Xəbər lenti
Bütün xəbərlər

Ermənilərin yeni Qarabağ oyunu - Rusiyaya güvənir və..

  • 24 iyul 2018, 10:22

Ermənistan rəhbərliyinin konfliktlə bağlı ikili siyasəti yeni situasiya yaradıb; israilli hərbi-siyasi ekspert: "Silahlarımız Azərbaycana Ermənistana qarşı müharibədə kömək edəcək...”

Xəbər verildiyi kimi, erməni baş nazir Ter-Petrosyanla görüşdə "Qarabağın statusuna qarşılıq olaraq ərazilərin qaytarılması” düsturu haqqında danışdıqlarını deyib və növbəti dəfə radikal mövqe sərgiləyərək, Azərbaycanın güzəştə getməli olduğunu iddia edib.

"Biz nədən Ermənistanın güzəştə getməli olduğunu müzakirə edirik? Niyə yalnız biz özümüzdən danışırıq. Biz Azərbaycanın güzəştə hazır olduğu mesajını alan kimi güzəştin mahiyyətini müzakirə edəcəyik və xalqı buna hazırlayacağıq”, - deyə o bildirib.

Paşinyan həmçinin Ter-Petrosyanla görüşdə ümumi müzakirələr apardıqlarını söyləyib: "O, mənə Qarabağ münaqişəsi ilə bağlı faydalı hesab etdiyi bəzi məlumatları verdi. Lakin münaqişə ilə bağlı mövqeyini bildirmədi”.

Yəni Ter-Petrosyan da əslində narahatdır ki, N.Paşinyan Qarabağ məsələsi ilə bağlı nə edəcəyini bilmir. Problemin qalması isə Ermənistan üçün inkişaf şansının olmaması deməkdir. Elə Levon Ter-Petrosyanın özü dəfələrlə Ermənistanın dövlət kimi gələcəkdə varlığının Qarabağ münaqişəsinin həllindən asılı olduğu fikrini dilə gətirib. Ermənistanın başında duran qüvvələr bu gerçəyi anlayıb Azərbaycanla dil tapmayınca oradakı hakimiyyət dəyişikliklərinin də, "məxməri inqilab”ların da əhəmiyyəti olmayacaq.  Çünki sülhün yeganə alternativi müharibə daim qapını kəsdirəcək.

*****

Şübhəsiz ki, Azərbaycan bu perspektivi heç vaxt olmadığı qədər ciddiyə alır və əlverişli məqamı gözləyir. Belə bir fürsət yetişənədək isə o, öz ərazilərini güc yolu ilə azad etməyə qadir, döyüş və qələbə qabiliyyətli ordusunu daha da gücləndirəcək. Vaxtaşırı qardaş Türkiyə ilə birgə keçirilən hərbi təlimlər də eyni hədəfə hesablanıb.

Yeri gəlmişkən, ötən həftəsonu Azərbaycanın müdafiə naziri Zakir Həsənov bir daha silahlı qüvvələrimizin döyüş hazırlığının artırılması üzrə tapşırıq verib. Belə ki, Mərkəzi Komanda Məntəqəsində Zakir Həsənovun rəhbərliyi altında nazirliyin rəhbər heyətinin iştirakı, həmçinin videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birlik və birləşmə komandirlərinin cəlb olunması ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, keçirilmiş təlimlər, komandanlar və komandirlərin məruzələri, habelə qoşunların hərtərəfli fəaliyyətinin yoxlanılmasının nəticələri əsasında cəbhə bölgəsindəki və qoşunların digər dislokasiya yerlərindəki cari vəziyyəti təhlil edən müdafiə naziri müvafiq göstərişlər verib. Gizli idarəetmə və maskalanmanın tələblərinə ciddi riayət etməklə ehtimal olunan döyüş əməliyyatları istiqamətlərində qüvvə və vasitələrin vaxtında cəmləşdirilməsi məqsədilə nazir qoşunların operativliyinin, döyüş hazırlığının, bölmələrin, birləşmələrin yüksək manevrlik və dəqiq qarşılıqlı fəaliyyətinin artırılması üzrə tapşırıqları müəyyən edib.

Müşavirə zamanı habelə ümumi təhlükəsizlik məsələlərinə, xüsusilə də yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması, həmçinin qoşunların fasiləsiz və hərtərəfli təminatı ilə əlaqədar göstərişlər verilib.

