Xəbər lenti
Bütün xəbərlər

Brüssel zirvəsi başa çatdı – nəticələr...

  • 16 may 2019, 08:56

Avropa İttifaqının Bakıdakı səfiri: "Ümidvaram ki, bunu ən yaxın zamanda tamamlayacağıq, nə tempimizi, nə də istəyimizi azaltmayacağıq”

"Brüsseldə ikigünlük hadisələr marafonu - ”Şərq Tərəfdaşlığı" proqramının 10 illiyinə həsr olunmuş və dövlət başçılarının, əarici işlər nazirlərinin, vətəndaş cəmiyyətləri nümayəndələrinin və KİV-in iştirakı ilə keçirilən konfrans və görüşlər başa çatdı. İştirakçıların hamısı bir çox sahələrdə irəliləyişlər olduğunu deyiblər və biz bunu rəqəmlərdə də ifadə edə bilərik".

Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Kestutis Yankauskas "Şərq Tərəfdaşlığı”nın 10 illik yubileyi münasibətilə Brüsseldə keçirilən tədbirlərin yekunlarını şərh edərkən bildirib. "Əməkdaşlığımız nə qədər dərinləşərsə, bir o qədər çox yeni imkanlar və sahələr açılacaq və bu da gələcək işlərə daha yaxşı meyillənməyə yardım edir”, - səfir qeyd edib. (Report.az) Onun sözlərinə görə, "Şərq Tərəfdaşlığı” həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığa imkan yaradır: "Konfransın bağlanışında Avropa İttifaqının komissarı Yohannes Hannın qeyd etdiyi kimi, yaxın bir neçə il ərzində yəqin ki, daha çox ”Şərq Tərəfdaşlığı" ölkələrinin öz aralarında, o cümlədən ticarət və rəqəmsal iqtisadiyyat sahələrində əlaqələrdən daha çox istifadə etmələrinə diqqət yetirəcəyik. İmkanlar çoxdur". K.Yankauskas vurğulayıb ki, "Şərq Tərəfdaşlığı” proqramının 10 illiyi münasibətilə keçirilən yüksək səviyyəli konfrans uğurlu keçib və orada gələcək əməkdaşlıqla bağlı gənclər tərəfindən çoxlu təkliflər irəli sürülüb: "Əlbəttə, təhsil bizim prioritetimiz olaraq qalacaq”.

O diqqətə çatdırıb ki, Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlər həmçinin Prezident İlham Əliyevin Brüsseldə Avropa Şurasının sədri Donald Tusk ilə görüşündə də müzakirə olunub: "Yeni saziş, həmçinin aviasiya sazişi üzrə hələ qalmış işlər müzakirə edilib. İşi davam etdirməliyik. Ümidvaram ki, bunu ən yaxın zamanda tamamlayacağıq, nə tempimizi, nə də istəyimizi azaltmayacağıq. Çünki onlar (sazişlər-red.) yeni imkanlar açacaq”.

Qeyd edək ki, Brüsselə iki günlük səfəri çərçivəsində Prezident İlham Əliyev mayın 14-də Brüsseldə ölkəmizin Belçika Krallığındakı səfirliyinin yeni binasının açılışında iştirak edib. Brüsselin Tervuren prospektində yerləşən bina 2014-cü ildə Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi tərəfindən alınıb, daxili əsaslı təmir edilib, fasadı isə yenilənib. Bina Avropa təsisatlarına çox yaxın məsafədə, Parmentier parkının yaxınlığında, çoxsaylı diplomatik missiyaların yerləşdiyi prospektdədir. Azərbaycan Prezidenti binanın rəmzi açılışını bildirən lenti kəsib.

"Azərbaycan Avropa İttifaqına üzv ölkələrlə sıx əlaqələrə malikdir. Belə ki, Azərbaycanın Avropa İttifaqının üzvü olan doqquz ölkə ilə əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır”. Bu fikirləri prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun adından "Şərq Tərəfdaşlığı” ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə verilən şam yeməyindəkı çıxışında deyib. Ölkə başçısı qeyd edib ki, Azərbaycan "Şərq Tərəfdaşlığı” proqramında iştirak edən fəal ölkələrdən biridir. Azərbaycan Prezidenti «Şərq Tərəfdaşlığı» proqramının iştirakçısı olan Ermənistan və Azərbaycan arasında münaqişənin öz həllini tapmamasını təəssüflə qeyd edib. Dövlət başçısı torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini vurğulayaraq bildirib ki, 25 ildən çoxdur bu münaqişə davam edir. Prezident qeyd edib ki, bu münaqişə yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmalıdır.

