AXH-ni parçalamaq istəyən Milli Şuradır? - Açıqlama

  • 16 apr 2019, 21:34

"Milli Şura Azərbaycan Xalq Hərəkatına qarşı müəyyən təxribatlar edir, bir neçə şəxsi qurumun içinə salmaqla söz-söhbət salmaq istəyir”. Bunu AXH İdarə Heyətinin üzvü, İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslı dünənki iclasda çıxışı zamanı demişdi.

Məsələnin təfərrüatlarını öyrənmək üçün "Yeni Sabah” Hacı Tahir Abbaslı ilə əlaqə yaradıb. O saytın əməkdaşına açıqlamasında bildirib ki, Azərbaycan Xalq Hərəkatının son iclasında belə yanlış fikir səsləndirdiyinə görə təəssüflənir:

"Bütövlükdə xalqımızdan üzr istəyib və MŞ-dan da haqlarını halal etməklərini xahiş edirəm. Səbəb isə bir neçə mənbədən aldığım məlumatın özünü təsdiqləməməsidir. O mənada ki, MŞ-nın rəhbərlik səviyyəsində belə qərar vermədiyi və bu fikirlərin qəsdən pozuculuq və qarşıdurma yaratmaq niyyətli olduğu məlum oldu. Yəni AXH-yə qoşulub sonradan nüfuzuna xələl gətirmək istəyənlər haqda bizə gizlində məlumat vermişdilər. Mən də özümə borc bildim ki, AXH idarə heyətini xəbərdar edim. Qeyd edim ki, MŞ  ilə bizim İslam Demokrat Partiyası arasında heç vaxt konfilikt olmayıb. Və onların fəaliyyətilərinə kölgə salmaq və ya aşağılamaq fikirində deyilik. Buna heç haqqımız da yoxdur. Əksinə ötən 10 illiklər iqtidarın apardığı yanlış, qərəzli siyasətlərinin qarşısında ciddi müqavimət və dirəniş göstərdikləri üçün yüzlərlə üzvləri təqib, təzyiq, ehtiyac içində və həbsxana həyatı yaşayıblar. Düzdür, bizim MŞ-da təmsil olunmaq istəyimiz illər öncə olsa da, alınmadı. Bu illər ərzində MŞ -nı ancaq uzaqdan izləməli olmuşuq deyə, umacaqlarımız və nigarançılıqlarımız da özünü fikirlərimdə biruzə verib”.

T.Abbaslı AXH-nin parçalanma iddialarından da danışıb:

"AXH-yə üz tutmuş insanların hədəf və məramları bir arada olmaqla milli demokratik qüvvələrin hakimiyyətə gəlməsini təmin etməkdir. Bu arada ideyaları təmsil edən şəxsiyyətlər AXH idarə heyətindədirlər deyə, bəzən fikir ayrılıqları  və şəxsi zəmində ittihamlara rast gəlinir, bu da parçalanma görüntüsü yaradır. Amma bu görüntülər son deyil və ehtimal var ki, yenə də olacaq. Buna baxmayaraq belə hallar təşkilatın fəaliyyətinə mane olmayacaq. İnsanlarda inam yaratmaq  lazımdır. Yanlış fikir və dağıdıcılığa səbəb olan hər bir maneə zamanında aradan götürüləcək. Hazırda Azərbaycan Xalq Hərəkatına güclü inam və axın olduğuna görə, öz fəaliyyətimizi daha da gücləndircəyik”.

Oxşar xəbərlər