AŞPA Azərbaycana SİYASİ MƏHBUS üzrə xanım məruzəçi təyin edib
- 27 iyun 2018, 10:29
Avropa Şurası (AŞ) Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı məruzəçi təyin edib.Turan-ın məlumatına görə, bu barədə qərarı Avropa Şurasının Hüquq və insan haqları komitəsi verib.
İslandiyadan olan deputat Thorhild Sunna Evarsdottir iyunun 25-də Avropa Şurasının Hüquq və insan haqları komitəsinin sədri seçilib. O həm də Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı məruzəçi təyin edilib. Məruzəçi "Azərbaycandakı siyasi məhbuslar” adlı hesabat hazırlamalıdır.
Xatırladaq ki, 2 ay əvvəl deputat Pieter Omtzigt başda olmaqla AŞPA-nın 24 deputatı Azərbaycanda siyasi məhbuslar üzrə hesabatın hazırlanması və yeni məruzəçinin təyin edilməsi ilə bağlı təklif irəli sürmüşdülər.
Deputatların müraciətində vurğulanırdı ki, 2013-cü ildə AŞPA almaniyalı deputatı Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı hazırladığı hesabatı rədd edib.
Azərbaycan rəsmiləri ölkədə siyasi məhbus olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər törətdikləri konkret əməllərə görə məsuliyyətə cəlb ediliblər.