Xəbər lenti
Bütün xəbərlər

İran mediası Azərbaycanı nədən tənqid edir?

  • 07 dek 2018, 10:35

Arazın o tayından "ütülü” tənqidin altındakı səbəblər...

İranda yayımlanan "qafqaz.ir” portalında "Qarabağın azadlığı üçün Bakının əsas gücü Qüdsün işğalçıları deyil, Azərbaycan Respublikasının cavanlarıdır” adlı məqalə dərc olunub. Məqalənin girişində ötən ay İran ordusunun Baş Qərargah rəisi general Baqirinin Bakıya səfərinin təxirə salınması və bununla bağlı Azərbaycan mediasında neqativ planda dərc olunan yazılar hədəfə alınıb. Və təbii ki, yazılar "qərəzli” adlandırılıb.

Yazıda qeyd olunur ki, Azərbaycan mediasında İranı hədəfə alan və İsraillə əməkdaşlığa haqq qazandırılan məqalələr reallığı əks etdirmir. Sitat: "Kütləvi informasiya vasitələrinin siyasi analitikləri general Baqirinin səfərinin təxirə salınması ilə əlaqədar fərziyyələr fonunda Qarabağ müharibəsi ilə bağlı baş vermiş qüsurlara don geyindirərək, həmçinin bu ölkənin müxtəlif sahələrdə uşaq qatili və Qüdsü işğal edən rejimlə və bu rejimin daimi himayədarı, yəni Amerika ilə əlaqələrinə bəraət qazandırmağa və ittiham barmağını da İrana istiqamətləndirməyə çalışırlar. Lakin İran İslam Respublikasının qonşularına, xüsusilə də Azərbaycan Respublikasına münasibətdə milli strategiyasını, ümumi siyasətini və praktiki addımlarını düzgün tanıtmaq üçün araşdırma aparmırlar”.

Daha sonra müəllif İran ordusunun, eləcə də dəstək verdiyi silahlı qrupların, "Hizbullah”, "Həmas”, "İslami Cihad” kimi təşkilatların İsrailə qarşı savaşda əldə etdiyi uğurlar, İŞİD-ə qarşı mübarizədə İran ordusunun rolunu xatırladır. Bu gün İŞİD-in sıradan çıxarılması, Bəşər Əsədin hakimiyyətdə qalmasının İran ordusunun əməyi kimi qeyd olunan yazıda İranın artıq bölgədə hərbi-siyasi güc olduğu xatırladılır: "İran tarix boyu gah inkişaf yolunda, bəzən qarşıdurma, gah da sivilizasiyaların dialoqu və yaxud da böyük imperiyaların qovuşduğu yerdə nəfəs alıb, pəncərələri bütün dünyaya açılır və iranlı da öz baxışını Xəzərdən Fars körfəzinə, Kürdüstandan Bəlucistana kimi məhdudlaşdıra bilməz. Dünya, həmçinin də hegemonlar İranı görməzdən gələ bilməzlər”.

 "Qarabağ Fələstin torpağı, Xorrəmşəhr torpağı, Tehran, Ərdəbil və oyaq Təbriz kimi İslam torpağıdır” deyə, qeyd olunan yazıda təhdid notları da yer alır. Sitat: "Trampın bu cümlələrini oxudunuz: ”İrana nəzər salın, mən prezident olmamışdan əvvəl İran bütün Orta Şərqi 12 dəqiqə ərzində nəzarət altına ala bilirdi". Əslində Tramp gələndən sonra İran hansı hərbi sahədə zəifləyib və misal üçün o, 12 dəqiqə 13 dəqiqəyəmi dəyişib? Azərbaycan Respublikasının bəzi KİV-lərinin yaydığı məlumatların əksinə olaraq, İranın bu gün düçar olduğu bəla deyil. Bəlkə də bir insanın, qrupun və yaxud da bir ölkənin beynəlxalq quldura xərac ödəməməsi üçün ödədiyi xəracdır. Hər bir ölkə təkcə sözdə deyil, sözün əsl mənasında müstəqillik istəsə bu kimi xərclərə düçar olacaq".

Yazıda həmçinin Azərbaycan mediasında İranın PKK-nı dəstəkləməsi ilə bağlı məlumatlar tənqid olunur, hazırda Türkiyə və İranın müttəfiq olaraq fəaliyyət göstərdiyi xatırlanır. Yazıda Azərbaycanda son Məhərrəmlik mərasimlərində tətbiq olunan məhdudiyyətlər də hədəfə alınıb. Sitat: "İmam Hüseynin 40  mərasimi keçdi. Əksəriyyəti şiə olan müsəlman Azərbaycan Respublikasında İmam Hüseyn mərasimlərinin keçirilməsi barədə xəbərlər eşitdik. Həmçinin eşitdik ki, uşaqların məscidlərə aparılmamağı ilə bağlı tapşırıq verilib. Eşitdik ki, deyiblər yollarda və küçələrdə mərasim keçirməyin və məzhəb ələmləri və hüzn bayraqları yerinə Azərbaycan Respublikasının milli bayrağından istifadə edin. İmam Hüseyn zülm hər tərəfi bürüdüyü vaxt yaxşılığa dəvət və pislikdən çəkindirmək üçün qiyama qalxdı. Aşura ədalətliliyin, haqlılığın, izzət və azadlığın simvoludur. Aşura bir gün, Kərbəla da bir yer deyil. Yəqin ki, hər bir insanın aşurası və Kərbəlası ömrünün bir anında yetişəcək və o zaman, həmçinin o anda tale yüklü qərarı verməlidir. Əgər bütün din Aşura günündən əvvəl aradan getsəydi, imam Hüseynin Aşurası bütün dini xilas etmək və yaşatmaq potensialına malik olmuşdur və olur. Aşura günü əhdə vəfa, uşaqlarla mehribanlıq və dəstək, ilk namaz və Quran duası, düşmənlə mübarizə, əqidə və fikirləri açıqlama, özünü qurban vermək, Allah yolunda səbir, vəzifəyə əməl etmək, cihad, zülm və hegemonluq qarşısında mübarizə günüdür”.

