Xəbər lenti
Bütün xəbərlər

Avropa İttifaqının Azərbaycana qarşı böyük EYBİ

  • 23 noy 2018, 09:06

Gələn ay  Tiflisdə keçiriləcək Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumuna niyə Bakıdan heç kim dəvət edilməyib?; rəsmi Bakıdan etirazlar

10-12 dekabrda Tiflisdə Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun onuncu illik Məclisi keçiriləcək. Virtualaz.org bildirir ki, bu barədə Forumun saytı məlumat yayıb.

Xatırladaq, Şərq Tərəfdaşlığı Aİ-nin altı postsovet ölkəsi-Azərbaycan, Ermənistan, Belarus, Ukrayna, Moldova və Gürcüstanla Avropa İttifaqının inteqrasiya əlaqələrinin inkişafı üçün yaradılmış xüsusi layihəsidir.

"Şərq Tərəfdaşlığı” himayəsi altında keçiriləcək tədbirə isə Azərbaycan hökumətinin nümayəndələri dəvət edilməyib. Halbuki "Şərq Tərəfdaşlığı"nda dəyişikliklər vaxtı: biz öhdəsindən gəlirikmi?" mövzusunda  müzakirələrdə Ukrayna baş nazirinin müavini İvannı Klimpuş-Sintsadzenin,  Moldova baş nazirinin müavini Yuri Lyankenin, Belarus xarici işlər nazirinin müavini Oleq Kravçenkonun və Ermənistan xarici işlər naziri səlahiyyətlərinin müvəqqəti icraçısı Zohrab Mnatsakanyanın çıxışları nəzərdə tutulub.

Brüsseldəki diplomatik mənbələr virtualaz.org-a bildiriblər ki, Avropa İttifaqı qərara alınıb ki, rəsmi Bakının iştirakı Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi formatında məhdudlaşdırılsın.  Bundan başqa, Azərbaycan diplomatı iclasda müşahidəçi statusunda iştirak edəcək.

Diplomatik mənbələrin təsdiq etdiyinə görə, iclasda fəxri qonaq kimi Ermənistan hökumətinin başçısı Nikol Paşinyan iştirak edəcək. Avropa İttifaqı erməni baş nazirini 11 dekabr müzakirələrində iştirak etməyə dəvət edib. Maraqlıdır ki, erməni baş nazirinin Məclisin işinə cəlb edilməsi Ermənistanda parlament seçkilərinin başa çatmasından sonrakı növbəti günə düşür və ehtimal ki, N.Paşinyan ona verilmiş bu platformadan öz ölkəsində demokratik dəyərlərin qələbəsinin elanı üçün istifadə edəcək.

Ehtimal ki, söhbət Məclis iştirakçılarının mühakiməsinə veriləcək Yekun bəyannamə layihəsindən gedir. Bəyannamə layihəsində Ukraynanın və Gürcüstanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının tanınması Rusiyanın "işğalçılıq siyasəti” kontekstində ifadə edilir, amma orada Avropa ictimaiyyətinin Azərbaycanın bütövlüyünə və Qarabağ münaqişəsinin nəticələrinə münasibətini ifadə edən eyni fikir yoxdur.

Xatırladaq ki, Məclisin əvvəlki illərdəki yekun sənədlərində "Şərq Tərəfdaşlığı” layihəsində iştirak edən bütün dövlətlərin ərazi bütövlüyünə mütləq dəstək ifadə edilirdi.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifələrini icra edən Leyla Abdullayeva bildirib ki, məsələ Azərbaycanın Avropa İttifaqı yanındakı nümayəndəliyi tərəfindən araşdırılır: "Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumuna Azərbaycanın rəsmi nümayəndələrinin dəvət olunmaması faktı öz təsdiqini taparsa, bu, əlbəttə ki, Şərq Tərəfdaşlığı üçün müsbət hal olmayacaqdır”.

Avronest Parlament Assambleyasının(PA) həmsədri Məlahət İbrahimqızı modern.az-a açıqlamasında məsələyə kəskin etirazını bildirib: "Mətbuatdan oxudum ki, Tiflisdə Avropa İttifaqının(Aİ) Şərq Tərəfdaşlığı ölkələrində Vətəndaş Cəmiyyətinin  vəziyyəti ilə bağlı böyük konfrans keçirir. Konfransda Şərq Tərəfdaşlığına üzv olan ölkələr, Ukraynanın yüksək səviyyəli rəsmiləri, Moldovanın və digər dövlətlərin rəsmi şəxsləri dəvət olunub. Təəssüfedicidir ki, Azərbaycan hökumətini bu konfransda təmsil edəcək yüksək rəsmi şəxs yoxdur. Ümumiyyətlə, Azərbaycan dəvət olunmayıb. Ancaq Azərbaycanın Gürcüstandakı səfirliyi Azərbaycanı təmsil etmək üçün dəvət olunub. Bu da ancaq səfirliyimizin  müşahidəçi qismində iştirakı kimi nəzərdə tutulub. Bu, həqiqətən də ədalətsiz, ikili standartlara dayanmış qərəzli yanaşmadır".

M.İbrahimqızı  Şərq Tərəfdaşlığı ölkələrində Azərbaycanın ən çox töhfə verən ölkələrdən biri olduğunu vurğulayıb:"Azərbaycanın Avropa İttifaqı ilə ən yüksək səviyyədə əməkdaşlığı var. Bu yaxınlarda möhtərəm prezidentimiz Brüsseldə olarkən görüşlər keçirib. Azərbaycan Avropa məkanında ən önəmli dövlətlərdən, enerji təhlükəsizliyində aparıcı ölkələrdən biridir. Bu baxımdan Azərbaycan 10-dan çox ölkənin strateji müttəfiqidir. Qeyd etdiyim kimi Şərq Tərəfdaşlığı çərçivəsində də Azərbaycan önəmli ölkələrdən biridir. Hesab edirəm ki, Azərbaycana bu formada yanaşma  tam qərəzlidir. Görünür, burada da ermənipərəst qüvvələr daha çox fəallıq göstəriblər. Həmsədr kimi bu cür yanaşmanı qınayaraq etirazımı bildirirəm”.

Assambleyanın xanım həmsədri Azərbaycana qarşı bu cür yanaşmaya inana bilmədiyini də istisna etməyib: "Konfrans  dekabrın 10-12-dədir. Bəlkə də dəvət olacaq. Ancaq adətən belə tədbirlərdə rəsmi dəvətnamələr  xeyli öncədən göndərilir. Hələ də inana bilmirəm ki, belə yanaşma ola bilər.

Oxşar xəbərlər