Razi Nurullayev Əli Kərimlini yıxıb-sürüdü

  • 22 yan 2019, 13:22

Planlı, ciddi düşünülmüş, götür-qoy edilmiş, yaxın və uzunmüddətli strategiyası olan siyasi mübarizələr nəticə verir. Aparılan araşdırmalar, ortada olan siyasi müşahidələr və fikirlər onu göstərir ki, Əli Kərimlinin taktikası qısamüddətli və ani nəticələrə xidmət edir. Bu üsul uzunmüddətli nəticələrə apara bilməz və bunun ən böyük sübutu onun 1988-ci illərin sonlarından mübarizə meydanında olması, hələ də eyni metod və taktikalardan istifadəsidir. Özünəvurğunluq, kütlə qarşısında özünü kral kimi görmə hissi, siyasi çəkisi və şəxsi maraqlarına xidmət edən gedişləri xalqın istəyinə və narazılığına bağlamaq cəhdi.

Bunu hamı bacarmır, amma o bacarır. O bacarır ki, özünü xilaskar kimi göstərsin, təşkilatçı kimi də bacarıqlıdır, siyasi oyunların da mahir ustasıdır, xalqın ürəyində nisgilə çevrilən problemləri də bəlağətli şəkildə dilinə gətirir. Adam bunu bacarır və 1988-ci ildən bəri zaman-zaman lider səviyyəsinə, xilaskar səviyyəsinə də yüksələ bilir. Amma onun başqa bacarıqları da var. Özünün olmadığı, onun maraqlarına xidmət etməyən digər təşkilatları və təşəbbüsləri məhv etmək, siyasətçiləri ləkələmək və xalqın gözündən salmaq. Elə məni də xalqın gözündən salmaq üçün gecə-gündüz özü və zombiləşmiş ətrafı saxta profillərlə, bəzən öz adları ilə təhqir və şər-böhtan yağdırıblar. Lakin bu vacib deyil, biz haqq bildiyimiz yolda gedir, xalqımıza, millətimizə və dövlətçiliyimizə səmimiyyətlə qulluq edirik. Digər bacarığı birbaşa və dolayısı ilə hakimiyyətə xidmət göstərməkdir.

Necə?

Cəmiyyətdə sosial xidmətlərin zəifliyi, iş yerlərində əmək haqqının azlığı, sosial ədalət prinsiplərinin pozulması əhali arasında narazılıqlar yaradır. Bu narazılıqlar hakimiyyəti çox ciddi narahat edir və onlar bu narazılqıların aradan qaldırılması, xalqın qəzəbini soyutmaq üçün müsbət addımlar atmağa başlayırlar, sosial sahəyə diqqəti artırırlar, məmurlara xalqla daha mehriban davranmağı tapşırırlar və s. Bax, bu zaman Əli Kərimlinin yeni bacarığı üzə çıxır. O, şişməyə başlayan narazılıq topunu təkbaşına qapıya vurmaq istəyir, həmişə də ən azından ya 10 metr qapının üzərindən, ya da 50 metr qapının sağ və sol yanlarından vurur. Çünki bu adamda ötürmə mədəniyyəti yoxdur və olmayacaq da. Bir də görürsən ki, bu adam şişmiş topu daha da şişirtmək istəyir, var gücü ilə üfürür, top da əlində partlayır və ətrafda olanlar da elə bilir ki, bomba partladı, qaçıb dağılırlar. Bu siyasətçi dediyimiz adam 30 ildir bununla məşğuldur…

Miopiya xəstəliyi...

Bu siyasətçi uzağı görə bilmir. Miopiya (uzağı görməmə xəstəliyi) xəstəliyinə tutulub və çətin ki, sağala. Ona yaxın duranları da bu xəstəliyə yoluxdurur. Xəstələnmək istəməyənlər isə ondan uzaq gəzir. Bizə mübarizə lazımdır. Lazımdır ki, 50 min, 100 min adam mitinqə gəlsin. Siyasi mübarizədə mitinq də lazımdır, həbslər də olacaq, məhrumiyyətlər də. Bundan qaçan da yoxdur. Amma miopiya xəstəliyinə tutulan adam 2011-ci ildə etdiyi səhvləri bu gün də etməkdədir.

