"AĞ PARTİYA" başqanı "Yeni Müsavat"-a MÜSAHİBƏ verdi

  • 16 may 2019, 16:58

Tural Abbaslı: "Şişirdilmiş "liderlərlə" nəyəsə nail olmaq mümkün deyil”

Azərbaycan müxalifətinin zaman-zaman şişirtdiyi, önə verdiyi şəxslərin sonda onları xəyal qırıqlığına uğratdığının zaman-zaman şahidi olmuşuq. 

6 il öncə demokratik düşərgə Rusiyada yaşayan kinodramaturq Rüstəm İbrahimbəyovu Milli Şura yaradaraq özünə lider seçdi və həmin ildəki prezident seçkilərində onun namizədliyini irəli sürdü. R.İbrahimbəyov nəinki ölkəyə gəlməyə cəsarət etmədi, hətta MŞ-nın fəxri sədri kimi passiv fəaliyyəti ilə müxalifəti məyus etdi. 

2013-cü ilin yanvarındakı İsmayıllı hadisələri ilə bağlı həbs edilən və ötən ilin avqustunda azadlığa çıxan REAL Partiyasının sədri İlqar Məmmədovla bağlı da oxşar səhnə yaşandı. Doğrudur, öncə gedən müxalif qurumların rəhbərləri ona lider gözü ilə baxmadılar. Lakin müxalif meylli insanların ona ciddi ümidləri yaranmışdı. REAL rəhbərinin azadlığa çıxdıqdan sonra müxalifətin şərhsiz liderinə çevriləcəyi, ciddi dəyişikliklər edə biləcəyi yönündə fikirlər səslənirdi. O nə etdi? Azadlığa çıxdıqdan dərhal sonra sosial şəbəkələrdə paylaşdığı statuslarla nüfuzuna ciddi zərbə endirdi, insanların düşündükləri İ.Məmmədov olmadığını qısa müddətdə özü sübut etdi. Burada da xəyal qırıqlığı yaşandı. 

Bu ilin əvvəllərindən etibarən isə, müxalif camiənin iki şəxslə bağlı məyusluğunu seyr etdik. Gənc bloger Mehman Hüseynova qarşı əlavə cinayət işinin açılmasından sonra müxalifət bir anda onu "ulduz” etdi. Hətta 19 yanvarda Milli Şura mitinq təyin etdi və aksiyanın əvvəlkilərə nisbətdə kütləvi alınmasının əsas səbəbkarı gənc bloger oldu. Lakin martın əvvəllərində azadlığa çıxan M.Hüseynovun davranışları demokratik düşərgəni növbəti dəfə düşüncələrə qərq etdi.

Bundan sonra isə müxalifətin ümid dolu gözləri sabiq səhiyyə naziri Əli İnsanova dikildi ki, o da mart əfvi ilə azadlığa çıxan kimi, həbsxananın önündəcə müxalif camiəyə dirsək göstərdi, onlarla birlik yox, yalnız əməkdaşlıq edə biləcəyini söylədi. Daha sonra isə elan etdi ki, partiya yaradacaq. Bununla müxalifətə səslənmiş oldu ki, gəlin mənim ətrafımda birləşin...

Bütün bunlar müxalifətin həbsdə olanlara, bəzən isə maliyyəsi yüksək olan şəxslərlə bağlı nə üçün ümidləndiyi barədə suallar yaradır. Demokratik düşərgənin vaxtı ilə hakimiyyətdə təmsil olunan, sonradan ya həbs edilən, ya da "vurulan” məmurlara da "qarmaq atdığının” az şahidi olmamışıq. 

AĞ Partiya başqanı Tural Abbaslı "Yeni Müsavat”a bildirdi ki, kimlərinsə olduğundan daha artıq şəkildə cəmiyyətə təqdim edilməsi göründüyü qədər də sadə və adi məsələ deyil: "Dünya siyasi səhnəsində artıq hamı tərəfindən bilinən, eyni zamanda, qəbul olunan bəzi siyasi metod və fəndlər var ki, təəssüflər olsun, bu hələlik Azərbaycan cəmiyyətinin böyük əksəriyyətinə yaddır. 

