REAL rəsmisindən hakimiyyətə əməkdaşlıq çağırışı

  • 30 avq 2018, 09:04

Natiq Cəfərli: "Dini radikalizmə qarşı birgə fəaliyyət göstərmək üçün kifayət qədər geniş imkanlar var”

Azərbaycanda dini radikalizmə yuvarlananların sayının son zamanlar artmaqda olduğunu artıq rəsmi hakimiyyət orqanları da dilə gətirir və dini radikal qruplara qarşı mübarizə hər gün davam etdirilir. Ən son olaraq avqustun 28-də dini radikal qrupun üzvünün zərərsizlşədirilməsi əməliyyatı aparılıb. Belə ki, radikal dini ekstremist qrupun üzvü Nəcəfov Nizami Adil oğlunun silah-sursat və partlayıcı maddələr əldə etməsi, ölkənin şimal rayonlarında terror aktı planlaşdırdığı barədə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənib, Dövlət Təhlükəsizliyi Xidməti və prokurorluq əməkdaşları tərəfindən birgə təxirəsalınmaz tədbirlər keçirilib.

Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərinin birgə yaydığı məlumatda deyilir ki, avqustun 28-də Nizami Nəcəfovun Xaçmaz rayonu ərazisində tərkisilah olunması və cinayət məsuliyyətinə cəlb edilməsi üzrə keçirilən əməliyyat tədbirləri zamanı, sonuncu təslim olmaq barədə qanuni tələblərə tabe olmayaraq avtomat silahdan atəş açıb silahlı müqavimət göstərib. DTX-nin xüsusi əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq xidməti silahdan istifadə edilməklə N.Nəcəfov məhv edilib. Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bir sıra siyasi ekspertlər isə hesab edir ki, Azərbaycanda dini radikalizmin artmasının səbəblərindən biri ölkədə dünyəvi siyasi müxalifətin son illərdə xeyli dərəcədə zəifləməsi və cəmiyyətə təsir gücünün minimuma enməsidir.

Bu barədə "Yeni Müsavat”a danışan REAL Partiyasının İdarə Heyətinin üzvü Natiq Cəfərli bildirdi ki, dini radikalizmin artması təkcə Azərbaycana xas xüsusiyyət deyil. Çox təəssüf ki, dünyada da belə bir proses müşahidə olunur. Bunun isə əsas səbəblərindən biri sivil siyasi müxalifətin zəifləməsi və təbii ki, ədalətsizliklə bağlıdır. Yəni insanlar sosial, hüquqi ədalətin bərqərar olmadığı cəmiyyətlərdə dini radikalizmə meyllənməyə daha çox üstünlük verirlər:"Azərbaycanda da fundamental iqtisadi, siyasi, sosial, hüquqi sahədə ədalətsizliklərə rast gəlinir deyə, insanlar, əsasən də gənclər bu mühitdən doğan problemləri həll etməyə qadir olan siyasi sivili institutların zəifliyini görüb daha çox dini çevrələrə üz tutmağa üstünlük verirlər. Bu da radikalizmin artmasında əsas səbəbdir. Bu vəziyyətdən isə ölkədə dini radikalizmin çiçəklənməsində maraqlı olan daxili və xarici güclər yararlanmağa çalışırlar. Təbii ki, sivil siyasi müxalifətin zəifləməsi onlara meydan yaradan amillərdən biridir. Sivil toplum zəiflədikcə dini radikalizm artır, güclənir. Bu bütün dünyada artıq sübut olunmuş məsələdir ki, siyasi institutların fəaliyyət meydanının daralması dini radikalizmin artmasında əsas səbəblərdən biridir. Sivil siyasi təşkilatların zəifləməsi və ya zəiflədilməsi nə qədər güclü gedəcəksə, bir o qədər də dini radikalizmin artmasına şərait yaranacaq. Boşluqları dini radikal qrupların doldurması təəssüf doğurur”.

N.Cəfərli qeyd etdi ki, həmin radikal qrupların xaricdən maliyyələşdirilməsi də heç kimdə şübhə doğurmur. Ölkəmiz çox həssas bölgədə yerləşdiyi üçün müxtəlif ölkələrin təsirləri  mövcuddur. Təsirlərdən biri kimi radikal dini qrupların gücləndirilməsidir: "Söhbət normal, sivil dindarlardan deyil,  radikal dini qruplardan gedir. Radikal dini qruplar toplantılar keçirə bilirlər, bölgələrdə toplana bilirlər. Ancaq təəssüf ki, sivil siyasi müxalifət təşkilatları çox zaman bölgələrdə toplantılar keçirə bilmirlər, problemlərlə, əngəllərlə qarşılaşırlar. Elə bizim özümüz partiya olaraq regionlara səfər edərkən müxtəlif maneələrlə üz-üzə qalırıq. Halbuki siyasi təşkilat olaraq bizim fəaliyyət istiqamətimiz insanları maarifləndirək, insanların radikal dini qruplara qoşulmasına əngəl olmaq üçün alternativ yol təklif edək. Bunda ilk növbədə dövlət, hökumət maraqlı olmalıdır ki, sivil toplum, sivil siyasi təşkilatlar, dünyəvi müxalifət daha çox təsirlərə malik olsun. Bu da radikal dini qruplara qoşulanların sayını azaldacaq. Çox təəssüf ki, hələlik biz bunu görmürük. Radikal dini qruplarla təkcə güc strukturlarının vasitəsilə mübarizə aparılmamalıdır. Dini radikalizmin güclənməsinin qarşısını almağın ən effektli yollarından biri dünyəvi siyasi təşkilatların güclənməsi, təsir imkanlarının artmasına nail olmaqdır. Sivil siyasi müxalifətin cəmiyyətə çıxış imkanları yaradılmalıdır ki, insanlar dini radikalizmi özlərinin istinad nöqtəsi kimi seçməsinlər”.

Həmsöhbətimiz vurğuladı ki, siyasi müxalifət güclənsə dini radikal qrupların cəlbedicilik səviyyəsi aşağı düşəcək:"REAL-ın da əsas istiqamətlərindən biri bu yöndə iş görməkdir.

Bu haqda hökumət də düşünməlidir. Çünki dini radikalizm elə bir böyük təhdiddir ki, burada iqtidarlı müxalifətli birgə hərəkət edilməlidir. Həm iqtidarın, həm də dünyəvi müxalifətin marağındadır ki, dini radikalizm artmasın. Çünki ölkədə dini radikalizmin təsir imkanları daha da genişlənəndə onlar həm iqtidara, həm müxalifətə, yəni dünyəvi quruluşa üstünlük verən bütün insanlara eyni gözlə baxacaqlar. Ona görə də bu problemə qarşı birgə fəaliyyət göstərmək üçün kifayət qədər geniş imkanlar var".

"Yeni Müsavat”

Oxşar xəbərlər