Demək ki, bu adam düzələn deyil. Bəs bəziləri niyə hər dəfə aldanmağı və aldadılmağı xoşlayır, bu tərəfi qaranlıqdır. Müxalifət 2005-ci ildə aldığı zərbədən hələ də özünə gəlməmişdi, təşkilatlanma çox zəif idi. Belə bir zamanda, 2011-ci ildə əksər müxalifətçilərin birləşdiyi İctimai Palata ciddi müqavimət yaratmağı bacardı. Koridorları həmişə boş olan Müsavat Partiyasının nəinki koridorları, həyəti də adamla dolu olurdu. Necə deyərlər, iynə atsaydın, yerə düşməzdi və ya top var gücü ilə şişməyə başlamışdı. Mənim də üzv olduğum İctimai Palata vəzifə bölgüsünə başlamışdı. Mətbuat siyahılar dərc edirdi, mənə də xarici işlər naziri postunu layiq görürdülər. Kifayət qədər siyasi müzakirələr gedirdi ki, tələsib mitinq etmək olmaz, qoy toparlanma olsun, təşkilatlanma güclənsin və bütün kartlarımızı açıb hakimiyyətə göstərməyək. Amma kimə deyəsən…

Əli Kərimli və Arif Hacılının tərs damarları tutdu. Əli Kərimli artıq yuxularında özünü Prezident kimi görürdü. Qərar verdilər ki, 2 apreldə mitinq olsun. Mitinq oldu, yaxşı da oldu. Əli Kərimli 19 yanvarda olduğu kimi, coşdu, miopiya xəstəliyi yenə də özünü büruzə verdi və 17 aprelə yeni mitinq təyin etdi. 17 aprel isə iflasa uğradı, çünki 2 apreldə mitinqə gələnlərin heç yarısı da gəlmədi. Şişmiş top Əli Kərimlinin əlində partladı, özünə bir şey olmadı, amma yüzlərlə gənc həbs olundu...

Tarix yenə təkrarlanır. O zamana kimi təkrarlanmaq təhlükəsi var ki, Əli Kərimli təzə xəstəliyə yoluxsun - hipermetrop (uzaqgörmə) xəstəliyinə.

İdeoloji mübarizə

Miopiya xəstəliyinin günü-gündən inkişaf etməsi ideoloji boşluqdan irəli gəlir. Bu gün bizim ideoloji xəttimiz var və güc yığmaqdadır. Biz sonunda xalqı ideoloji xətt ətrafında toplaya biləcəyimizi düşünürük. Biz xalq olaraq, millətsevər, demokratik millətçi və eyni zamanda insan azadlığına xas liberal dəyərlərə üstünlük verməliyik. Biz Avropanın bizə uyan dəyərlərinin gətirilməsinə çalışırıq, biz şəxslərin, siyasi hakimiyyətlərin yox, dövlətin güclənməsinin lehinəyik.

Siyasilər gələr və gedər, dövlət qalar. Elçibəyçi olaraq, Bütöv Azərbaycançılıq, milli dünyagörüş və azad cəmiyyət bizim dəyərlərimizin əsas istiqmətləridir. Bəs sənin dəyərin və ideoloji xəttin nədir? Sən insanları nəyə dəvət edirsən? Necə dövlət qurmaq istəyirsən? O dövlətin dəyərləri şəxsiyyətəpərəstiş üzərindəmi qurulur? Sən insanları mübarizəyə dəvət edirsən, et, buna sözümüz yox və pis əməl hesab etmirik. Amma özünü lider kimi aparma! Sən etiraz dalğasının önündə gedə bilərsən, bəlağətli danışa bilərsən, amma dövlət qurmaq, ölkə idarə etmək tamam başqa bacarıqlar tələb edir. O bacarıqlar isə səndə yoxdur, ideoloji xəttinin olmadığı kimi.

Alovda yanan gənclər...

Azərbaycanın gələcəyi gənclərin əlindədir. İndi kifayət qədər ağıllı və cəsarətli gənclər ordusu yetişib. Gənclər ağı-qaradan seçməyi də bacarırlar. Bizə görə, onlar heç kimin aləti və qapazaltısı olmamalıdır.

