Qarabağ Komitəsi Akif Nağısız qalıb - QAT sədrinin 2 şərti var...

  • 02 mar, 22:56
  • baxış sayı: 253

Pənah Hüseyn: "Akif Nağı bir müddətdir komitənin fəaliyyətində faktiki iştirak etmir”; Akif Nağı:"Gözləmə mövqeyindəyəm, əgər...”

Qarabağ Azadlıq Təşkilatının(QAT) sədri Akif Nağının Qarabağ Komitəsində təmsil olunub-olunmaması bir müddətdir müzakirə olunur. Komitənin iclaslarına qatılmayan A.Nağının qurumdan istefa verib-verməməsi də sual doğuran məqamlardandır.

Musavat.com xəbər verir ki, bu mövzu ilə bağlı Qarabağ Komitəsinin üzvü, Azərbaycan Xalq Partiysının (AXP) sədri Pənah Hüseyn sosial şəbəkədəki statusunda yazıb. Sözügedən statusu təqdim edirik: "Dostların çoxsaylı suallarına cavab olaraq: Akif bəy Nağı artıq bir müddətdir, (QK iclaslarının KXCP qərargahına keçrilməsindən sonra) Qarabağ Komitəsinin fəaliyyətində faktiki iştirak etmir. 

P. S. QK dönəm sədri Mirmahmud Mirəlioğlu və QK İntizam Komissiyası Akif bəyin QK- də fəaliyyətini davam etdirib - etdirməməsi barədə onunla görüşüb növbəti ümumi toplantıda Komitəyə məlumat verməlidir".

Musavat.com A.Nağıya bununla bağlı müraciət edib. A.Nağı bildirib ki, bir neçə dəfədir Qarabağ Komitəsinin toplantılarına qatılmadığı doğrudur və burada bir neçə səbəb var. Müsahibimiz xatırlatdı ki, artıq 20 günə yaxındır komitənin toplantıları Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında keçirilir: "Mən o zaman da demişəm ki, bu toplantlıarın hansısa partiyanın qərargahında keçirilməsi doğru deyil və bu, onun siyasi yönü, həmin partiyaya yaxın olması ilə bağlı rəy yaradacaq. Neytral bölgədə, Qarabağ Azadlıq Təşkilatının qərargahında keçirilməsi ən doğru addımdır. İndiyə qədər də bu toplantıların niyə KXCP-də keçirilməsinin sualını cavablandırmayıblar. Daha çox deyilir ki, guya bizim qərargah darısqaldır. Amma KXCP-nin qərargahı da eyni ölçüdədir... Mənin prinsipial mövqeyim budur ki, intriqalarda iştirak etməyim. İkinci Qarabağ Komitəsi yarananda dedim ki, bunların arasındakı intriqada iştirak etməyəcəm. Bizim komitədə də yaranan intriqalarda iştirak etmək istəmirəm. Ortada iş əvəzinə intriqa var. Kim hara işləyir, kim kimə nə dedi? Qarşılıqlı ittihamlar var ortada. Belə mühitdə olmaq istəmirəm”.

A.Nağı bildirdi ki, hələlik Qarabağ Komitəsindən istişefs verməyib və istefa vermək fikri də yoxdur. Amma o, komitənin qərarı ilə oradan çıxarıla biləcəyini də istisna etmir: "Məni komitədən də çıxara bilərlər. Mirmahmud bəy heyətlə gəlmişdi. Orda da demişdim. Bildirmişəm ki, bu məsələnin kökündə iş əvəzinə intriqaların olması dayanır. Hələlik gözləmə mövqeyindəyəm. Komitənin rəsmi qərarı yoxdur. Əgər məni çıxarmaqla bağlı qərar qəbul edərlərsə, bu da qərardır. Amma yenidən toplantıları Qarabağ Azadlıq Təşkilatının ofisində keçirsələr və qarşılıqlı ittihamlardan əl çəksələr, komitədə fəaliyyətimi davam edə bilərəm. Mən qərar verməyəcəm. Onlardan cavab gözləyirəm. Onlar desə ki, qayıdıb QAT-ın qərargahında toplantıları keçiririk və intriqaları kənara qoyuruq, o zaman orda iştiraka davam edəcəm”.

Oxşar xəbərlər