Milli Şuranın mitinqinə niyə icazə verildi - deputatın şərhi

  • 21 yan 2019, 22:32

Elşən Musayev: "Milli Şura heç zaman Azərbaycan siyasətində söz sahibi olmayıb”

Milli Şuranın 19 yanvar mitinqinə icazə verilməsi gündəmdən düşmür. Buna səbəb də, indiyə qədər Qarabağ Komitəsinin 24 noyabr və 15 dekabr mitinqlərinə, Müsavat Partiyasının isə 12 yanvar mitinqinə icazə verilməməsidir. Bu istiqamətdə gedən müzakirələrdə ən müxtəlif mövqelər səslənir.

Milli Şuranın aksiyasına verilən icazə gözlənilməz qərar kimi qəbul edilir. Belə fikirlər var ki, son aylarda müxalifət düşərgəsində ciddi canlanma yaşanır və burada Milli Şuranın əsas güc kimi önə çıxmasını istəyən hakimiyyət daxilində maraqlı dairələr var. Məhz həmin dairələrin aksiyaya icazə verilməsində xüsusi rollarının olduğu bildirilir. Bundan əlavə, müxalifət daxilində qarşıdurma yaratmaq üçün belə bir ayrı-seçkiliyin ola biləcəyi də ehtimal edilir.

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev ehtimalları reallıqdan uzaq sayır: "Bildiyiniz kimi, ölkə qanunvericiliyi razılaşdırılmış və razılaşdırılmamış mitinqlər kateqoriyasını müəyyən edir. Xüsusi hal, tədbir-filan, dövlət üçün özəl günlər və.s olmadıqda adətən bu icazə verilir. Seçki ərəfəsində, qaynar siyasi proseslərin astanasında isə istisnasız olaraq verilir. Düzdür, mən yalnız yeni məlumat aldım ki, Milli Şuradan öncə Müsavat Partiyası və Qarabağ Komitəsi də mitinq keçirmək istəyirmiş, fəqət buna icazə verilməyib, amma hər halda mütləq bir səbəb vardır və həmin səbəbin sadə izahını almaq, bilmək üçün Bakı Şəhər İcra Hakimiyyətinin əlaqədar şöbəsinin mitinq təşkilatçılarına ünvanladığı məktubun mətninə baxmaq yetərlidir. Amma o fikirlə qətiyyən razı deyiləm ki, bu nüans, yəni Milli Şuraya icazə verilməsi məsələsi iqtidar daxilində hansısa qüvvənin fikir strategiyasıdır və ya narazı qüvvələrin elektoratını bölmək üçün guya Milli Şuraya üstünlük verilib, ayrıca tanınıb. Xeyr. Qətiyyən belə şey ola bilməz.  Düzdür, radikal cəbhədə Milli Şuradan daha uğursuzu, daha səbatsızı, daha biabırçı imicə malik olanı yoxdur və yəqin ki tarix boyunca da olmayacaq. Fəqət, əmin olun: mövcud iqtidar belə urvatsız müxalifətlə bağlı heç zaman plan qurmaz, zamanını belə şeylərə sərf etməz. Azərbaycanın qlobal dünyada elə bir rolu və adı var ki, hazırda bütün istiqamət də daha innovativ düşüncə effekti tərzi ilə həmin adı, həmin müsbət imici yüksəltməyə yönəlib. Belə müxalifət üçün sizcə baş sındırmağa, zehin yükləməyə dəyər? 25 ildir radikallar, qaragüruhçular özləri dalaşıb, özləri barışıb, özləri bir-birini ifşa edirlər də. İqtidara, onların təmsilçilərinə bu işdə nə ehtiyac var? O ki qala 19 yanvar mitinqindəki adam sayına...Hər halda nəfər-nəfər hesablamaq mümkün deyil və bu kontekstdə müxalif liderlərin söylədiyi rəqəmin konkretliyinə, dəqiqliyinə də ciddi şübhə ilə yanaşıram. Çünki Əli Kərimli əgər mənim bildiyim adamdırsa, xislətini dəyişməyibsə, ən azından 5 qat artıq deyər ki, yekə görünsün. Bu insan həyatı boyu böyük görünmək, əsas da kiminsə çiyninə, boynuna çıxaraq böyük görünmək kompleksi ilə yaşayıb. Son mitinqdə də yenə özünü qabağa çəkməsi, mənəm-mənəm deməsi, hər şeyi öz adına çıxması güman ki, məlum düşərgədə ciddi təlatüm yaradacaq. Adamın canında, qanındadır – dağıdıcılıq. Hər sözündə özünəvurğunluq, özündən müştəbehlik var. Bu isə kənardan ikrah hissi doğurur, neqativ təəssürat yaradır”.

Deputat mitinq maneəsinin olmamasından da söz açdı: "Azərbaycanda mitinq maneəsi heç zaman olmayıb. Olubsa da AXCP-Müsavat hakimiyyətinin vaxtında olub. Hamı icazəsini alır, razılaşdırır, aksiyasını keçirir. Düzdür, say az olanda müxaliflərin özləri bir bəhanə ilə mitinqləri təxirə salırlar, adını da qoyurlar ki, imkan vermədilər. Əslində isə elə deyil. Radikal müxalifətin keçirdiyi bircə mitinq belə xalq və dövlət naminə olmayıb. Ya xaricə mühacir adı ilə turist göndərmək üçün keçirilib bu mitinqlər, ya da hansısa təşkilatdan babat miqdarda qrant almaq üçün. Hamısında da day-dayları təlimat verib ki, provokasiyaya getsinlər. Son mitinqdə də bənzər provokasiya halı oldu. Ardınca isə Şəhidlər Xiyabanında. Hamımız gedirik o Xiyabana. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Amma adam sıxlığına görə illərdir məhz 20 Yanvar günündə qayda qoyulub ki, insanlar ziyarətlərini kiçik qruplar halında, növbə ilə etsinlər. Guya Əli Kərimli bunu bilmirdi? Təbii, bilirdi. Amma məqsəd şəhidləri ziyarət deyil, məhz provokasiya yaratmaq olduğu üçün yenə xislətinə uyğun davrandı, sonra da sosial şəbəkələrdən boylandı ki, bizə qarşı yanlış oldu. Bu provokasiyaya cəhd bir az öncə söylədiyim kimi son mitinqdə də olmuşdu. Amma polis müdaxilə etmədi, çox sakit davrandı. Əlavə söz-söhbətə əsas olmasın deyə. 20 Yanvarda isə artıq polisin səbrini daşırdılar və bu ölkənin asayiş keşikçiləri məcbur oldular ki, millətin hüzn, matəm günündə də öz provokasiyalarından qalmayan radikal qrupa öz yerini göstərsin, onlara qanun tələblərini izah etsinlər. Milli Şura heç zaman Azərbaycan siyasətində söz sahibi olmayıb və bundan sonra da olmayacaq. Müxalif  liderlər dəyişməlidir və yenilənməlidir. Yoxsa uğursuzluq, rüsvayçılıq, fiasko anlayışları onların həyatında rotasiya qaydasında dövr edəcək. On illər boyunca”.

Cavanşir ABBASLI
"Yeni Müsavat”  

Oxşar xəbərlər