Yazının sonunda Arazın bu tayına üstüörtülü mesaj göndərilir, SSRİ-nin aqibəti xatırladılır. Sitat: "Sovet İttifaqının süqutundan əvvəl az sayda şəxs olardı ki, Sovet İttifaqının taleyi barədə proqnoz versin. Bir çoxları öz mənafeləri sahəsində bu ölkənin dəstəyinə güvənirdilər. Lakin dövran başqa cür döndü. Gələcək illərdə dünyadakı güc bölgüsündə fundamental dəyişikliklər baş verməsi ssenarisinin nişanələri özünü büruzə verməkdədir. Amerikanın rəhbərliyi ilə birqütblü dünya dövranı başa çatır”.

Maraqlıdır ki, əvvəlki illərlə müqayisədə bu dəfə İrandan Azərbaycana nisbətən yumşaq, təhdid şəkildə deyil, üstörtülü, eyhamlı yazı həsr olunub. Aydın məsələdir ki, bu yazı həm də İran siyasi elitasındakı mövqeyi əks etdirir. Bir tərəfdən Tehranda Azərbaycan kimi mühüm əhəmiyyətli, üstəlik, etnik, dini-məzhəbi və coğrafi bağları möhkəm olan xalqla əvvəlki illərdə olduğu kimi "aranı açmamağa” çalışılır, digər tərəfdən də Azərbaycanın ABŞ və ələlxüsus da İsraillə əlaqələrindən, eləcə də Bakıda İsrailə olan simpatiyadan narahatlıq var. Bu yazının əvvəlki illərdəki yazılardan fərqi də məhz bu incə xətti nəzərə almaq cəhdinin hiss olunmasıdır. Görünür, Tehranda Azərbaycanda son zamanlar baş verənlərdən narahatlıq var. Lakin eyni zamanda bu narahatlığı açıq büruzə vermək, 10 il əvvəl olduğu kimi soyuq münasibətlərə çevirmək istəmirlər. Bu səbəbdən də mövqeyi bu şəkildə ortaya qoyurlar.

Məsələ ondadır ki, İran-Azərbaycan münasibətlərində kəskin soyuqluq 2013-cü ilə Həsən Ruhani prezident seçilənə qədər davam edib. Hətta 2012-ci ildə Tehran Bakıdakı səfirini "məsləhətləşmək üçün” geri çağırmışdı. Ancaq Həsən Ruhani seçildikdən sonra münasibətlər yumşaldı və hətta xeyli istiləşdi. Qarşılıqlı səfərlər həyata keçirildi, iki ölkə ortaq layihələr üzərində anlaşdılar. Yəni nəzəri baxımdan indi Bakı və Tehran arasında heç bir ciddi problem yoxdur. Hətta Azərbaycan və İran dəmir yollarını birləşdirən nəqliyyat layihəsini Azərbaycan hökuməti maliyyələşdirir.

Lakin bütün bunlarla yanaşı, son yazı da göstərir ki, bütün müsbət faktorlarla yanaşı, hələlik narazılıq da var. İran elitasının ikiyə ayrıldığı məlumdur. O da məlumdur ki, Azərbaycanla bağlı daha çox narazılıq hərbi-siyasi elitadan gəlir. Hansı ki, bir zamanlar, yəni Mahmud Əhmədinejadın prezidentliyi dövründə də məhz bu səbəbdən gərginlik üzdə idi. İndi isə kəskin şəkildə olmasa da, İran hərbi-siyasi dairələrində Bakıdan narahatlıq var. Xüsusən də İsraillə və ABŞ-la hərbi sahədə əməkdaşlıq Arazın o tayında narazılıqla qarşılanır. İran generalları hesab edir ki, İsrail Azərbaycandan İrana qarşı istifadə edə bilər. Ümumilikdə isə bir müsəlman ölkəsi olaraq Azərbaycanın İsraillə əlaqələri İranın mühafizəkar elitasını əsəbiləşdirir. Təsadüfi deyil ki, sentyabrda İsrail müdafiə naziri Aviqdor Libermanın Azərbaycana səfər edərək bir neçə gün qalması İran mediasında qısa müddətli bir dalğa kimi keçmişdi.

Lakin görünür, həm İran siyasi rəhbərliyində Azərbaycanla bağlı ikili münasibət, eləcə də Bakının İranın qəzəbini ortaya qoyması üçün səbəb verməməsi faktoru öz sözünü deyir. İranın mühafizəkar mediası münasibətləri yaralamadan, özlərinin qeyd elədiyi kimi, "Azərbaycanın müsəlman əhalisini incitmədən” narazılıq bildirirlər.

Oxşar xəbərlər