Angela Merkel Jan Klod Yunkerə əvəz axtarır

  • 30 avq 2018, 14:54

Almaniya Avropa Birliyinin başında öz adamını görmək istəyir

Bu həftə Almaniya kansleri Angela Merkel ölkəsinin Avropa Birliyinin strukturunda əsas vəzifə sayılan Avropa Komissiyasının sədri vəzifəsinə namizədini müəyyən etməlidir.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, bu post hazırkı sədr Jan Klod Yunkerin gələn il getməsindən sonra boş qalacaq. Lakin Berlinin indidən iştahlandığı bildirilir.

Almaniyanın "Handelsblatt” qəzetinin hökumətə yaxın qaynaqlara istinadən yazdığına görə, bundan ötrü Angela Merkel AFR Mərkəzi Bankının prezidenti Yens Vaydmanın Avropa Mərkəzi bankının prezidenti postuna namizədliyini irəli sürməkdən vaz keçməyə razıdır.

Qeyd edək ki, Avropa Komissiyasının sədri postuna Birliyə üzv olan ölkələrdə yüksək vəzifə tutmuş şəxslər gətirilir. Məsələn, hazırkı sədr, Jan Klod Yunker buna qədər 20 il Lüksemburqun baş naziri olub. Bu mənada Avropa Komissiyasını da bir növ üzv ölkələrin Nazirlər Kabneti, onun sədrini isə baş nazirlə müqayisə etmək olar. Məhz Avropa Komissiyası Birlik daxilində qanunvericilk aktlarının və siyasi proqramların əsas təşəbbüskarı sayılır, habelə Avropa Parlamenti və Avropa Birliyi şurasının (üzv ölkələrin yalnız dövlət və hökumət başçılarının daxil olduğu orqan-red.) qərarlarının icrasında əsas məsuliyyət daşıyır.

Cənab Yunker öz vəzifəsini gələn ilin payızında təhvil verməlidir. Bundan sonra Avropa Birliyinin Şurası Avropa Komissiyasının sədrliyinə namizədi Avropa Parlamentinə irəli sürür. Burada Avropa parlamentinə keçirilən seçkilərdə hansı fraksiyanın qalib gəldiyi faktoru da nəzərə alınır. Proqnozlara görə, 2019-cu ildə Avropa parlamentinə keçiriləcək seçkilərdə sağ mərkəzçilərin və onu təmsil edən Avropa Xalq Partiyasının qalib gəlmək şansı böyükdür Bu səbəbdən Avropa Birliyinin hazırda şəksiz lideri sayılan Merkelin öz istədyi namizədi keçirmək üçün əlində yaxşı imkanlar var.

Əgər seçkiqabağı təxminlər özünü doğrultsa sosial-demokratlar Avropa Parlamentinin sədri postu ilə kifayətlənməli olacaqlar. Gələn il Avropa Mərkəzi bankının sədri və Avropa xarici siyasət üzrə komissarı da dəyişməlidir.

Qərb mediasında Jan Klod Yunkerin yerinə bir neçə alman namizədin adı hallanır. Bunlar Avropa parlamentində Avropa Xalq Partiyası fraksiyasının rəhbəri, Almaniya Xristian-demokrat Birliyinin üzvü Manfred Veber, AFR İqtisadiyyat və energetika naziri Peter Altmayer və Almaniyanın müdafiə naziri Ursula fon der Lyaendir.

Lakin zəif ehtimal da olsa başqa ölkələrin də bu posta iddiası var. Onların arasında "Breksit” danışıqları üzrə müzakirə heyətinin rəhbəri Mişel Barnye (Fransa), Finlandiyanın keçmiş baş naziri Aleksandr Stubba və İrlandiyanın baş naziri Endi Kenninin isimlər çəkilir.

Musavat.com

Oxşar xəbərlər