tədbirdə çıxış edən Türkiyənin Gənclik və İdman naziri Mehmet Muharrem Kasapoğlu, Azərbaycanda Xalq Cümhuriyyətinin yaradılmasının türk dünyasının dövlətçilik tarixinin ən qürurlu səhifələrindən biri olduğunu bildirib. Nazir son illərdə hər iki ölkənin liderlərinin birgə səyləri nəticəsində Türkiyə və Azərbaycan arasında daha da möhkəmlənən dostluq, qardaşlıq əlaqələrinin böyük töhfələr verdiyini deyib.
Mərasimdə Azərbaycanın keçdiyi müstəqillik yolundan bəhs edən fotolar nümayiş etdirilib. Tədbirdə "Eurovision” təmsilçisi Elnur Hüseynovun Azərbaycan və türk musiqiləri və gənc muğam ifaçısı Elvin Məmmədlinin ifasında xalq musiqiləri səsləndirilib.
Oxşar xəbərlər