Xəbər lenti
Bütün xəbərlər

EKSPERT: "Rusiya Azərbaycanda “Amerika laboratoriyası” axtarır"

  • 12 okt 2018, 08:45

İlham İsmayıl: "Kremlin əsas hədəfi postsovet məkanında öz təsir vasitələrini saxlamaqdır...”

Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi İqor Kirillovun son açıqlamaları maraq doğurub. O, Azərbaycan, Ukrayna və Özbəkistanda  Pentaqonun nəzarəti altında olan laboratoriyaların yenidən qurulduğunu və həmin bioloji laboratoriyaların rekonstruksiyasının davam etdiyini bildirib.

Bundan əlavə, Rusiya hərbi dairələrinin nümayəndələri bildirirlər ki, ABŞ bioloji silah işləmləri həyata keçirir və bəzi postsovet məkanı ölkələrindəki laboratoriyalarında insanlar üzərində təcrübə aparır. Rusiyalı hərbçilər Azərbaycanda 8 belə laboratoriyanın olduğunu qeyd edirlər. Həmçinin onların fikrincə, ABŞ Moldova, Gürcüstan, Qazaxıstan kimi ölkələrdə də biomərkəzlər (Luqar mərkəzləri) açıb.

Azərbaycan Müdafiə Nazirliyi artıq bununla bağlı açıqlama verərək, ölkə ərazisində başqa dövlətin nəzarətində olan hər hansı laboratoriyanın olmadığını bildirib.

İ.Kirillovun bu bəyanatının arxasındakı sirr pərdəsinin nədən ibarət olduğu yönündə səslənən fikirlər müxtəlifdir. Çoxları bunun Rusiyanın növbəti oyunu olduğunu qeyd edir. Kremlin belə bəyanatlarla postsovet ölkələrinə mesajlar ünvanladığı vurğulanır. Ukrayna, Gürcüstan kimi Qərbə sürətlə meyllənən ölkələrin fonunda digər postsovet dövlətlərində də bu cür meyllənmələrin qarşısını almaq üçün Rusiyanın "Pentaqon variantı”nı ortaya atdığı bildirilir.

Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl qəzetimizə bildirdi ki, belə laboratoriyaların olduğunu ilk dəfə rusların dilindən eşidib: 

"Azərbaycan ərazisində deyil, postsovet məkanında belə laboratoriyaların olması haqqında ilk dəfə ruslardan eşitmişəm. Paşinyan hakimiyyətə gələndən sonra Ermənistanın ərazisində bu laboratoriyaların olduğunu dilə gətirdilər. Mütəxəssis olmadığım üçün bioloji laboratoriyalarda nəyin hazırlandığı, yaxud satıldığı barədə nəsə deyə bilmərəm. Amma adətən belə yerlərdə kimyəvi silahlar hazırlana bilər. Açığı, inanmıram ki, kimyəvi silahların hazırlanmasını postsovet məkanında həyata keçirsinlər. Hər halda, inandırıcı deyil ki, hər bir postsovet ölkəsində bioloji laboratoriyalar qurulsun. Amma bilirsiniz bu, nəyə bənzəyir, Amerika bir yerə hücum etməmişdən öncə o yerlərdə kimyəvi, bioloji silahların mövcudluğu haqqında xəbərlər verilir. Yaxşı bilirsiniz ki, İraq və digər yerlərə hücumlar bunun əsasında həyata keçirilib. Mənə elə gəlir ki, Rusiya bu ölkələrə müdaxilə etmək üçün bir əsas axtarır. Xüsusilə Amerikanı bioloji məsələdə günahlandırmaq üçün bu tipli açıqlamalar verilir. Çünki Rusiyanı Suriya məsələlərində kimyəvi silahlar hazırlamaqda günahlandırırlar. Kreml burada, sadəcə, əks hücuma keçir. Bu əks hücumda da Rusiyanın əsas hədəfi postsovet məkanı olur. Bu məkana daxil olan ölkələrdə öz təsir vasitələrini saxlamağa çalışır. Təsirlərini saxlamaq üçün də bu cür təzyiqlər edir. Əsas hazırlayır ki, biz o bioloji laboratoriyalardan Rusiyaya bir təhlükə gördük deyə, Azərbaycan və digər ölkələrə müdaxilə etdik. Bunlar açığı, inandırıcı gəlmir. Sadəcə olaraq, bu, Rusiyanın qabaqlayıcı, informasiya xarakterli hərəkətlərinə əsas gətirəcək işlərdən başqa bir şey deyil. Heç inandırıcı gəlmir ki, Amerika digər yerləri qoyub, postsovet məkanında laboratoriyalar açsın. Ola bilsin ki, bir ölkədə laboratoriya açıb elmi xarakterli hansısa işlər görsün. Amma burada müəyyən bir məxfilik qorunur. Kirillovun və digərlərinin belə bəyanatları Rusiyanın yeri gələndə müdaxiləsi üçün əsasların olmasından başqa bir şey deyil”.

İ.İsmayıl Pentaqon adının hallanmasının təsadüf olmadığını düşünür: "Burada Pentaqon sözünü mütləq yeridirlər, yəni bu, elmi xarakter daşımır, hərbi xarakter daşıyır, hərbi olduğu üçün özümüzü müdafiə edirik, bu məqsədlə həmin yerlərə müdaxilə edirik. Bu, Putinin yaratdığı informasiyanın əsasında müəyyən müdaxilələrə əsas verir. NATO-nu niyə qəbul etmirlər? Guya bu təhlükə yaradacaq. Doğrudur, Rusiyanın apardığı siyasətə görə müəyyən təhlükələr yaradar. Pentaqon sözünü əlavə etməkdə məqsəd odur ki, bu, hərbi xarakter daşıyır, bunun üçün də müdaxilə etmək ixtiyarım var. Rusiyanın ətraf yerlərlə bağlı siyasəti ondan ibarətdir ki, Ukrayna, Gürcüstan, Moldova kimi ölkələrin Qərbə meylləndiyini görüb, orada separatçılığı inkişaf etdirib, torpaqlar tutub. Hazırda da təhdidlərindən əl çəkmir. Əsas məqsəd odur ki, NATO Rusiya sərhədlərinə yaxınlaşmasın, onlara təhlükələr törətməsin. Ukrayna və Gürcüstan artıq Qərb yolunu tutublar, geri dönəsi deyillər. Bunu da ruslar bilməmiş deyillər. Bu baxımdan başqa respublikalara da təzyiqlərini artırırlar ki, birdən siz də belə olarsınız. Onların içərisində Azərbaycan da var”.

"Yeni Müsavat” 

Oxşar xəbərlər