Avropa İttifaqı ilə imzalanacaq “böyük saziş”də nələr var...

  • 08 avq 2018, 11:04

Elxan Şahinoğlu: "İmzalanacaq sazişdə bu bəndlərin yer alması nəzərdə tutulmayıb”

Xarici işlər naziri Elmar Məmmədyarovun son açıqlamaları gündəmə çevrilib. Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq saziş ətrafında tərəflər arasında danışıqların necə getdiyinə toxunan XİN rəhbəri "böyük saziş”in əldə olunacağının anonslarını verib.

E.Məmmədyarovun "böyük saziş” dedikdə nələri nəzəri tutduğu bəzi suallar doğurmaqla yanaşı, geniş müzakirələrə yol açıb. Şimal qonşumuz Rusiya faktoru burada daha çox önə çəkilir və Kremlin rəsmi Bakı ilə Avropa Birliyi arasında əldə oluna biləcək bu sazişdən böyük narahatlıq keçirəcəyi qeyd olunur. Bunun da Azərbaycan-Rusiya əlaqələrinə ciddi təsir edə biləcəyi vurğulanır.

Nazirimizin son açıqlamalarında əsas diqqətçəkən fikirlər isə bunlardır: "”Azərbaycanın xarici siyasət kursu "və ya-və ya” prinsipi əsasında deyil, balanslaşdırılmış, çoxvektorlu və inklüziv xarakter daşıyır. Əminik ki, bu kursa sadiqlik öz bəhrəsini verməyə davam edəcək və bizim xalqımızın, ümumilikdə regionun xeyrinə xidmət edəcək".

E.Məmmədyarovun "və ya-və ya” prinsipi dedikdə nələrə diqqət çəkdiyi barədə çoxsaylı mülahizələr mövcuddur.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Elmar Məmmədyarov "böyük saziş” deyərkən Azərbaycanla Avropa İttifaqı arasında imzalanması nəzərdə tutulan strateji sazişə eyham vurur: "Nazir bunu niyə ”böyük saziş" adlandırır, bu bir az qəribədir. Bizdən əvvəl Avropa İttifaqı ilə Gürcüstan, Ukrayna, Moldova, hətta Ermənistan saziş imzalayıblar. Birinci 3 dövlətin imzaladığı sazişin qarşısında "assosiativ” ifadəsi yer alıb. Gürcüstan, Ukrayna və Moldovanın Avropa İttifaqı ilə imzaladıqları saziş daha dərin əhəmiyyət kəsb edir. Birincisi, bu 3 dövlət qarşılarına Avropa İttifaqına üzvlük hədəfini qoyublar. İkincisi, imzalanan sazişlər nəticəsində bu dövlətlərin sakinləri Avropa İttifaqı dövlətlərinə vizasız gediş imkanına malik olacaqlar. Azərbaycanla imzalanacaq sazişdə bu bəndlərin yer alması nəzərdə tutulmayıb. Yəni rəsmi Bakı nə Avropa İttifaqına üzvlüyü, nə də ki, vizasız gediş-gəlişi qarşısına məqsəd qoyub. Elmar Məmmədyarov həmişəki kimi mücərrəd ifadələrdən istifadə edir. Sadəcə, deməli idi ki, imzalanan sazişdə qarşılıqlı surətdə vizanın ortadan qaldırılması nəzərdə tutulmayıb. Yəni hətta saziş imzalansa belə Azərbaycan vətəndaşlarının ukraynalılar və gürcülər kimi Avropa ölkələrinə vizasız getmələri mümkün olmayacaq. Yalnız xüsusi imtiyazı olan vətəndaşlarımız sadələşdirilmiş viza ilə Avropaya səfər edə biləcəklər. Bu isə çoxluq demək deyil".

Politoloq onu da bildirdi ki, Azərbaycanın Avropa İttifaqı ilə imzalayacağı saziş Rusiyanın narahatlığına səbəb ola bilməz: "Rusiya NATO-ya rəqib, bəzən isə düşmən təşkilat kimi baxır. Rusiya qonşu ölkələrin NATO-ya üzvlük istəklərinə qarşı çıxır və bu ölkələri hədələyir. Azərbaycanın isə NATO üzvü olmaq kimi hədəfi yoxdur. Avropa İttifaqı daha çox iqtisadi və siyasi birlikdir və Azərbaycan bu birliyin iqtisadi tərəfi ilə əməkdaşlıq etmək istəyir. Bunu Rusiya da edir. Bütün hallarda Azərbaycanın Avropa ilə inteqrasiyaya can atması təqdirəlayiqdir. Türkiyə və Rusiyanın xaricində Azərbaycanın iqtisadi və ticarət tərəfdaşları Avropadadır. Azərbaycan bir neçə ildə sonra Avropa ölkələrinə qaz satacaq. Bütün bu amilləri nəzərə alaraq Azərbaycanın Avropa İttifaqı ilə dərin inteqrasiyanı nəzərdə tutan saziş imzalamasına ehtiyacı var”. /Y.M/

Oxşar xəbərlər