*****

Azərbaycan eyni zamanda öz ordusunun müasir döyüş sistemləri ilə təchiz edilməsi istiqamətində gərəkən addımları atmaqdadır. İsraillə hərbi əməkdaşlıq bu xüsusda mühüm önəm daşıyır. Bu da səbəbsiz deyil. Çünki İsrail hərbi texnologiyalar sahəsində faktiki, ən öncül yerə çıxıb. Bu yaxınlarda Azərbaycanın Hərbi Sənaye Nazirliyi ilə İsrailin "Aeronautics” şirkəti arasında imzalanan sənəd - niyyət protokolu ikitərəfli hərbi əməkdaşlığın yüksək səviyyədə olduğunun təsdiqi sayıla bilər. Sənəd işğalçı Ermənistanın qorxulu röyası olan Pilotsuz Uçan Aparatların (PUA) yeni növünün birgə istehsalını nəzərdə tutur.

"Yeni Müsavat”ın məlumatına görə, bu barədə danışan İsrailin Moskvadakı sabiq konsulu, daxili təhlükəsizlik nazirinin keçmiş müşaviri, hərbi-siyasi icmalçı Aleks Veksler deyib.

"İsrailin pilotsuz aparatları çox effektlidir. Azərbaycanla bizim qarşılıqlı etimada əsaslanan əlaqələrimiz ona gətirir ki, biz öz dostumuzla texnologiyalarımızın yeniliklərini və silahlarımızı bölüşürük. Azərbaycan bizim dostumuzdur - həm də uzun müddətə. Heç bir şübhə yoxdur ki, ikitərəfli əlaqələrimiz bundan sonra hərbi planda da inkişaf edəcək. İsrailin pilotsuz aparatları Azərbaycana Ermənistana qarşı müharibədə kömək edəcək”, - deyə o qeyd edib.

İsrail PUA-larının hansı ölkələrinə tədarük olunduğuna gəlincə, ekspert bu aparatların yalnız dost ölkələrə verildiyini diqqətə çatdırıb. "PUA-lar mülki və hərbi təyinatlı olur. Hərbi təyinatlıları yalnız İsrailə dost ölkələrə satmağa çalışırıq” - ekspert əlavə edib.

*****

Şübhə yox ki, Rusiya əngəl olmasa, Azərbaycan indiki hərbi göstəriciləri ilə də işğal altındakı ərazilərini qısa zamanda azad edə bilər. Bunu erməni tərəf yaxşı bilir. Ermənistanın qərbyönlü baş naziri Nikol Paşinyan da bunun fərqində olduğu üçün, açıq şəkildə Qərbə yaxınlaşma kursu götürməkdən çəkinir.

"Ermənistanın baş naziri Nikol Paşinyanın ”Rusiya Qarabağda müharibəyə imkan verməyəcək" bəyanatı indiki erməni rəhbərliyinin ikiüzlü siyasətindən başqa bir şey deyil". "Yeni Müsavat” xəbər verir ki, bunu virtualaz.org-a açıqlamasında rusiyalı politoloq Yevgeni Mixaylov deyib.

"Paşinyan hər vəchlə göstərmək istəyir ki, Ermənistan Rusiyanın strateji partnyoru olaraq qalır. Amma işdə onun komandası ölkəni fəal şəkildə NATO-ya aparır və Rusiya hərbi bazalarını ölkədən səs-küy yaratmadan çıxarmağa çalışır. Erməni KİV-ində, xüsusilə Paşinyanın xanımının nəzarəti altında olanlarda Rusiya hərbi bazaları hərbi qulluqçularının pislənməsi ilə bağlı azğın kampaniyaya baxmaq kifayətdir. Kampaniya Şirak vilayətindəki Pinak kəndi ərazisində təlimlər zamanı baş verən hadisədən sonra daha geniş vüsət alıb. Ehtimal ki, Paşinyan, Rusiya hərbçilərinə hücum edərkən əndazəni aşdığından qorxub, bu səbəbdən Rusiyaya xatırlatmağı qərara alıb ki, hələ də Moskva tərəfindən müdafiəyə ümid edir”, - deyə ekspert bildirib.

