Əhəd Məmmədli Paşinyanın Tehran selfisindən yazdı

  • 01 mart 2019, 00:51
Xocalı soyqırımının növbəti il dönəmində İran erməni baş nazirini qəbul etdi. Son dönəmlər Rusiya-İran-Ermənistan üçlüyünün Azərbaycanın üstünə gəlməsi müşahidə olunur. Bütün bunları təsadüfi saymıram. Bunları Azərbaycanın xarici siyasətdə Türkiyə, Avropa Birliyi, ABŞ istiqamətində seçim etməsi ilə əlaqələndirirəm. Bütün bunların davamı kimi məhz Xocalı soyqırımının ildönümündə Ruhaninin Paşinyanı təmtəraqla qəbul etməsinin siyasi tərəfini bir kənara qoyuram. Mənəvi cəhətdən özünü islam Respublikası, şiəliyin dayağı sayan İranın şiələrin çoxluğu olan Azərbaycana qarşı böyük tərbiyəsizliyidir ! Tehran bu hərəkəti ilə böyük səhv etdi. Ola bilsin ki, bu səhvlərini hələ dərk etmirlər, amma dərk edəcəklər... Paşinyanın Tehranda erməni icması ilə görüşündə erməni dilində "Qarabağ Ermənistanındır, son" sloqanını" rəsmi Tehranın xəbəri və icazəsi olmadan səsləndirmək mümkün olmazdı. Bu artıq qısa müddətdə şiə İranın şiə çoxluğu olan Azərbaycana qarşı növbəti sayğısızlığı, düşmənçiliyidir. XİN təcili olaraq İran səfirini çağırıb izahat tələb etməlidir.

İran Avrasiya İttifaqına üzv olmaq istəyini bildirib. Belə olan təqdirdə Azərbaycan düşmən, dost olmayan Rusiya-İran-Ermənistan ittifaqı ilə əhatəyə alınacaq. Artıq Türkiyə-Azərbaycan siyasi-hərbi müttəfiqliyi zərurətdir. Azərbaycan şimal-cənub-qərb sərhədlərinin təhlükəsizliyini qorumaq naminə Naxçıvan MR və Abşeron yarımadasında Türkiyə hərbi bazalarını qurub şimal, cənub sərhədlərimizin qorunması, gücləndirilməsi üçün Azərbaycan və Türkiyə hərbi qulluqçuları bir yerdə qorumalıdır. Unutmayaq ki, təbii müttəfiqimiz Türkiyə dünyanın ən güclü siyasi-hərbi alyansının aparıcı üzvlərindəndir. Bu qərarı ilə həm də Azərbaycan özünü NATO çətiri ilə qoruyacaq.2019-cu il Azərbaycan üçün Qarabağ məsələsində sınma nöqtəsidir, özü də təkcə bu məsələdə deyil...

Əhəd Məmmədli

"AĞ" Partiyasının sədr müavini

Erməni baş nazirinin İranda çəkdiyi selfie


 


 

Oxşar xəbərlər