“Soçi görüşü bölgə üçün daha fərqli bir ümid yaradacaq”

  • 17 sen 2018, 21:45

İdlib məsələsi Ərdoğan və Putini 10 gündən sonra yenidən bir araya gətirdi, Soçi görüşü İdlibin taleyini həll edəcəkmi?

Sentyabrın 17-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin Rusiyanın Soçi şəhərində görüşüblər. Prezidentlər Soçidə yerli vaxtlar saat 15-də Rusiya prezidentinin rəsmi iqamətgahında bir araya gəliblər.

Putin görüşdən əvvəl bildirib ki, hazırda iki ölkə arasında xeyli aktiv və faydalı şəkildə inkişaf edir. Rusiya prezidenti deyib ki, həm regional siyasi məsələlərin həllində, həm də ticari və iqtisadi əlaqələr inkişaf edir. Eyni zamanda o Ərdoğanı qarşılayarkən deyib ki, "bəzi problemlər çox "qarmaqarışıqdır”, o səbəbdən də fikir mübadiləsi aparmaq, həll olunmamış problemləri həll etmək üçün görüşməkdən məmnunam”.

Ərdoğan isə ikili görüşdən əvvəl deyib ki, "siyasi, hərbi, iqtisadi mövzularda fikir mübadiləsi bir-birimizi gücləndirəcək səviyyədədir”. Eyni zamanda əlavə edib ki, Soçidə veriləcək yekun açıqlamanın bölgə üçün daha fərqli bir ümid yaradacağına inanır. Putin və Ərdoğan arasında Soçidə keçirilən görüş iki saatdan bir qədər az davam edib saat 16:42-də başa çatıb. Daha sonra liderlər heyətlər arasında görüşlərə başlayıb.

Qeyd edək ki, Putin və Ərdoğanın çıxışlarında işarə etdiyi anlaşılmayan mövzu İdlibin taleyi ilə bağlıdır. Məlum olduğu kimi, hər iki lider arasında görüş 10 gün əvvəl sentyabrın 7-də baş tutub. Prezidentlər İranın paytaxtı Tehranda bir araya gəlib. Ancaq bilindiyi kimi, Tehran sammitində müsbət qərar alınmayıb, Türkiyə prezidentinin israrlarına baxmayaraq Rusiya və İran prezidentləri İdlibdə əməliyyat maddəsini sammitin yekun sənədinə daxil edib.

Ancaq bilindiyi kimi, İdlib əməliyyatı baş tutmayıb. Türkiyə açıq şəkildə etiraz edib. Eləcə də ABŞ, Fransa, Britaniya kimi ölkələr İdlib əməliyyatında dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə olunacağı təqdirdə Suriya ordusunun bombalanacağını bəyan ediblər. Bu səbəbdən də hələlik Suriya və Rusiya hökumətləri İdlib əməliyyatını təxirə salıb. Görünür ki, əsl səbəb həm də Ərdoğanın Putinlə anlaşmaq istəməsidir.

Türkiyə hakimiyyəti İdlibdə atəşkəs elan olunmasını tələb edir. Məsələ ondadır ki, Astana anlaşmasına əsasən İdlibdə atəşkəsə Türkiyə ordusu nəzarət edir. Hazırda İdlibdə Türkiyə ordusunun nəzarət etdiyi 12 atəşkəsə nəzarət postları yerləşir. Bu postlarda Türkiyə ordusunun hərbi qüvvələri mövcuddur.

Yeri gəlmişkən, ötən həftə İstanbulda Türkiyə, Rusiya, Almaniya və Fransa təmsilmçilərinin iştirakı ilə toplantı keçirilib. Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın İstanbul toplantısından müsbət nəticələr gözlədiklərini bildirmişdi.

Ancaq məsələ ondadır ki, Rusiya rəsmi olaraq bəyan edib ki, İdlibdə keçmiş ən-Nusra, hazırkı adı Heyət Təhrir əş-Şam qruplaşması silahlıları mövcuddur. Bu qruplaşma isə rəsmi olaraq əl-Qaidənin yerli bölməsidir. Hazırda Türkiyə və Rusiya ekspertləri birgə çalışaraq İdlibdəki terror təşkilatlarının necə təmizlənməsini müzakirə edir.

Qeyd edək ki, Suriyanın şimalında Türkiyə ilə sərhəddə yerləşən İdlib vilayəti hazırda tamamən Suriya müxalifətinin nəzarətində olan yeganə bölgədir. 6400 kvadrat kilometr ərazisi olan İdlibdə Suriyada silahlı münaqişə başlammamışdan öncə 1,5 milyona yaxın əhali yaşadığı halda hazırda 3-4 milyon arasında insanın yaşadığı güman edilir. Bura əsasən Suriyanın digər bölgələrində məğlub olan, ancaq hökumətlə barışmayan qüvvələr köçüb. Hazırda vilayət əhalisi xeyli qarışıqdır, yerli cihadçılarla yanaşı çoxlu sayda əcnəbi terrorçular da var. Bundan başqa vilayətdə əhali çox sıxdır, hərbi əməliyyatlar başlayacağı təqdirdə xeyli sayda dinc insan öləcək və ya İdlibi tərk edərək Türkiyəyə qaçacaq. Bu isə Ankara üçün ciddi yükə çevrilə bilər.

Rusiya ordusu isə artıq sentyabrın 6-da, Tehran görüşündən bir gün əvvəldən başlayaraq İdlibdəki silahlıların anbarlarını bombalamağa başlayıb. Moskva dinc əhalinin çıxması üçün koridor yaradılmasını təklif edir. Ancaq bu vəziyyət dinc əhalinin itki verməsi, eləcə də terrorçuların dinc əhaliyə qarışıb Türkiyəyə keçməsi riski yaradır. Bundan başqa Rusiya və Suriya rəsmi qurumları silahlıların İdlibdə kimyəvi silah tədarükü gördüyü və növbəti dəfə hökumətin kimyəvi silahdan istifadə etdiyi ilə bağlı şou yaradacağını iddia edir. /Yeni Musavat/

Oxşar xəbərlər