Xəbər lenti
Bütün xəbərlər

İslahatlar PROJESİ bədnam və antimilli məmurları da LİKVİDASİYA edəcəkmi?!

  • 18 mar 2019, 23:16

Prezident İlham Əliyevin iradəsinə uyğun olaraq Azərbaycanda sürətlə start götürən hərtərəfli "islahatlar paketi" olduqca xoş təsir bağışlayır. Xalqın böyük kəsimi ard-arda verilən əməli sərəncam və qərarları sevinclə qarşılayır, hər bir vətəndaşın narahat zehnində milli sabaha yeni ümidləri doğulur.

İllərdir ki, üzlərdə sezilən kədər, niskil, etiraz cizgiləri ilk dəfədir ki, yerini xoşmüjdəli Novruz bayramına gülərüz təslim edir. Bu yeni il islahatları "YENİ GÜN" - Novruz havası kimi xalqın çətin dolanışığına az da olsa ilıqlıq gətirir...

Prezident İlham Əliyev cari il fevralın sonunda imzaladığı arzuolunan fərmanı ilə 3 milyondan artıq vətəndaş problemli kreditlərini dollar "şişkinliyindən" xilas etdi.

Prezident "İşsizin Dostu" layihəsilə regionda minlərlə işsiz insana heç olmazsa minimum əməkhaqqı şəraiti yaratdı. Ehtiyac meyarı yüksəldi, sosial müavinətlər və bəzi aşağı maaşlar artırıldı, sosial rifah naminə oxşar maddi təminat yüksəlişinə cəhdlər hiss olundu...

Təbii ki, hələ bunlar yetər deyil, amma durana bənzəməyən başlanğıcdır və mövcud iqtidarın xalqına ifadə etdiyi ən təqdirəlayiq iqtisadi-sosial və demokratik açılımdır.

Əliyev iqtidarının apardığı bu islahatların ən inqilabi siyasi gedişatı isə dünən azadlığına qovuşan siyasiləşmiş 49 məhbusun ƏFV edilməsidir.

 

Bu da sadə bayram ƏFVi deyildi, prezidentin illərdir görünməyən və gözlənilməyən miqyasda siyasi jest idi. İlham Əliyevin bu ƏFVi bütün siyasi opponentlərinə insani münasibətinin, həmrəyliklə barışa səsləyişin böyük mərhələsi idi. Bunların əksini düşünüb iddia etmək məncə, qərəz olardı. Azman müxalif liderlər də artıq bu siyasi olayı açıqlamalarında aşkar təqdir etməklə yanaşı, iqtidar birincisinin çağırışını layiqincə dəyərləndirəcəkləri və hakimiyyət uğrunda daha sağlam demokratik mübarizə aparacaqları gözləniləndir...

Bütün bunların doğal axını hər kəs kimi məni də sevindirir. Amma, islahatların daha perspektivli və uğurlu nəticəsinin təminatı üçün Azərbaycana yoluxmuş bəzi xain, ikiüzlü, antimilli məmurlar da islah olunmalıdır. Dövlətə və millətə qarşı potensial təhlükəyə çevrilən məmurlar təcili likvidasiya olunmalıdır.

Şər kateqoriyalı məmurlar dövlət büdcəsini sovurmaqla, məsul olduqları vəzifədə vətəndaşlardan bac-xərac toplamaqla Azərbaycan adına ziyan vurmaqla uzun illərdir ki, boy göstərir. Onları genişmiqyaslı İSLAHATLAR cəzalandırmalıdır, yoxsa, bu ölkənin parlaq gələcəyi, iqtisadi- sosial siyasi inkişafı hansısa təqdirəlayiq ön islahatlarla təmin edilə bilməyəcək.

Siyasi dildə "5-ci kalon" adlandırılan iç düşmənlərin hər cür hoqqaları bütün dünya ölkələrində xalqların və dövlətin ümdə maraqlarını ayaqlar altına alır. Dövlət-hakimiyyət-vətəndaş həmrəyliyini süni qaydada pozur, ölkələrdə xaos, özbaşınalığa meyilləri artır. Bu bizim ölkəmizdə də eyni sujet xəttini izləyir.

Bizdə də məmur olub varlananların əksəriyyəti qudurğan imicində at oynadır. Rüşvətxor büdcə talançıları kiçik-böyük vəzifə fərqinə varmadan torətdikləri əməllərlə yoxsul, aztəminatlı ailələrimizi lap dilənçi halına düşürüblər. Ona görədir ki, ölkəmizin strateji nazirlikləri - təhsil, mədəniyyət, səhiyyə, iqtisadiyyat, kənd təsərrüfatı və digər bütün sahələr yerində - geriyə saymağa davam edir. Bu hal islahatlar aparan iqtidarımızı da hər kəs qədər düşündürməli durumdur.

