Rusiyadakı səfirliyimizi kim və niyə “yandırdı”

  • 08 may 2019, 08:50

Fəzail Ağamalı: "Görünən budur ki, bizə təhdidlər, təzyiqlər var”; Hikmət Hacızadə: "Xəbərin Avropa İttifaqı ilə bağlanacaq sazişlə əlaqəsi yoxdur”

Mayın 6-da Azərbaycanın Rusiyadakı səfirliyində yanğın baş verməsi barədə yayılan xəbərlər ölkəmizdə də ciddi narahatlıqla qarşılandı. Doğrudur, qısa zamanda səfir Polad Bülbüloğlu təkzibedici açıqlamalarla çıxış edərək, məlumatın dezinformasiya olduğunu bildirdi.

Amma bu da narahatlığı aradan qaldırmadı. Belə ki, Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə imzalayacağı strateji əməkdaşlıq sazişi öncəsi bu cür dezinformasiyaların yayılmasının təxribat olduğu barədə ehtimallar səsləndi. Mayın 13-də Brüssel sammitində rəsmi Bakının bu sazişə imza atacağı bildirilir. Bu tarixə günlər qalanda belə həyəcan doğuran yalan məlumatın gündəmə atılmasının təsadüf olmadığı vurğulanır.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bu yöndə olan ehtimalları əsaslı sayır: "Cənubu Qafqaz ölkələrinin, xüsusilə Azərbaycanın Avropa İttifaqı, Avropa Atlantik məkanı ilə yaxınlaşması, münasibətlərini daha yüksək səviyyədə qurması prosesinə Rusiya çox qısqanclıqla yanaşır. Ən müxtəlif üsullarla buna mane olmağa səy göstərir. Bunu Gürcüstanın timsalında görmüşük. Ermənistan da bu addımları atanda hansı təzyiqlərlə üzləşdiyini yaxşı xatırlayırıq. Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətləri daha da yüksək səviyyəyə qaldıracaq sazişin imzalanması Rusiya tərəfindən xoş qarşılanmır. Xatırlayırsınızsa, bir müddət bundan öncə ölkədə kifayət qədər hörmət sahibi olan, Milli Məclisin sədri Oqtay Əsədovla bağlı dezinformasiyalar yayıldı. İndi də bu cür dezinformasiyalar müxtəlif formalarda gündəmə gətirilir - baxmayaraq ki, Ermənistanın baş naziri ilə cənab prezident arasında gedən danışıqlarda atəşkəs rejiminə əməl olunması ilə bağlı əldə olunan razılıqlar artıq Ermənistanda Rusiyaya bağlı olan Dağlıq Qarabağın separatçı qüvvələri tərəfindən tez-tez pozulur. Görünən odur ki, bizə təhdidlər, təzyiqlər var. Bunlar hansısa formada, şəkildə baş verir. Mənim üçün bunun Rusiyanın dövlət siyasəti, yaxud bu ölkədə hansısa qüvvələr tərəfindən təxribat xarakterli addımlar olduğunu demək çətindir. Bunun üçün ciddi araşdırmalara, faktlara ehtiyac var. Bu baxımdan onu demək istərdim ki, hansı tərəfdən olmağından asılı olmayaraq, hər halda, yaxşı hal deyil. Bu cür dezinformasiyalar, xoşagəlməz vəziyyət həm də Rusiya ilə Azərbaycan arasındakı yüksək münasibətlərə, əməkdaşlığımızın mahiyyətinə ziddir. Mənə elə gəlir ki, bu, Moskva tərəfindən nəzərə alınmalıdır. Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin dirçəlməsi, əlaqələrimizin güclənməsi birmənalı şəkildə deyərdim ki, Rusiyanın maraqlarına zərbə vurmur, ona problem yaratmır, onun dövlətçiliyi üçün hər hansı bir təhlükə ortalığa qoymur. Azərbaycan müstəqil dövlətdir. Necə ki, Rusiya istənilən dövlətlə, birliklə münasibətlərini qurmaqda sərbəstdir, eləcə də Azərbaycan belədir. Buna uyğun şəkildə addımlarımızı atırıq. Bunun Rusiyaya heç bir təhlükə olmadığını oradakı qüvvələr anlamalıdırlar. Çox arzu edərdim ki, bu və ya buna bənzər təhdidlər, dezinformasiyalar davamlı olmasın. Heç şübhəsiz ki, çox ehtiyatlı olmalıyıq. Diplomatik korpusumuz Rusiya ilə işləməkdə davam etməlidir. Bu cür dezinformasiyalara hər an hazır olmalı, bunun dərhal aradan qaldırılmasına nail olmalıyıq. Çalışmalıyıq ki, bu və ya buna bənzər hərəkətlər ümumi maraqlarımıza ziyan verə biləcək səviyyə qalxmasın”.

Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadə hesab edir ki, Moskvadakı səfirliyimizin binasında yanğının baş verməsi ilə bağlı yayılan dezinformasiyanın Aİ ilə bağlanacaq sazişlə heç bir əlaqəsi yoxdur: "Açığı, burada heç bir əlaqə görmürəm. Siz deyən sazişdə Rusiyaya qarşı olan bütün hissələr yığışdırılıb. Həmin hal Ermənistanla saziş bağlananda da olmuşdu. Ermənilər saziş üçün danışıqlar aparırdılar. Rusiya təpinəndən sonra Kremlə xoş gəlməyən hissələr sazişdən yığışdırıldı. Bizim sazişdə də bunlar olmadığı üçün Rusiya o qədər də təzyiq etmir. Açığı, bu sazişin bizim üçün o qədər də strateji böyüklüyü yoxdur. Sazişin mahiyyəti ilə hələ ki tanış deyilik”.

Cavanşir ABBASLI,
"Yeni Müsavat”

Oxşar xəbərlər