Hakimiyyəti saxlaya bilmədiniz. İndi gənclərə deyirsiniz ki, itirdiyimiz və ya xəyanətlə verdiyimiz hakimiyyəti bizə qaytarın. Axı sən də dövlət katibi idin. Heçmi məsuliyyət daşımırsan? Necə olur ki, hər daşın altına girib çıxırsan, amma əzilmirsən? Yanan ocağa girirsən, oradan da sağ-salamat çıxırsan. Sən "Taxt oyunları” serialının Deneris Tarqarieni deyilsən ki, üç əjdaha yumurtası ilə ocağa girib sabahı külün içindən nəinki özün salamat çıxasan, hələ bir yanına üç dənə də əjdaha balası salıb gətirəsən! Bil ki, sən ocaqdan salamat çıxa bilirsən, amma 30 ildir sənin yanında dayanan və bu gün də sənə qoşulan gənclər o alovdan sağ çıxa bilmirlər. Sağ çıxanlar da şikəst olur.

Gəncləri şikəst etməkdən əl çək, onlar özləri nəyin doğru, nəyin yalan olduğunu gözəl bilirlər. Sənə qoyduqları enerjini və mübarizəni doğru məcraya yönəldib, arzu etdikləri Azərbaycanın qurulmasına yardımçı olacaqlar və ya özləri quracaqlar.

Bunu da deyim ki, etiraz mitinqinə gələn gəncləri Elçibəy-Rəsulzadə dəyərləri birləşdirir. Elçibəy hələ də müxalif kəsimi birləşdirən dəyər, Rəsulzadə bu xalqın qəbul etdiyi qurucudur. Çıxışında bir dəfə də olsun onların adını çəkmədin. İstəyirsən ki, sənin adını qışqırsınlar. Amma bu ad sənin ətrafında olanların qulağına xoş gəlir, o mitinqə yığılan isə Mehman Hüseynova dəstək verənlər, REAL tərəfdarları, müsavatçılar və digər müxalif kəsimi təmsil edənlər idi. Sənin adının qışqırılması və özünü onlara sırımaq nəinki etik deyildi və həm də orada olan digər siyasi qüvvələrə həqarət idi.

Şəhidlər Xiyabanı siyasət məkanıdırmı?

Neçə illərdir ki, Şəhidlər Xiyabanına gedirəm və hər dəfə də əzab-əziyyət çəkirəm. Çünki polis kordonları tez-tez bizi saxlayır, bölür, parçalayır və buraxır. Amma susuram. Çünki bu əziyyət, bu məhrumiyyət həyatını və sağlamlığını itirənlərin fonunda toy-bayramdır. Bu cür məhrumiyyətlər hər kəsə tətbiq edilir. Amma Əli Kərimli özünə başqa münasibət sərgilənməsini istəyir, onun qarşısı kəsilə bilməz, adamları bölünə, parçalana bilməz. Onlar bir-birindən ayrı düşsələr, dünya dağılar. Qəbul etsək ki sən deyəndir, hakimiyyət şəhidlərə hörmət qoymursa, bəs sənə nə düşüb? Sən niyə hörmət qoymursan? Bu müqəddəs məkanda aktyorluq edirsən!

Hər şeyi özün üçün edirsən. İstəyirsən xalq görsün ki, sənin arxanca insan seli gəlir, xalq səni dəstəkləyir. Axı bir gün əvvəl öncəkilərdən fərqli və insanların daha çox olduğu bir mitinq etmişdin, şəkil çəkdirib paylaşmışdın. İmkan ver ki, üzərindən 24 saat keçsin, sonra atıl-düş. Şəhidlərə hörmət olaraq, susa bilərdin. Niyə Şəhidlər Xiyabanında da özünü düşünürsən axı? Əgər ora 100 nəfərlik qrupla getsəydin, xəncərinin qaşı düşəcəkdi? Neynədin ki? "Xalxın uşaqları”nı həbs etdirib, ailəsini dərdə saldın. Hamısı sənin mənasız iddianın və uzaqgörməzliyinin qurbanına çevrildi.

Razi Nurullayev, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri

Oxşar xəbərlər