Rusiya və İranı Xəzərdə yaxınlaşdıran səbəblər

  • 09 yan 2019, 09:36

İlk dəfə qapalı dənizdə piratçılıqla mübarizə məqsədli təlimlər keçiriləcək; Moskva və Tehran daha nədən narahatdır?

Rusiya və İran Xəzər dənizində birgə təlimlər keçirəcək. Bu barədə ötən həftə İran Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Hüseyn Hənzadiyə istinadən "Mehr” agentliyi məlumat yayıb. Məlumata görə, o, təlimlərin iki ölkə arasında strateji və taktiki əməkdaşlığın səviyyəsini artıracağını söyləyib. Hənzadinin sözlərinə görə, təlimlər taktiki və xilasetmə əməliyyatlarının işlənməsi, eləcə də dəniz piratçılığı ilə mübarizə üzrə əməliyyatlardan ibarət olacaq.

Qeyd edək ki, ötən ilin avqustunda Xəzəryanı ölkələr tərəfindən yekun anlaşma imzalanıb və dənizin hüquqi statusu müəyyən olunub. Razılaşma Xəzərin 5 ölkənin qapalı su sahəsinə çevrilməsini nəzərdə tutur. Əlbəttə, 50 milyard barel neft və 9 trilyon kubmetr qazın olduğu Xəzər dünyanın bir çox ölkəsinin diqqət mərkəzindədir - həm də təkcə neft və qazına görə deyil. Söhbət həm də dünyanın ən qaynar münaqişə ocaqlarının yaxınlığında yerləşən, potensial "qaynar bölgə”dən gedir.

Yeri gəlmişkən, Rusiya və İran əvvəlki illərdə də bir neçə dəfə Xəzərdə hərbi təlimlər keçirib. Rusiya və İran bəyan ediblər ki, dənizdə hərbi əməkdaşlığı dərinləşdirəcəklər. Sonrakı illərdə digər sahilyanı ölkələr, o cümlədən Azərbaycan da təlimlərə qatılıb. 2013-cü ildə Rusiya və İran Xəzər dənizində ikinci taktiki təlimlərini keçirib. 2017-ci ildə isə Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan noyabr ayında qəza və fövqəladə hallara həsr olunmuş təlimlər keçirib. 1100 nəfərin iştirak etdiyi təlimlərə Azərbaycanın fövqəladə hallar naziri Kamaləddin Heydərov rəhbərlik edib. Təlimlərdə 208 müxtəlif texnika, o cümlədən 5 vertolyot, 2 amfibiya təyyarə, 8 ədəd gəmi və sürətli kater iştirak edib.

2018-ci ildə isə Xəzərin Azərbaycanın ərazi sularında "Dəniz Kuboku - 2018" beynəlxalq yarışları keçirilib. Bu yarışlarda iki İran gəmisi ”Peykan" və "Cövşən” adlı raket katerləri də iştirak edib. Ümumilikdə son illərdə İran və Rusiya Xəzərdə hərbi gücünü artırır. İran son 3 ildə Xəzər donanmasına daha iki gəmi əlavə edib.

İranın Xəzərdə 6 döyüş gəmisi var. Onlardan ikisi raket gəmiləridir. Eyni şəkildə Rusiya da Xəzərdə hərbi gücünü son illərdə artırır. Doğrudur, Azərbaycan və Türkmənistan kimi ölkələr də Xəzərdəki hərbi gücünü artırıb.

Xatırladaq ki, Azərbaycanın İsraildən aldığı silahlar arasında gəmi əleyhinə, hərəkət məsafəsi 36 km olan "Gabriel-522-x” raketlərinin olduğu haqda hələ bir neçə il əvvəl məlumat yayılmışdı. Alınan başqa bir silah "Barak-8" sistemləri və onlar üçün 75 raket idi. Bu sistemin xarakteristikasında ”Barak" raketinin hər biri təxminən 1,6 milyon dollar olduğu, 21,8 kiloqramlıq döyüş başlığı ilə birlikdə çəkisi 98 kq olduğu, uçuş məsafəsinin isə 10 km təşkil etdiyi qeyd olunurdu. RLS 360 dərəcə qət edir, raketlər isə hücumda olan gəmi əleyhinə və ya uçan raketləri 500 metr məsafədən vura bilər. Hər bir "Barak” sistemi (raketləri, radarı, kompüterləri və qurğusu olan konteyner) təxminən 24 milyon dollar dəyərindədir. Sistem təyyarələrə qarşı da səmərəlidir. "Barak” gəmilərdə və ya yük maşınlarında quraşdırıla bilər.

 

Sahilyanı ölkələrin Xəzərdə hərbi imkanlarını artırması bu bölgədə yeni hərbi situasiyanın yaranmasına işarədir. Məsələ ondadır ki, İran və Rusiya 6-cı ölkənin Xəzərə daxil olmasından narahatdır. Bu mövzuda Rusiya və İran ortaq mövqedədir, Türkmənistanın bu məsələdə mövqeyi bilinməsə də, Qazaxıstanın Xəzərə 6-cı ölkənin yerləşə biləcəyi ilə bağlı təkliflərinin olduğunu daha əvvəl media yazıb. Eyni zamanda əsrin əvvəllərində İran və Azərbaycan arasında soyuqluğun bir səbəbi də Xəzərdə Azərbaycan ərazilərində Qərb ölkələrinə məxsus gəmilərin üzməsi idi.

 

Xəzərdə keçiriləcək təlimlərlə bağlı yeni nüans isə hərbi təlimlərin məqsədləri sırasında dəniz piratçılığı ilə mübarizə üzrə əməliyyatların olmasıdır. Xəzərdə daha əvvəl təlimlərlə bağlı bu detal olmayıb. Belə görünür ki, Rusiya və İran Xəzərdə dəniz quldurluğu təhlükəsindən narahatdır.

Daha bir maraqlı detal ondan ibarətdir ki, ABŞ-ın İrana qarşı sanksiyaları işə düşdükdən sonra Tehranın əsas ticarət yollarından biri Xəzər olacaq. Gizli neft nəqli, eyni zamanda qadağan olunmuş yüklərin daşınması, raket texnologiyaları və sair üçün indi Xəzər Rusiya və İran arasında əsas nəqliyyat dəhlizinə çevrilə bilər. Ötən il bağlanmış müqavilə 6-cı ölkənin Xəzərdə hərbi mövcudluğunu qadağan etsə də, görünür, Tehran və Moskvanın tam əminliyi yoxdur, bu səbəbdən də Xəzərdə hərbi imkanları daha da artırırlar. Bəzi iddialara görə, 90-cı illərdə nüvə enerjisi və raket istehsalı üçün avadanlıqlar məhz Xəzər üzərindən, embarqonu yarmaqla gizli şəkildə daşınıb. İndi isə ABŞ həm Rusiya, həm də İrana qarşı sərt sanksiyalar tətbiq edib. Təbii ki, Rusiya və İran arasında əsas nəqliyyat bağı məhz Xəzərdə olacaq. Bu isə həm də o deməkdir ki, "qapalı dənizdə” kənar qüvvələr də olacaq.

Oxşar xəbərlər