"Ermənistan dövləti birmənalı Azərbaycandan asılıdır" - DEPUTAT

  • 05 fev 2019, 08:12

Ermənistanın bir dövlət olaraq taleyi birmənalı şəkildə Azərbaycandan asılıdır. Azərbaycan onlara nəfəs verməsə, Ermənistan dövləti məhv olub gedəcək.

Bu sözləri Milli Məclisin deputatı Fəzail Ağamalı Musavat.com-a açıqlamasında səsləndirib. O bildirib ki, hazırda Ermənistanda gedən son proseslər kifayət qədər mürəkkəb situasiya formalaşdırıb:

"Bir tərəfdən Azərbaycan xarici işlər naziri ermənistanlı həmkarı ilə ardıcıl şəkildə görüşlər keçirir. Bu görüşlərin vaxtı hətta 4 saata qədər çəkir. Daha sonra Prezident İlham Əliyev Ermənistanın baş naziri ilə təmaslar qurur, danışırlar gedir. Danışıqların bütün mahiyyəti bizə bəlli deyil. Xarici işlər nazirləri və Minsk Qrupunun həmsədrləri nikbin bəyanatlar yayırlar, lakin Baş nazir Nikol Paşinyan bütün bu nikbin bəyanatların üstündən xətt çəkir. Paşinyan tamamilə Ermənistanın işğalçılıq siyasətini stimullaşdıran fikirlər ifadə edir, bilmək olmur ki, niyyəti nədir. Mən düşünürdüm ki, Paşinyan Qarabağ klanına aid deyil. Biz bilirik ki, Ermənistanda İrəvan klanı ilə Qarabağ klanı arasında çox ciddi qarşıdurma var. Düşünürdüm ki, o, hakimiyyətə gəldikdən sonra ən azı erməni xalqının maraqları naminə bu işğala son qoymaq üçün addımlar atacaq. Çünki Ermənistanın bir dövlət olaraq taleyi birmənalı şəkildə Azərbaycandan asılıdır. Azərbaycan onlara nəfəs verməsə, Ermənistan dövləti məhv olub gedəcək. Ən azı bu məntiqə söykənərək hesab edirdim ki, o, Levon Ter-Petrasyanın məktəbini keçən biri olaraq realist, məntiqli addımlar atmalıdır. Ancaq o, realist addımlar atmaq əvəzinə çox ziddiyyətli bəyanatlar verir”.

Beynəlxalq şəraitə gəlincə, F.Ağamalı bildirdi ki, bu mənada Azərbaycanın mövqeləri daha güclüdür:

"Azərbaycanın dövlətçilik maraqları və mənafeyi ABŞ administrasiyası tərəfindən obyektiv şəkildə qiymətləndirilir. Həm Trampın Azərbaycana ünvanlandığı məktublar, həm də Con Boltonun Azərbaycana gəlişi, dövlət başçısı ilə telefon danışıqları, Ermənistanda "ölkənizin gələcəkdə inkişafını istəyirsinizsə Azərbaycanla dil tapmalısınız” kimi bəyanatlar verməsi müsbət bir təəssürat yaradır. Rusiyanın da mövqeyində müəyyən dərəcədə Azərbaycanın maraqlarına uyğun açıqlamalar olur. Bunu Lavrov səviyyəsində dilə gətirdilər. Bildirildi ki, yaxşı olar Ermənistan Azərbaycanın atmış olduğu addımlara adekvat cavab versin. Kremlə yaxın olan siyasi şərhçilər, analitiklər Putinə Azərbaycanın işğal olunmuş torpaqlarının, 5+2 formatında ətraf rayonların azad edilməsi ilə bağlı konkret fikir söyləyirlər. Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü yenidən tanıdı. Dünyanın aparıcı dövlətləri ölkəmizin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyirlər. BMT-dən başlamış Avropa məkanında olan beynəlxalq təşkilatlara qədər, hər birinin qətnamələrində Azərbaycanın ərazi bütövlüyü tanınır. Azərbaycan bütün səviyyələrdə işğal olunmuş torpaqlarının azad edilməsi üçün böyük hüquqi bazaya malikdir”.

Deputat qeyd etdi ki, müharibə olarsa, Ermənistanın varlığı sual altına düşə bilər:

"Ölkə Prezidentinin də dediyi kimi, yaxşı olar ki, işğala sülh yolu ilə son qoyulsun. Müharibə olarsa, bizim də övladlarımız şəhid olacaqlar. Bu məntiqə söykənərək dövlət başçısı sülh danışıqlarına önəm verir. Paşinyanın mövqeyi mənim bu nikbinliyimə son qoymaqdadır. Yenə də əvvəlki mövqeyimə qayıtmağa məcbur oluram ki, son sözü bizim qəhrəman Milli Ordumuz, Silahlı Qüvvələrimiz deyəcək. O zaman Ermənistanın böyük bir zərbə alması qaçılmaz olacaq. Ermənistan elə bir zərbə alacaq ki, onun bir dövlət kimi yaşayıb-yaşamaması ciddi sual doğuracaq”.

Oxşar xəbərlər