Elşad İsgəndərov XÜSUSİ SƏFİR kimi Bakıya qayıtdı…

  • 05 dek 2018, 14:08

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibi Dr. Yusif bin Əhməd Əl-Useymin bu gün İƏT-in Ciddədəki Baş Qərargahında səfir Elşad İskəndərovu İƏT Gənclər Forumunun sədri səlahiyyətlərinin başa çatması münasibətilə qəbul edib. Bu barədə "Report”a İƏT-in Gənclər Forumunun Bakı ofisindən bildirilib.

Görüşdə E. İskəndərovun İƏT Gənclər Forumunun qurucusu və son 4 ildə Forumun sədri kimi fəaliyyətlərini yüksək qiymətləndirən İƏT Baş Katibi həmçinin İƏT Gənclik Strategiyası, İƏT Gənclik Paytaxtları, İƏT Modeli kimi layihələrin, İƏT Gənclər Forumunun beynəlxalq sülh, İslam həmrəyliyi və mədəniyyətlərarası dialoqun gücləndirilməsinə yönəlmiş fəaliyyətlərin uğurla həyata keçirilməsində şəxsi səy və əməyinə görə Azərbaycanlı diplomata İƏT adından təşəkkürünü bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Xüsusi Tapşırıqlar üzrə Səfiri vəzifəsinə təyin olunması münasibətilə Elşad İskəndərovu təbrik edən Baş Katib Əl-Useymin, bunu Azərbaycanın İƏT və İƏT qurumları ilə əməkdaşlığına verdiyi yüksək qiymət kimi qiymətləndirib. Azərbaycanın İƏT üçün vacib ölkə olduğunu qeyd edən İƏT Baş Katibi, İƏT Gənclər Forumunun təşkilatın Məşvərət Şurasına yaxın 2 ildə azərbaycanlı diplomatın sədrlik edəcəyi haqqında qərarını məmnunluqla qarşıladığını və hər iki sahədə onunla əməkdaşlığa hazır olduqlarını bildirib.

Qeyd edək ki, 22-24 oktyabr 2018-ci ildə İƏT Gənclər Forumunun İstanbulda keçirilən 3-cü Baş Assambleyasında səlahiyyət müddəti başa çatan səfir Elşad İskəndərov Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin İƏT və İƏT qurumları ilə əməkdaşlığına məsul Xüsusi Tapşırıqlar üzrə Səfiri vəzifəsinə təyin olunub. Eyni zamanda E.İskəndərov Baş Assambleyanın qərarına əsasən qurumun İƏT üzv ölkləri hökümətləri ilə fəaliyyətlərini əlaqələndirəcək Məşvərət Şurasının sədri vəzifəsinə də təyin edilib.

Xatırladaq ki,  2012-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunan Elşad İskəndərov 2 il sonra – 2014-cü il mayın 2-də prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunub. Bunun səbəbi kimi onun da sonradan FETO terror şəbəkəsi kimi tanınan "Gülənçilərlə” yaxın olması göstərilib.

1473242860_1473225355_0001

Prezident Administrasiyasının sabiq şöbə müdiri Elnur Aslanovun vəzifədən azad olunmasından bir müddət sonra E.İskəndərovun da işdən çıxarılmasını Türkiyə hökumətinin tələbi ilə bağlayanlar da vardı. Hətta E.İskəndərovun fəaliyyəti, "Gülənçilərlə” əlaqələri və həmin şəxslərlə birgə fotoları haqqında Eynulla Fətullayevin rəhbəri olduğu saytlarda geniş yazılar da dərc edilmişdi və ANS-də reportaj yayımlanmışdı.  rdoğanın məxfi siyahısındakı ikinci adam – Elşad İskəndərov” başlıqlı yazıda iddia edilirdi ki, o, "Gülənçilərə” 2000-ci ildə – Azərbaycanın BMT-dəki nümayəndəliyində birinci katib işləyəndən qoşulub.

Maraqlısı o idi ki, kifayət qədər ciddi ittihamlar və faktların yer aldığı yazı ilə bağlı Dini Komitə sədri özü reaksiya verməmişdi. Sadəcə, qurumun keçmiş sədr müavini Elçin Əsgərov mediaya açıqlamasında E.İsgəndərovun "Gülənçilərlə” bağlı olduğuna dair yayılan xəbərləri "yalan və böhtan” adlandırmışdı.

Bununla belə bir müddət işsiz qalan E.İsgəndərov 1 oktyabr 2014-cü ildə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun sədri vəzifəsinə seçildi.

Oradan isə Azərbaycana Xarici İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar üzrə Səfiri kimi qayıdır… 

Oxşar xəbərlər