Xəbər lenti
Bütün xəbərlər

"Qarbağdakı rejim quldurlar tərəfindən idarə olunur"(VİDEO)

  • 03 fev 2015, 18:55

İşğal olunmuş Laçın rayonunda ermənilər arasında toqquşma olub.



ANS TV-nin məlumatına görə, Azərbaycanın işğal olunmuş Laçın rayonunda İrəvandan olan ermənilərlə Qarabağda yaşayan ermənilər arasında baş verən qarşıdurmada 20-dək şəxs, o cümlədən 3 jurnalist xəsarət alıb.

Yaralananlar arasında azyaşlılar da var. Təsis parlamenti təşkilatının İrəvandan Qarabağa yollanan avtomobil karvanı Laçın sərhədində polis tərəfindən saxlanılıb. Xüsusi təyinatlı dəstələr, polis qüvvələri və mülki geyimlilər, maskalı şəxslər dəyənəklərlə avtomaşınlara hücum edərək yürüş iştirakçılarını geri qayıtmağa məcbur ediblər.

Toqquşma zamanı 15 minik avtomobilinin şüşələri qırılıb, maşınlar əzilib. Hadisəni lentə alan 3 operatorun kamerası sındırılıb. İnsident zamanı Ermənistan bayraqları cırılıb. Yürüşdə qırxa yaxın minik avtomobili ilə 160-a yaxın erməni iştirak edib. Hərəkatın üzvləri bildirib ki, biz geri qayıtmaq istəyirdik, lakin, görünür onlara avtomaşınları əzmək, insanları döymək əmri verilmişdi. Yüksəklikdən bizi avtomatla silahlanmış dəstə izləyirdi. Onlar havaya atəş açırdılar.

İnsidentə etiraz olaraq İrəvanın mərkəzində yeni aksiyaların keçirilməsi barədə qərar verilib. Hadisəyə görə Ermənistan rəhbərliyi, prezident Sarkisyan günahlandırılıb. İrəvandan gələn ermənilərlə Dağlıq Qarabağda yaşayan ermənilərin toqquşması onsuz da bir birini bəyənməyən iki klanın ciddi fikir ayrılığından xəbər verir. Avtoyürüş bir qrup şəxs tərəfindən qondarma soyqrımın 100 illiyini rejimsiz qarşılamaq şüarı altında keçirilmişdi. İnsidentə görə, bir neçə erməni Qarabağ döyüşçüsü ordenini Ermənistan hökumətinə geri qaytarıb.

Hərbçinin bu davranışı Qarabağ ermənilərinin gələcəklərini rəsmi İrəvanla görmədiklərinin əyani sübutudur. Ermənistan təşviqat avtokarvanının işğal olunuş Dağlıq Qarabağ sərhədində hücuma məruz qalması Ermənistan müxalif partiyaları tərəfindən də tənqid olunub. Onlar Qarbağdakı rejimin quldurlar tərəfindən idarə olunduğunu söyləyiblər. Qarşıdurmaya görə, hakimiyyət özünə bəraət qazandırıb. Bildirilib ki, təşviqat avtoyürüşü "Dağlıq Qarabağda geniş ictimai dairələrdə mənfi reaksiya doğurub və əhalinin əksər hissəsi yürüş iştirakçılarının Qarabağa daxil olmasının qarşısını almaq qərarına gəlib. İnsident qaçılmaz olub.

Beləliklə, Ermənistanda hakmiyyətin düzgün idarə olunmaması ölkənin onsuz da baş bəlası olan Dağlıq Qarabağ problemini nəzarətsiz buraxıb. Belə olmasaydı əli silahlı Qarbağ erməniləri, İrəvandan gələnləri əzişdirməzdilər.

 

 

Demokratik.Az