Burada söhbət reklam, təbliğat, ictimai fikri yönləndirmə, insanların şüur altına hesablanmış mesajların ötürülməsindən gedir. Bu metodlar vasitəsilə bəzi qüvvələr kimlərisə qısa müddətdə "qəhrəman", "siyasi mübariz", "əvəzolunmaz şəxs", "qorxmaz lider", "böyük ziyalı" kimi cəmiyyətə sırıyırlar. Sonra da bu "qəhrəmanlar" vasitəsilə lazımı dairələrə təsir edərək özlərinin siyasi, iqtisadi və digər maraqlarını təmin etməyə çalışırlar. Azərbaycan vətəndaşı kimi bu sahə üzrə təcrübəsiz və hazırlıqsız cəmiyyətlər də adətən belə tələlərə rahatlıqla düşürlər. Və özləri də bilmədən onlara şüur altı yeridilmiş "qəhrəmanlara" güvənərək onlara ümid bəsləyirlər. Adətən belə xüsusi metod və vasitələr sayəsində yaradılmış "qəhrəmanlar" həm şəxsi keyfiyyət, həm də siyasi iradə baxımından zəif insanlar olurlar. Odur ki, bir müddət sonra istər xalq, istərsə də, müxalifət xəyal qırıqlığı yaşayaraq yeni qəhrəmanların, xilaskarların axtarışına çıxır. Burada cəmiyyət diqqətli olmalı və hər onlara təqdim olunanı özü analiz etmədən qəbul etməməlidir. 

Belə gedişlərdən xarici qüvvələrin istifadə etdiyi kimi, bəzən bizim öz iqtidarımız da istifadə edir. Belə ki, heç bir siyasi perspektivi, bacarığı və siyasi səriştəsi olmayan bəzi siyasilərin süni şəkildə şişirdilməsində və xalqa təqdim olunmasında bilavasitə iştirak edir. Hər məqamda onu özünün əsas rəqibi və opponenti kimi göstərərək, guya yalnız ondan çəkindiyi görüntüsü yaradır. İnsanlarımız da təbii ki, hakimiyyət tərəfindən süni və saxta şəkildə "hücumlara" məruz qalmış həmin siyasini əsas müxalif lider kimi görür və ona əsaslandırılmamış, bir çox hallarda isə abartılmış ümidlər bəsləyir. Mübarizənin simvoluna çevrilmiş həmin şəxsin sonrakı iradəsizliyi, zəifliyi və bacarıqsızlığı isə xalqı yenidən ümidsizlik girdabına yuvarlayır. Beləliklə də, hakimiyyət "bizim yerimizə bumu gələcəkdi" tendensiyası ilə yenə məqsədinə çatmış olur. Odur ki, imkan vermək lazımdır ki, liderlər təbii şəraitdə öz bacarıqları və mübarizlikləri hesabına formalaşsın və prosesi aparsın. Yoxsa ki, belə saxta, süni şəkildə şişirdilmiş "liderlərlə" nəyəsə nail olmaq mümkün deyil. Təbii ki, bu proseslərdə müxalifətin də üzərinə bəzi öhdəliklər düşür. Müxalifət insanları bilgiləndirərək, belə tələlərə düşməməsinə çalışmalı, belə halların qarşısını almalı və bu hallar olarsa, onu açıq, aydın, məntiqli sübutlarla ifşa etməlidir. Müxalifət də daxili rəqabəti hesaba alaraq belə halların vüsət almasına göz yummamalıdır. Yoxsa nəticədə daim uduzan xalq olacaq, biz olacağıq”.

Cavanşir ABBASLI,
"Yeni Müsavat”

Oxşar xəbərlər