Xəbər lenti
Bütün xəbərlər

Politoloq: “Qarabağda müharibə artıq başlayıb”

  • 01 okt 2018, 08:47

"Orduda Qarabağ klanına bağlı qüvvələr atəşkəs rejimini pozmaqla ona təzyiq göstərməyə çalışa bilərlər”

Ötən həftənin ən yadda qalan hadisələrindən biri MDB ölkələrinin başçılarının Düşənbə sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında qısa müddətli danışığın və təmas xəttində atəşkəs rejiminə əməl edilməsi barədə razılıq əldə etmələri oldu.

Qeyd edək ki, bu, Nikol Paşinyanın baş nazir kimi Azərbaycan prezidenti ilə ilk danışığı idi. AzərTacın yaydığı məlumata görə, Düşənbədə İlham Əliyev və Paşinyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər. Tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.

N.Paşinyan isə ayaqüstü söhbətlə bağlı daha detallı məlumatlar açıqlayıb. O, facebookdakı canlı yayımda Azərbaycan prezidenti ilə qonşu ölkənin ikitərəfli münasibətlərində üç məqamı müzakirə etdiklərini deyib: "Birinci məqam: Ermənistan və Azərbaycan müdafiə nazirləri razılığa gəlməlidirlər ki, sərhəddəki hadisələrin qarşısı alınsın. İkinci məqam Ermənistanın baş naziri və Azərbaycan prezidenti dialoq və danışıqlara sadiq qalacaqları barədə anlaşıblar və hər ikisi Qarabağ məsələsinin sülh yolu ilə həllinin vacibliyini qeyd ediblər. Razılığa gəldiyimiz üçüncü vacib qərar aramızda operativ əlaqənin təşkili ilə bağlı oldu. Bunu ölkələrimizdəki müvafiq qurumlara tapşıracağıq”.

Paşinyana görə, atəşkəs rejimini qoruyub saxlamaq üçün belə əlaqənin olması çox mühümdür. "Bizim üçün başlıca problem atəşkəs rejiminin pozulması hallarının qarşısının alınması idi... Açığını deyim ki, onunla razılığa gəldiyimiz üçün şadam”- erməni baş nazir əlavə edib.

Ekspertlər hesab edir ki, Düşənbə təması ilə bağlı açıqlanan bu detallar birmənalı şəkildə Bakının diplomatik uğurudur. Paşinyanın sərt müharibə ritorikasının işə yaramadığı, Azərbaycanın hərbi gücü etiraf olunur və lüzumsuz savaş ritorikası kənara qoyulur.

Paşinyan Düşənbə görüşündə Dağlıq Qarabağ münaqişəsində məhz Ermənistanın münaqişə tərəfi olduğunu faktiki olaraq qəbul edib.

Atəşkəs rejimini Ermənistan tərəfi pozduğu üçün atəşkəs rejiminə əməl edilməsi vədini də belə görünür ki, Paşinyan verib. Bəs, Paşinyan bu vədin üzərində dayana biləcəkmi?

Politoloq Qabil Hüseynli bildirdi ki, Paşinyan Azərbaycan prezidenti ilə ayaqüstü söhbətdən sonra qondarma Dağlıq Qarabağ rejiminin rəhbərinə zəng edərək atəşkəs rejiminə ciddi əməl edilməsi barədə mesajını çatdırıb. Bu barədə Ermənistan mediası da məlumat yayıb: "Zənnimcə Paşinyanın parlament seçkilərini keçirib parlamentdə üstünlüyü qazandıqdan və hakimiyyətini möhkəmləndirdikdən sonra Qarabağ məsələsinin həlli istiqamətində hansısa ciddi addımlara gedə bilər.

Əlbəttə, Paşinyanın cəbhə xəttində monitorinq sistemini tətbiq etməklə bağlı fikirləri, atəşkəs rejiminə ciddi əməl edək deməsi və eyni zamanda "Minsk qrupu formatından çıxmağa ehtiyac yoxdur” kimi fikirləri onu göstərir ki, o, bir müddət əvvəl tez-tez səsləndirdiyi "Biz kimik ki, danışıqlar aparaq, danışıqları Dağlıq Qarabağla aparmaq lazımdır” bəyanatlarından geri çəkilib və bu bəyanatların nə onun özünə, nə də ölkəsinə xeyir gətirmədiyinin fəqrinə varıb. Baş nazir olandan sonrakı müddətdə diletant bəyanatları ilə məsələni daha da qəlizləşdirən Paşinyan Düşənbədə kifayət qədər praqmatik görünürdü, hətta Azərbaycanı danışıqlar prosesində iştirak etməyə çağırdı. Mən bu mövqeyə gəlməsini Paşinyanın təkcə seçkiqabağı qayğıları ilə yozmaq istəməzdim. Burada Rusiyanın da rolu olduğunu istisna etmirəm. Çünki Putin Azərbaycana gələrkən və ondan əvvəl də Azərbaycan prezidenti ilə görüşərkən təkbətək söhbətlər olmuşdu. Bu söhbətlərin məğzi barədə mətbuata açıqlamalar verilmədi. Belə ehtimal etmək olar ki, əgər mətbuata açıq olan görüşlərdə sırf iqtisadi xarakterli məsələlər müzakirə edilibsə, təkbətək görüşlərdə Dağlıq Qarabağ məsələsinin müzakirə edildiyini istisna etmək olmaz. Danışıqlardan qaçmaq mövqeyində olan Paşinyana Putinin təsir etdiyini qətiyyən istisna eləmək olmaz. Böyük ehtimalla Paşinyanın mövqeyinin dəyişməsinə Putin təsir edib. Beynəlxalq ictimaiyyət də erməni baş nazirin uzun müddətdən bəri ortaya qoyduğu davakar mövqeyini yaxşı qarşılamırdı. Düşənbədə davakar mövqedən fərqli davranış ortaya qoymasında bu amil də rol oynadı".

Politoloq vurğuladı ki, erməni tərəfinin atəşkəsə əməl etməsində hər şey heç də Paşinyanın iradəsindən asılı deyil:"İşğal olunmuş ərazilərdə erməni hərbi birləşmələrinin müəyyən qismi hələ də Paşinyana rəqib olan Dağlıq Qarabağ klanının təsiri altındadır. Qarabağda erməni hərbi qüvvələrinin 70 faizə yaxını Ermənistan silahlı qüvvələrindən ibarət olsa da komandanlığın müəyyən hissələrində hələ də Dağlıq Qarabağ klanının təsiri yetərincədir. Paşinyanın hakimiyyətinə qarşı olan siyasi qüvvələrin təsiri ordu üzərində hələ də qalır. Ona görə də onlar atəşkəs rejimini pozmaqla Paşinyana təzyiq göstərməyə çalışa bilərlər. Hətta həmin qüvvələr Ermənistanda seçki öncəsi Azərbaycanı da müharibəyə təhrik etməyə çalışa bilərlər. Paşinyanla mübarizədə o qüvvələr bütün addımlardan istifadə etməyə çalışacaqlar”.

Oxşar xəbərlər