O xatırladıb ki, ötən il Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında paraflanmış "Tərəfdaşlıq prioritetləri” sənədində də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini vurğulayan dövlətimizin başçısı bildirdi ki, ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələrində hasilatçı, tranzit və istehlakçı ölkələrin maraqları onların əməkdaşlığı çərçivəsində birgə şəkildə qorunur. Dövlətimizin başçısı Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizinin reallaşdırılmasında mühüm rol oynadığını qeyd edərək ölkəmizin Avropa İttifaqı ilə nəqliyyat sahəsində də uğurla əməkdaşlıq etdiyini bildirib.

 

"Şərq Tərəfdaşlığı”nın 10 illiyinə həsr edilən sammitdə iştirak edən liderlərin fotosu gülüş doğurub. Axar.az  xəbər verir ki, gülüşə səbəb Ermənistanın baş naziri Nikol Paşinyanın fotodakı yeri olub. Belə ki, "Şərq Tərəfdaşlığı” və AB liderlərinin birgə çəkdirdiyi xatirə fotosunda Ukrayna prezidenti Pyotr Poroşenkonun arxasında dayanan Paşinyan görünməyib. Foto Avropa Birliyinə aid rəsmi saytlardan birində yerləşdirildikdən dərhal sonra Ermənistan tərəfinin kəskin etirazına səbəb olub. Etirazlardan sonra foto saytdan silinib. Ermənistanın "Past” qəzeti Paşinyanla bağlı belə fotonun qəsdən çəkildiyini və yayımlandığını iddia edib. Qəzet AB-nin bununla Paşinyanın Brüsseldəki siyasi tədbirlərdə iştirak etməməsinə reaksiya verdiyini bildirib. AB-nin mesajının Paşinyana yox, birbaşa Ermənistan dövlətinə və onun xarici siyasətinə ünvanlandığı vurğulanıb.

Brüssel bəyannaməsində ərazi bütövlüyü prinsipinin əksini tapmaması bəzi narahatlıqlar doğurub. Rəsmi Bakı Azərbaycanın veto qoyduğu sənədlə bağlı artıq açıqlama yaysa da, ajiotaj səngimir.

"Brüsseldə ”Şərq Tərəfdaşlığı" proqramının 10 illiyi ilə bağlı keçirilən yubiley toplantısının bəyannaməsində ərazi bütövlüyü və digər bu kimi amillərin xüsusi vurğulanmaması son nəticədə sənədin statusunu aşağı saldı və bəyannamə sadəcə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini tərəfindən imzalandı. Bu isə o deməkdir ki, bəyannamə zirvə görüşü iştirakçılarının deyil, Mogerininin mövqeyini ifadə edir".

Politoloq Elçin Mirzəbəyli bu fikirləri "Yeni Müsavat”a açıqlamasında bildirdi. Ərazi bütövlüyü ilə bağlı fikirlərə gəldikdə, ekspert qeyd etdi ki, Federiko Mogerininin imzaladığı sənədin özündə də Avropa İttifaqının müvafiq qurumları, həmçinin "Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində qəbul edilən sənədlərə istinad edilir: "Bu da öz növbəsində dolayısı ilə ərazi bütövlüyü amilinin dəstəklənməsi anlamına gəlir. Azərbaycanla Avropa İttifaqı arasında imzalanması nəzərdə tutulan sazişə gəldikdə isə bu sənəddə ərazi bütövlüyü ilə bağlı məsələnin konkret ifadə olunmuş bir formada yer alacağı şübhə doğurmamalıdır. Çünki ötən il, Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında paraflanmış ”Tərəfdaşlıq prioritetləri" sənədində də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub. "Tərəfdaşlıq prioritetləri” sənədi isə sazişin baza hissəsini təşkil edəcək".

"Yeni Müsavat”

Oxşar xəbərlər