Milli Şura iqtidarın islahatlarının arxasınca "SÜRÜNÜR"

  • 27 fev 2019, 21:42
Azərbaycan iqtidarına uduzduqca, cəmiyyəti müxtəlif siyasi manipulyasiyalarla aldatmağa çalışan radikal müxalifət düşərgəsi yeni strategiya müəyyənləşdirib. Motodrom stadionunda aramsız mitinq tərəfdarı olan Milli Şura və siyasi ətrafı hakimiyyətin üstünə atlanmaq, çırmanmaq, qışqırmaq, nağıl danışmaq, əl-qol ölçmək kimi vərdişləri "sürünən siyasət" taktikası ilə əvəzləyəcək. Yəqin ki, bundan sonra hələ xeyli müddət Əliyev hakimiyyətinin uğurlu islahatlarının arxasınca sürünərək, xalq tərəfindən özlərinə divident umacaqlar. Amma, artıq hamı hər şeyi bilir...
Bugünlərdə yayılan xəbərlərdə deyilir ki, Milli Şura martın 2-də mitinqə hazırlaşır. Artıq mitinqin sloqanları - devizləri də bəllidir ki, maraqlı olan da budur. 
- "Siyasi məhbuslara azadlıq!”, 
- "Sərbəst toplaşma azadlığı təmin edilsin!”, 
- "Aztəminatlı əhalinin kredit borcları dövlət tərəfindən ödənilsin!” 
Bu devizlərdən yalnız birincisi müxaliflərin ənənəvi çağırışının təkrarıdır və özününküdür. Digər ikisi "sürünmə", "aldatma", "qürrələnmə",- iqtidarın başlatdığı köklü islahatlarına yamanma cəhdi kimi görünür... 
Azərbaycanda "Sərbəst toplaşma azadlığı təmin edilsin!” - deyənlər Motodromda vaxtaşırı sərbəst toplaşdıqlarını sanki gizlədərək növbəti mərhələdə bu konstitusion haqqın Əli-Cəmil-Gültəkin hesabına reallaşdığı görüntüsünü xalqa inandırmaq istəyirlər. Bunu tələb etməyə ehtiyacmı var? Onsuz da Azərbaycanda Sərbəst toplaşma azadlığı tam təmin edilir...
"Aztəminatlı əhalinin kredit borcları dövlət tərəfindən ödənilsin!” ideyası da hakimiyyəti daha çox düşündürən məsələlərdəndir. Bu problemin tezliklə aradan qaldırılacağı ölkə rəhbərinin iradəsi səviyyəsində artıq anons edilib. Yaxın günlərdə bununla bağlı alqışalayiq prezident fərmanının imzalanacağını hər kəs gözləyir. Bu xoş müjdəni xalqa verən iqtidardan müxalifət adına belə bir şeyin istənilməsi isə siyasi təkrarçılıq və gecikmədir, yalnız iqtidarın uğurlarının izi ilə sürünmə taktikasıdır...
Öz "uğurları" ilə hakimiyyətə xeyir verməyən müxalifət liderləri iqtidarın qazandığı islahat və uğurlarından özlərinə siyasi xallar umurlar...
Umsunlar, amma elə etsinlər ki, Motodromda mikrofon qucaqlayacaq siyasi umacaqlılar xalqın gözündə "siyasi qolçomaqlar" kimi görünməsinlər...
Yeni dönəm başladı...
Siyasətdə təsadüf deyə heç nə yoxdur, hər şey zərurətdən doğar...
Yeni zərurətlər iqtidarı sürətli islahatlara aparacaq, klassik və radikal müxalifət isə bundan sonra, hakimiyyətin uğurlarının izi ilə sürünməyə məhkum olacaq. Özü də, yox oluncaya, layiq olduğu yeri buluncaya qədər...
Millətin neo-demokratiya ruhu isə, yalqız deyil. O, gələcəkdə fərqli zamanın, fərqli düşüncələrin bakirəliyindən doğulacaq...
Azərbaycanda yeni iqtidar və yeni müxalifət oluşumu qaçılmazın mərkəzində dövrə vurur...
Yeni siyasi yaranışlar renessansa qul kimi tabe olacaq. Renessansın özü isə, XALQIN köləsi və kölgəsidir...
Ancaq anlayanlar üçün...

Osman Nərimanoğlu

Demokratik.Az

Oxşar xəbərlər