Mixaylov əmindir ki, Paşinyan Ermənistanı NATO-ya eyni yolla, - hansı ki, ora onunla qonşu olan respublika cəhd edir, - aparır. Və eyni zamanda Yerevanda Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) tərəfindən hansısa dəstəyə ümid edirlər. "Bəli, Moskva Cənubi Qafqazda müharibədə maraqlı deyil. Amma erməni-Azərbaycan münaqişəsinə Rusiyanın münasibəti, hər şeydən əvvəl, Moskvanın milli maraqlarından qaynaqlanır. İstisna edilmir ki, müəyyən şərtlərdə Rusiya Qarabağ münaqişəsinin həllində Azərbaycanın gücə əl atacağını sakitcə müşahidə edəcək. Bu halda müharibə Azərbaycan ərazisində gedəcək və Rusiya da Dağlıq Qarabağı Azərbaycan ərazisi hesab edir, deməli, bu, KTMT-nın müdaxiləsinə səbəb ola bilməz”, - politoloq vurğulayıb.

Ekspertin fikrincə, Paşinyan uğursuz manevr etməyə çalışır: "Moskvada o, Rusiyanın, Brüsseldə isə Qərbin müttəfiqidir. Amma Ermənistanın real siyasi kursu tədricən Qərbin hərbi-siyasi blokuna daxil olmağa yönəlib”. Y.Mixaylov şübhə etmir ki, bu, Moskvaya yaxşı məlumdur.

"Paşinyanın mətbuat konfransındakı sözləri dolayısı etirafdır ki, Rusiya olmasa, Azərbaycan çoxdan torpaqlarını azad etmişdi”. Bu sözləri isə erməni baş nazirin son mətbuat konfransında dediyi ifadələrə münasibət bildirən politoloq Əhəd Məmmədli deyib (axar.az).

O, Paşinyanın ikitərəfli oynadığını deyib: "Həm Rusiyaya deyir ki, səninləyəm, məni qoru, həm də Qərbdən yardım istəyir. Əsl erməni xislətidir - hiyləgərlik, yalançılıq, xainlik nümunəsi. Amma Rusiya da, Qərb də bunu yaxşı anlayır. Təbii ki, Qərb Ermənistana yüksək məbləğdə yardımlar etməyə çəkinir. Çünki Rusiyanın nəzarətində və müharibə şəraitində olan ölkəyə Qərb investisiya qoymağa risk etməz. Eyni zamanda Rusiya da Paşinyanın ikitərəfli oyununu qəbul etmir. Hələlik Paşinyan Qərblə Rusiya arasında rəqs etməyə cəhd edir. Amma nə vaxta qədər?! Siyasət rəqqasları sevmir”.

Politoloq Paşinyanın Azərbaycanın güzəştə getməli olduğu ilə bağlı iddiasına da toxunub: "Onun bu iddiasının əlindən alınması üçün Azərbaycan Ordusu müəyyən əraziləri azad etməlidir. Bu halda artıq əraziləri işğalda saxlayan tərəfin ”üstünlük" iddiası darmadağın olacaq. Paşinyanın məlum güzəşt məsələsində istəyi köhnə düşüncədir: 5+2 rayonun azadlığı qarşılığında Dağlıq Qarabağın müqəddəratı. Bu isə qəbul edilə bilməz. Dağlıq Qarabağ ətrafında işğalda saxlanılan və Ermənistanın özünün də iddia etmədiyi 7 rayon Dağlıq Qarabağ müzakirəsində alver predmetinə çevrilə bilməz. 7 rayon heç bir şərt olmadan azad edilməlidir. Dağlıq Qarabağa isə Azərbaycan ərazi bütövlüyü çərçivəsində status və qarantiya məsələsini torpaqlar işğaldan azad edildikdən sonra müzakirə etməyə hazırdır. Başqa heç bir güzəşt ola bilməz".

*****

Gerçəkdən də, Azərbaycan ərazisinin 20%-ini işğal eləmiş Ermənistana hansı güzəşti edə bilər ki? Bizim düşmənə ən böyük güzəştimiz sülh anlaşması naminə işğal rejiminə dözməyimizdir. Ancaq bu, sonsuzadək də sürə bilməz. Bu mənada düşmənin yeni və hiyləgər Qarabağ oyunu, yəni həm Rusiyaya güvənməsi və ona minnət qoyması, həm də ondan qorxmağa başlaması əslində Azərbaycan üçün müəyyən fürsətlər də aça bilər...

Siyasət şöbəsi

Oxşar xəbərlər