QAT DURMUR - Üç dövlətin Bakıdakı səfirlikləri qarşısında aksiya ANONSU

  • 02 noy 2018, 09:41

Qarabağ Komitəsi piketlərə hazırlaşır

Qarabağ Azadlıq Təşkilatının qərargahında Qarabağ Komitəsinin İlham İsmayılın sədrliyi ilə iclası keçirilib. Qarabağ Komitəsinin üzvü, AXP sədri Pənah Hüseynin verdiyi məlumata  görə, gündəlikdə ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ-ın, Rusiyanın və Fransanın Bakıdakı səfirlikləri qarşısında piketlərin keçirilməsi, 1988-ci ilin noyabr-dekabr hadisələrinin 30 illiyinə hər olunmuş dəyirmi masanın keçirilməsi, təşkilati məsələlər, İşçi Qrupun yeni tərkibinin seçilməsi olub. 1-ci məsələ barədə qərara alınıb ki, 8 noyabrda saat 11-də Fransa səfirliyi, saat 12-də ABŞ və saat 13-də Rusiya Federasiyasının Bakı səfirlikləri qarşısında piketlər keçirilsin. Bakı Şəhər İcra Hakimiyyətinə piketlərlə bağlı müraciətin mətni qəbul olunub.

2-ci məsələ barədə isə qərara alınıb ki, 15 noyabr saat 12-də "Milli Dirçəliş gününün 30 illiyi və Qarabağ” mövzusunda dəyirmi masa keçirilsin. Bu tədbirin harada keçiriləcəyi dəqiqləşdiriləcək.

Toplantıda şəhid ailələrinə birdəfəlik yardımın ödənilməsi ilə bağlı yaranmış vəziyyət müzakirə olunub və bəyanat qəbul edilib. Bəyanatda bildirilir ki, şəhid ailələrinə birdəfəlik yardımın ödənilməsi ilə bağlı məsələ mahiyyətcə milli təhlükəsizliyimizə aid olduğuna, Qarabağın işğaldan azad olunması ilə əlaqədar olduğuna görə Azərbaycan hökuməti bu barədə qərarı dərhal və qeyd-şərtsiz icra etməlidir. Məmurlar bürokratik hiylələrdən istifadə edərək şəhid ailələrini incitməməlidir.

Toplantıda 24 noyabra təyin edilmiş Qarabağ mitinqinə hazırlığın gedişi də müzakirə edilib.

Qeyd edək ki, mitinqə şərait yaradılması üçün ötən həftə Bakı Şəhər İcra Hakimiyyətinə Qarabağ Komitəsinin üzvlərinin imzası ilə rəsmi məktub göndərilib. Məktubda mitinqin saat 15-dən 17-yədək Yasamal rayonunda "İnşaatçılar” metro stansiyasının yaxınlığındakı keçmiş "Məhsul” stadionunda keçirilməsinə razılıq verilməsi istənilib. Eyni zamanda piketlər üçün də meriyaya rəsmi məktub göndərilib.

Qarabağ Komitəsinin üzvü Akif Nağının "Yeni Müsavat”a verdiyi məlumata görə, meriyadan hələ heç bir reaksiya yoxdur. Komitə isə həm 24 noyabr mitinqinə, həm də piketlərə hazırlıq işləri aparır.

Eyni gündə üç ölkənin səfirlikləri qarşısında aksiya qərarının verilməsinin səbəbləri barədə danışan Akif Nağı dedi ki, Minsk Qrupu həmsədrlərinin səmərəsiz fəaliyyəti artıq hər kəs tərəfindən, o cümlədən Azərbaycan iqtidarı tərəfindən etiraf olunur. Ona görə də bu piketlərin keçirilməsinə zərurət yaranıb. Eyni zamanda belə vəziyyətdə piketlərə razılıq verilməsi lazımdır: "Bu formatda danışıqların davam etdirilməsi mümkün deyil. Həmsədrlər açıq-aydın ermənilərin maraqlarına xidmət edirlər, Dağlıq Qarabağdakı qondarma rejimi təbliğ edirlər. Bu, vasitəçilik missiyası deyil, ermənilərə yardım missiyasıdır. Minsk Qrupu həmsədrlərinin vasitəçilik missiyası çoxdan iflasa uğrayıb. Biz hesab edirik ki, həmsədrlərə münasibətdə vahid mövqe olmalıdır. Ona görə də piketlərə razılıq veriləcəyinə ümid edirik”.

Oxşar xəbərlər