Sərdar Cəlaloğlu Əli Kərimlinin müxalifliyinə "qiymət verdi"

  • 23 yan 2019, 19:52

"Ölkədə vəziyyətin niyə dəyişmədiyi, müxalifətin hansı səbəbə effektiv mübarizə aparmadığı məsələləri ortaya çıxanda sanki ana müxalifət deyilən qüvvələrin gölünə daş atırsan, susurlar. Səlahiyyət məsələsi gələndə, "mən sizi arxamca aparacağam, qələbə qazanacağam” və s. kimi bəyanatlar verib qabağa çıxırlar. Əli Kərimlinin mitinqdə kütləyə baxıb öz elektoratı kimi görməsi yanlış hərəkətdir”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. 
Onun sözlərinə görə, "ana müxalifət” ilk növbədə məsuliyyət daşıyan müxalifət deməkdir:

"Müxalifətin bugünkü məsuliyyətini daşımayan qüvvə ana müxalifət ola bilməz. Əli Kərimliyə icazə verilməsəydi, necə mitinq keçirəcəkdi? Hökumət müxalifətin özündə də rəqabəti yaratmaq üçün birinə mitinq üçün icazə verir, birinə isə vermir. Müxalifətdə müəyyən qüvvələr də öz marağına uyğun fürsətdən istifadə etməyə cəhd göstərir. Əli Kərimli də gördü Müsavat Partiyasına mitinq üçün icazə verilmədi, ona icazə verdi. Mitinqə təkcə Əli Kərimlinin tərəfdarları gəlməmişdi. Azərbaycan Xalq Hərəkatı Təşəbbüs qrupundan da çoxlu adam vardı, böyük kollektiv əmələ gəldi. Əli Kərimli bir şeydə yanılır ki, kütləyə baxıb öz elektoratı kimi görür”. 
ADP sədri qeyd edib ki, hadisələrə siyasi cəhətdən yanaşdığından özü lazımı vaxtda mitinqlərin qabağında gedəcək:

"İndi müəyyən kiçik oyunlar oynanılır, o oyunlarda iştirak etmək fikrim yoxdur”.

Sərdar Cəlaloğlu AXCP sədri Əli Kərimli və Müsavatın keçmiş başqanı İsa Qəmbərlə münasibətlərinə də toxunub:

"Əli Kərimli ilə heç bir münasibətim yoxdur, heç münasibət saxlamaq fikrim də yoxdur. Əli Kərimlinin mənə qarşı münasibəti pisdir, hər şey qarşılıqlıdır. İsa Qəmbərlə isə dostam, bunu siyasi münasibətlərdən daha çox dostluq münasibətləri kimi dəyərləndirirəm”.

Oxşar xəbərlər