XİN-in “qara siyahısı”nda yeni adlar

  • 10 okt 2018, 10:13

Onların arasında "siyahı”ya təkrar düşənlər də var

Xəbər verildiyi kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan oktyabrın 8-də bir qrup rusiyalı qadın ictimai xadimlə birlikdə Azərbaycanın işğal altındakı ərazilərinə, qoşunların təmas xəttinə gəlib. Anna Akopyan bu səfəri özünün "Qadınlar sülh naminə” sülhməramlı təşəbbüsü çərçivəsində təşkil etdiyini iddia edib.

Akopyanın Azərbaycanın işğal olunmuş ərazilərinə təşkil etdiyi səfərdə Rusiya vətəndaşları olan "İnam” ("Vera”) Beynəlxalq Xeyriyyə Fondunun təsisçisi Anna Federmesser, yazıçı Lyudmila Ulitskaya və "Qadın dialoqu” Partiyasının sədri Yelena Semerikova, Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədr müavini Svetlana Jurova və digərləri iştirak edib.

Ekspertlər hesab edir ki, onların bu addımı həm də Azərbaycan-Rusiya münasibətlərinə ziyan vurmaqdır. Sülhməramlılıq adı altında belə təbliğat heç bir baxımdan düzgün sayıla bilməz. Bu sayaq təşəbbüslər, bu addımı atanlar sülhməramlılıq və sülhsevərlik kimi xoşməramlı fəaliyyətlərə zərbə vururlar.

Artıq Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı açıqlama verib. Açıqlamada deyilir ki, sülh istəyənlər müharibəni davam etdirməməli, insan itkisinin qarşısını almaq istəyənlər digər dövlətin ərazilərini hərbi işğal altında saxlamamalı və nəhayət, qadınları və anaları sülhə dəvət edənlər şəxsən öz övladlarını Azərbaycanın beynəlxalq normalarla tanınmış ərazilərinə hərbi xidmətə göndərməməlidirlər. XİN açıqlamasında bəyan edib ki, Qarabağa icazəsiz gələnlərlə bağlı araşdırmalar aparılacaq: "Azərbaycan Respublikasının qanunlarını ciddi pozaraq ölkəmizin işğal edilmiş ərazilərinə qanunsuz səfər edən əcnəbi vətəndaşlara gəldikdə isə, hazırda onlarla bağlı məlumat araşdırılır və bu şəxslər müəyyənləşdirildikdən sonra onların adlarının ölkəmizə girişi arzu olunmayan şəxslər siyahısına əlavə edilməsi ilə bağlı müvafiq qərar qəbul ediləcək”.

Qeyd edək ki, siyahıda müxtəlif dövlətlərin vətəndaşı olan 707 nəfərin adı var. Anna Akopyanla işğal olunmuş Azərbaycan ərazilərinə səfər edən Yelena Semerikova isə 2007-ci ildən bu siyahıdadır. Onun həmvətənlərinin bir qrupu törətdikləri eyni əmələ görə Azərbaycan XİN-in "qara siyahısı”na daxil edilmişdilər. Lakin bir müddət sonra peşmanlıq yaşayıb, Azərbaycandan üzr istəyənlər olmuşdu. Məsələn, Rusiya Liberal Demokrat Partiyasının liderlərindən biri Azərbaycanın işğal olunan ərazilərinə getdiyi üçün üzr istəyəndən sonra siyahıda çıxarılıb.

Rusiya Federasiyası vətəndaşı, "Sülh naminə musiqi” layihəsinin üzvü, musiqiçi Dmitri Uvarov Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş etmişdi. O, məktubunda 2015-ci ildə "Sülh naminə musiqi” layihəsi çərçivəsində Dağlıq Qarabağa səfər etdiyini, Azərbaycanın razılığı olmadan həmin əraziyə səfərin qadağan olunduğu və doğuracağı nəticələr barədə məlumatlı olmadığını yazmışdı. O, bu səfərin Azərbaycan Respublikasına və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulamışdı. Dmitri Uvarov Azərbaycan Respublikasının qanunlarına hörmət etdiyini qeyd edərək, sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini vurğulamışdı. O, münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, 20 mindən çox insanın həlak olduğunu qeyd etmişdi. D.Uvarov Bakıya səfər edib, işğaldan azad olunan Cocuq Mərcanlı kəndində "Sülh naminə musiqi” layihəsi çərçivəsində azərbaycanlı qaçqınlara xeyriyyə konserti vermək niyyətində olduğunu da vurğulamışdı.

Onunla birlikdə Rusiya vətəndaşı Mariya Nemtsova da belə bir məktubla Azərbaycanın rəsmi qurumlarına müraciət edib üzr istəmişdilər. Rusiya və İsrail vətəndaşı, blogger Aleksandr Lapşin də Azərbaycan ərazisinə qanunsuz daxil olduğu üçün 2017- ci ildə rəsmi Bakının tələbi ilə Belarusun paytaxtı Minskdə həbs edilmişdi. Bakıya gətirilib məhkəmə hökmü ilə bir müddət həbsdə qaldıqdan sonra Lapşin prezident İlham Əliyevdən, Azərbaycan xalqı və dövlətindən üzr istəmişdi. Bundan sonra azad edilmişdi.

Politoloq Natiq Miri "Yeni Müsavat”a şərhində bildirdi ki, bu faktları Ermənistan baş nazirinin həyat yoldaşı ilə Azərbaycan ərazilərinə qanunsuz səfər edən Rusiya vətəndaşları unutmamalıdırlar: "Onlar fərqində olmalıdırlar ki, adları XİN-in məlum siyahısına daxil edildikdən sonra Azərbaycanın ərazisinə qanunsuz daxil olduqları üçün barələrində cinayət işi də açıla bilər. Çünki buna Azərbaycanın tam hüququ var. Səhvlərini başa düşüb üzr istəyənlərin sayı çoxdur. Bu, onu göstərir ki, Lapşinin timsalında Azərbaycana qarşı hörmətsizlik edənlərə, səhvə yol verənlərə reallığı Bakıda da başa salmaq mümkündür. Hər kəs bilməlidir ki, Ermənistanın yalanlarına uyub Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmək hüquqi məsuliyyət daşıyır və məsuliyyətdən yaxa qurtarmaq elə də asan deyil”.

"Y.M”

Oxşar xəbərlər