Zərərli oliqarxik meyilli məmur ordusu əgər öz iti pul tamahını gücləndirərək görünən hər şeyi inhisarda, korrupsiyada boğmağa məhkum edirsə, buna dözümə son qoymalıyıq. Birdəfəlik ölkəmizi, millətimizi və dövlətimizi sümürən məmur təfəkküründən xilas etməliyik.

Dövlətin ən yetkili babaları ölkəmizdəki bütün üzdəniraq və məsuliyyətsiz məmurları planlı və sərt şəkildə cəzalandırmağa qərar verməlidir. Pulları haram - rüşvət və korrupsiya yolları ilə qəsb edənlərin var-dövləti əlindən alınıb büdcəyə qoyulmalıdır. Deyən olsa ki, kapitalizmdə yaşayırıq, əbəsdir, çünki bu bir istək də deyil, mövcud islahatların məcburi qaçılmazıdır. Ona görə ki, daha da demokratikləşdirməyə çalışdığımız cəmiyyətimizə iştahası yekə olan harın çinovnikləri iqtidar deyil, məhz kapitalizm soxuşdurur. Demokratiya uğrunda savaşan hər kəs bunu bilməmiş deyil, yəqin.

Sovet dönəmində yaşamış insanlar elə-belə demirlər ki, sosializm (kommunizm) sistemi hazırki kapitalizmdən yaxşı idi. Bu nəzəri yanaşmanı SSRİ varlığında AKPMK-da çalışmış, indi isə Azərbaycanda ən iri ranqlı məmura çevrilmiş qoca çinovniklərimiz də asanca təsdiqləyə bilərdi. Lakin, onlar artıq adi kommunist kimi düşünə bilmir, kapitalist milyonçulara çevrilmişlər kasıb əsabələrinin dediyinin tam əksini "sübuta" məhkumdurlar. Bunun tutarlı, başadüşülən niyəsi var. Dünyəvi kapitalist sistem, topdağıtmaz pul-qızıl xəstəliyi!!!

Marksizm və Leninizm nəzəriyyəsi çılpaqlığı ilə hamıya bunu çatdırırdı: " Sosializm bir yağışdır ki, hamıya yağır, kapitalizm isə küləkdir, zəifləri mütləq yıxacaq!"...

İndi siz özünüz bir düşünün, mövcud sosial bərabərsizliyin yaratdığı varlılar və kasıblar, maddi resursların parçaladığı həmrəylik, cəmiyyətə hopan cəngəllik qanunları sizcə də zamanın ən acı siyasi faciəsi deyilmi? Pul uğrunda öz doğma milləti ilə savaş aparmağa razı olan məmurlarla hansı ideal cəmiyyəti, hansı demokratiyanı qura bilərik?! Bu səbəblərə, Azərbaycanda korrupsiya və rüşvətxor, cəmiyyəti özündən təcrid edən harın məmurlara qarşı İSLAHAT zəruriliyi var!...

Ən dərin, zəngin kapitalist düşüncəli qərb dövlətləri də müasir kapitalizmə - demokratiyaya insanları idarə edən fərdlərin islahı ilə nail olub. Yoxsul durumdan çıxış yolu xalqın sosial rifahının ən minimum həddə qədər yaxşılaşdırılması ilə yalnız qismən və müvəqqəti həll edilə bilər. Kasıblar üçün normal maaşlı iş yerləri açıla bilər, sosial yardımlarla zaman udmaq olar. Amma, bütün hallarda dayanıqlı və qalıcı islahat məmurların vicdan, ləyaqət, ədalət kapitalından daha çox asılıdır. Ölkədə pulu və MƏNi sevən məmurlar yox, vətənpərvər və millətsevər məmur şüuru formalaşdırılmalıdır. Məmur sinfi öz cəmiyyətinə daha rasional, işgüzar faydalılığı qazandırmalıdır. Bunun üçün kütləvi məmur islahatı vacibdir...

Ümid edək ki, prezidentinə xəyanətlə, mövcud qanunların aliliyinə təcavüzlə, eləcə də ictimai maraqlara hörmətsizliklə hamını bezdirən bütün məmurlar üçün İSLAHAT qamçısı tezliklə işə düşəcək.

HAKİMİYYƏTİN İSLAHATLAR PROJESİ MƏMURLARA QARŞI DA İŞƏ DÜŞƏRSƏ, BƏDNAM, RÜŞVƏTXOR VƏ ANTİMİLLİ MƏMURLARI MÜTLƏQ SÜRƏTDƏ LİKVİDASİYA GÖZLƏYİR...

Osman Nərimanoğlu

Demokratik.Az

Oxşar xəbərlər