Avropa İttifaqı və Azərbaycan münasibətlərində YENİ MƏRHƏLƏ

  • 07 noy 2018, 09:45

Ekspert: "Bakıda keçirilən təhlükəsizlik dialoqu sazişə hazırlıqda mühüm addımdır”

Xəbər verdiyimiz kimi, Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında təhlükəsizlik dialoqu keçirilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Avropa İttifaqının nümayəndə heyətinə Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin siyasi məsələlər üzrə müavini Jan Kristof Belyar rəhbərlik edib. Aİ nümayəndə heyəti Xarici İşlər Nazirliyində nazir müavini Araz Əzimovla görüşüb. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev və digər rəsmilərlə görüş keçirib.

Dialoq çərçivəsində regional və beynəlxalq gündəlikdə duran məsələlər, o cümlədən terrorizm, separatçılıq və ekstremizmin bütün forma və təzahürlərinə qarşı mübarizə, transmilli mütəşəkkil cinayətkarlıq və qaçaqmalçılıq, kibertəhlükəsizlik və digər təhlükəsizlik hədələrinə qarşı mübarizə sahəsində əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb. Həmçinin görüş əsnasında Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində uğurlu əməkdaşlıq və Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyinə töhfəsi qeyd olunub.

Tərəflər bir-birilərinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı öhdəliklərinə sadiq qaldıqlarını təkrar ediblər. Bildirilib ki, hazırda üzərində danışıqlar aparılan yeni tərəfdaşlıq sazişi Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın hərtərəfli inkişafı üçün əlverişli imkanlar yaradacaq.

Aİ tərəfi Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin hazırkı vəziyyəti barədə məlumatlandırılıb. Vurğulanıb ki, yalnız Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi və zor gücünə didərgin düşmüş insanların öz evlərinə geri qayıtması bölgədə davamlı sülh və dayanıqlı inkişafa gətirə bilər.

Tərəflər ilk dəfə keçirilən bu dialoqu münasibətlərində yeni bir məqam kimi dəyərləndirib və dialoqun növbəti ildə davam etdirilməsi barədə razılığa gəliblər.

Avropa İttifaqı üzrə ekspert Yeganə Hacıyeva "Yeni Müsavat”a şərhində bildirdi ki, təhlükəsizlik dialoqu Azərbaycan-Avropa İttifaqı münasibətlərində mühüm mərhələnin başlanğıcıdır. Bu dialoqun keçirilməsi və davam etdirilməsi barədə qərara gəlinməsi sazişin imzalanmasını yaxınlaşdıran amillərdəndir: "Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişi üzərində intensiv iş gedir və strateji tərəfdaşlıq üzrə sazişin bəndlərinin əksəriyyəti razılaşdırılıb. Bu yeni saziş gələcək illərdə Azərbaycan və Aİ arasında münasibətlər üçün yeni hüquqi əsas kimi nəzərdə tutulur. Aİ nümayəndə heyətinin iştirakı ilə Bakıda aparılan dialoq birmənalı olaraq danışıqların daha ciddi mərhələyə keçməsi kimi qəbil olunmalıdır”.

Ekspert bildirdi ki, təhlükəsizlik dialoqunda Aİ-nin Dağlıq Qarabağla bağlı mövqeyinin bir daha ortaya qoyulması mühüm əhəmiyyət kəsb edir: "Aİ Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquqla tanınmış sərhədlərini tanıyır, suverenliyi və müstəqilliyini dəstəkləyir. Aİ üçün Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması  regionda sabitliyin və inkişafın artırılmasına maneçilik törədən məqamdır. Aİ qitələrarası strateji keçid regionu olan Cənubi Qafqazda sülhün bərqərar olunmasında maraqlı tərəf olsa da, məhz bu regionda təhlükəsizliyin və dayanıqlı sülhün bərqərar olunması üçün hər hansı birbaşa təsir mexanizmlərinə malik deyil. Lakin Aİ bu regionda dayanıqlı sülhün əldə olunması üçün Ermənistana təzyiq və təsir vasitəsi kimi istifadə oluna biləcək informasiyalara, diplomatik və iqtisadi rıçaqlara malikdir. Azərbaycan isə haqlı olaraq strateji tərəfdaşlarından, xüsusilə enerji təhlükəsizliyində rol aldığı strateji tərəfdaşı Aİ-nin regionda beynəlxalq hüquq və normaların bərqərar olunması, dayanıqlı sülh və inkişafın əldə edilməsi istiqamətində malik olduğu bütün təsir və təzyiq vasitələrini istifadə etməsində israrlıdır. Azərbaycan üçün Aİ ilə təhlükəsizlik dialoqunun nüvəsini əldə olunmuş razılaşmaların ərazi bütövlüyümüzün bərpa olunmasına xidmət etməsi, konfliktin həllində real irəliləyişlərin əldə olunması təşkil edir.

Təhlükəsizlik üzrə dialoq müzakirəsi üçün ölkəmizə buyurmuş heyətin Azərbaycan xarici işlər nazirinin müavini, Prezidentin Dağlıq Qarabağ məsələləri üzrə xüsusi nümayəndəsi Araz Əzimovla görüşünün ana xəttini məhz bu mövzu təşkil edib. Nəzərə alsaq ki, Araz Əzimov, həmçinin ABŞ-Azərbaycan təhlükəsizlik dialoqunda Azərbaycandan olan həmsədrdir, bu o deməkdir ki, aparılan təhlükəsizlik müzakirələri tək regional deyil, qlobal əhatəli və əhəmiyyətlidir. Regionda mövcudluğu və maraqlı olan hər bir qlobal güc mövcudluğunun legitimləşməsi istiqamətində, regionda sülhün bərqərar olunmasında məsuliyyəti bölüşməli və beynəlxalq hüququn və ədalətin bərpası üçün səylərini əsirgəməməlidir".

"Yeni Müsavat"

Oxşar xəbərlər