Paşinyanın çoxgünlük Qarabağ “səfəri”nin pərdəarxası

  • 07 noy 2018, 10:16

Qanunsuz ziyarəti nə zəruri edib? Ermənistanın yeni rəhbərliyi də vaxt uzatmağa çalışır - seçki motivi, yoxsa Rusiya qorxusu; azərbaycanlı hərbi ekspert: "Qarabağda əməliyyatların bərpası ehtimalı yüksəkdir...”

Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan ilk dəfə olaraq işğal altındakı Dağlıq Qarabağda bir neçə gün qalıb. Məlumatlara görə, burada o, işğalçı ölkənin güc strukturlarının və separatçı rejimin rəhbərləri ilə müzakirə aparıb. Bu da ekspert çevrələrində bir sıra suallar doğurub.

Söhbət hər şeydən öncə Ermənistanın növbədənkənar seçki zolağına girməsindən və Dağlıq Qarabağa qanunsuz ziyarətin ABŞ prezidentinin milli məsələlər üzrə müşaviri Con Boltonun İrəvan səfərindən az sonraya təsadüf etməsindən gedir. Bəs Nikol Paşinyanın Qarabağa gəlişi ilə bu məsələlər arasında bağlılıq nə dərəcədədir?     

*****

"Nikol Paşinyan ətrafında yaranan vəziyyət ondan xəbər verir ki, onun gələcəyi sual altındadır”. "Yeni Müsavat”ın məlumatına görə, bunu rusdilli minval.az saytına müsahibəsində hərbi ekspert, silahlı qüvvələrin istefada olan polkovniki Şair Ramaldanov Paşinyanın günlərdir işğal altındakı torpaqlarımızda olmasının səbəblərindən danışarkən deyib.

Onun sözlərinə görə, hazırda Ermənistandaxili durum partlayış həddindədir və paralel surətdə Rusiya, ABŞ və Avropa amilləri də nəzərə alınmaqla işğalçı ölkə ətrafında situasiya da mürəkkəb olaraq qalır: "Məsələ ondadır ki, hamı bu ölkədəki hakimiyyət dəyişikliyindən yararlanmaq və müəyyən mənfəətlər götürmək istəyir. Paşinyanın mövqeyi çoxdan aydındır. Onu daha çox ”qərbyönlü" siyasətçi sayırlar. Moskvanın da onunla bağlı xeyli sualı var. Təsadüfi deyil ki, Con Boltonun Ermənistan səfərindən sonra Moskva İrəvanın ünvanına kəskin bəyanatla çıxış etdi".

Hərbi ekspert hesab edir ki, Rusiyanın Ermənistanla münasibətlərində nə qədər çox problem olsa, bir o qədər bizim xeyrimizədir: "Bu gün Azərbaycanı işğal altındakı torpaqlarını hərbi yolla azad eləməkdən çəkindirən yeganə qüvvə Rusiyadır. Biz buna 2016-cı ilin aprelində əmin olduq. O vaxt münaqişə tərəflərinin güc qurumlarının nümayəndələri Moskvaya elə-belə yox, atəşkəsi qorumağa əməl eləmək üçün çağırılmışdılar. Və biz bilirik ki, aprel müharibəsini Moskva dayandırıb. İndi vəziyyət dəyişə bilər. Əgər Rusiya ”yaşıl işıq" yandırsa, ali baş komandan İlham Əliyevin dediyi kimi, odumuz qısa zamanda işğalçı qüvvələri darmadağın edib ərazi bütövlüyümüzü bərpa edər".

Paşinyanın özünün tez-tez Qarabağa baş çəkməsinə gəlincə, Ramaldanova görə, adətən Ermənistanda vəziyyət pisləşən kimi erməni rəsmilər tez-tez "Qarabağ kartı”ndan kozır kimi istifadə edirlər: "Onlar işğal altındakı Azərbaycan torpaqlarına gedərək, ictimai fikri daxili problemlərdən yayındırmağa çalışırlar. Paşinyanın gəlişi də bununla bağlıdır. Üstəlik, Xankəndində onu elə də sevmirlər. Çünki o, ”Qarabağ klanı" üçün yaddır. Bu da məlumdur ki, Ermənistanın özündə "Qarabağ klanı”nın nüfuzu böyükdür. Bütün bunları nəzərə alan Paşinyan özünün Ermənistanla bağlı siyasətinə bu klanın təmsilçilərinin mənfi təsirini "yumşaltmağa” səy edir". Onun işğal altındakı ərazilərimizdə uzun müddət olmasının daha bir səbəbi var. Erməni KİV-ləri xəbər verib ki, guya onun oğlu orada xidmət edir. Ola bilsin, həm də əlində "bağlama” oğluna dəymək istəyib ki, görsün nə edir".

Hərbi ekspert erməni rəhbərlərinin verdiyi vədlərə də skeptik yanaşır. "Biz ermənilərin xarakterini, etibarsızlığını və çevikliyini əla bilirik. İstənilən an onlar dünən verdikləri sözü unuda bilərlər. Odur ki, mənə Paşinyanın ”Qarabağ məsələsində Azərbaycanın da maraqları nəzərə alınmalıdır" sözlərinə proqnoz vermək çətindir. Əgər o, qəti olaraq qərbyönlü mövqe tutsa, Moskva Ermənistana qarşı ciddi addımlar atacaq - o cümlədən Dağlıq Qarabağ məsələsində. O zaman Rusiya Azərbaycana öz ərazilərini azad etmək imkanı yaradacaq. Yox, Rusiyayönlü siyasət aparsa, - nəyə ki, mən şübhə edirəm, - o zaman hər şey indiki kimi qalacaq", - deyə o ehtimal edib.

Hərbi ekspertin qənaətincə, bu gün Dağlıq Qarabağda əməliyyatların bərpası ehtimalı yüksəkdir. "Hələ ki biz yalnız quru sözlər, rəylər eşidirik. Problemin həllində konkret addımlar görmürük. Bir sözlə, vəziyyət indi mürəkkəb və ziddiyyətlidir. Prinsipial məsələ ərazilərin qaytarılması ilə bağlıdır. Bir dəfə mən ABŞ-da erməni nümayəndələri ilə bir yerdə idim. Onlarla söhbətdə dedim ki, Azərbaycan Qarabağdakı erməni icmasına hər cür hüquqlar verməyə hazırdır, ancaq siz həm də ərazi istəyirsiniz, bu isə məqbul deyil və sırf işğalçı yanaşmadır. Fikrimcə, erməni ictimaiyyəti bunu artıq başa düşməyə başlayıb. Bizim isə onlara təklif edəcəyimiz başqa heç nə yoxdur. Bakının Qarabağ ermənilərinə təklif elədiyini indiyə kimi heç kim təklif eləməyib”, - deyə sonda Ramaldanov əlavə edib.

*****

"Ermənistanın siyasi dairələrinin Qarabağın statusu barədə narahatlığı aydın məsələdir”. Bu sözləri isə axar.az-a-a açıqlamasında rusiyalı konfliktoloq Yevgeni Mixaylov deyib. "Hər şeydən əvvəl mənim fikrimcə, İrəvan başa düşür ki, mübahisəli əraziləri əlində saxlamaq üçün siyasi rıçaqlarını itirir. Bundan əlavə, Qarabağın statusunun yaxın vaxtlarda dəyişə biləcəyi ilə bağlı təəssürat yaranır”, - deyə politoloq vurğulayıb.

Onun sözlərinə görə, Düşənbədə iki ölkə rəhbəri arasında razılıqlar barədə danışan İrəvan Azərbaycan prezidenti İlham Əliyevin ayaqüstü və şifahi formada verilmiş olsa belə, sözünü tutduğunu qəbul edir. "İrəvan siyasətçiləri özlərinin tez-tez etdikləri şeylərdən narahat olurlar. Daha doğrusu, sözlərini tutmurlar. Bunu Azərbaycana aid etmək olmaz. Erməni siyasətçilərin Düşənbə razılaşmalarını tələ kimi qəbul etməsi onların Rusiyanın tam hüquqlu dövlətçilik qurma şansı verdiyi bütün Ermənistanın gələcəyinə dair narahatlıqlarının zirvəsidir. Aydındır ki, Ermənistan böyük SSRİ-nin mirasını düzgün istifadə edən digər ölkələrdən fərqli olaraq bu şansını qaçırır” - ekspert bildirib.

Beləcə, Paşinyan iqtidarının Dağlıq Qarabağ məsələsində ziddiyyətli, eyni zamanda qeyri-müəyyən mövqeyi problemin həlli üçün sülh yolunu qəlizləşdirməklə yanaşı, müharibə variantının da öz aktuallığını saxlamasına xidmət edir. Görünür, rəsmi İrəvanın "hərb, yoxsa sülh” seçimində nəyə üstünlük verəcəyini bilmək üçün ən azından, Ermənistanda dekabrın 9-na təyin edilmiş erkən parlament seçkilərinin nəticələrini və yeni baş nazir seçkisini gözləmək lazım gələcək. Bakının da, Moskvanın da Ermənistanla bağlıq mövqeyi yəqin ki, məhz o vaxt xeyli dərəcədə cilalanmış olacaq...

Siyasət şöbəsi

Oxşar xəbərlər