“7 rayon təklifi” güzəşt deyil: Nikolun mövqeyi isə... – Ekspert

  • 12 may 2018, 09:23

Qarabağ münaqişəsinin həlli danışıqlar prosesi bərpa olunandan sonra Ermənistanın mövqeyindən asılı olacaq.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə erməni ekspert Ara Papyanın Kazan danışıqları zamanı erməni tərəfinin 7 rayonu verməyə razılaşdığı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. O bildirib ki, Ermənistanın təklifləri sırasında hazırda müəyyən tərəqqi var:

"Belə ki, onlar əvvəllər 5 rayonun qaytarılması ilə bağlı açıqlamalarla çıxış edirdilərsə, indi bunun sayı 7-yə çatıb. Amma məsələ burasındadır ki, onlar 7 rayonun qaytarılmasının qarşılığında şərt qoyurlar. Ermənilər 7 rayonu Azərbaycanın suveren ərazisinin tərkib hissəsi olan Dağlıq Qarabağın müstəqilliyinin tanınması müqabilində guya "güzəşt” edirlər. Əlbəttə ki, Azərbaycan haqlı olaraq bu təklifdən imtina edir. Əvvəla ona görə ki, Dağlıq Qarabağın ətrafındakı rayonların işğalda saxlanıldığını həm bütün beynəlxalq qurumlar təsdiqləyib və bu barədə mötəbər qətnamələr var, həm də Ermənistan rəhbərliyi özü bir neçə dəfə bu faktı dilə gətirib. Yəni bu ərazilərin boşaldılması müzakirə mövzusu deyil və danışıqlarda Ermənistanın "ciddi güzəşti” olaraq irəli sürülə bilməz. Belə çıxır ki, Dağlıq Qarabağ da daxil olmaqla, onlar 13 rayonumuzu işğal edirlər və sonra bunun 7-sini qaytarmaqla 6 rayonu de-yure mənimsəmək fikirləri var?”

Politoloqun sözlərinə görə, müzakirə yalnız Dağlıq Qarabağın Azərbaycanın tərkibindəki statusu, məcburi köçkünlərin Dağlıq Qarabağdakı ərazilərimizə qayıtması və birgəyaşayış formulları üzərində ola bilər:

"Paşinyan isə Qarabağda çıxışı zamanı dedi ki, Dağlıq Qarabağın müqəddəratı təyin olunandan sonra burada yaşayan xalq özü seçim etməlidir: onlar ya Ermənistanla birgə, ya da müstəqil siyasi gələcək qurmalıdır. Bu, artıq ciddi və təhrikedici mövqedir. Dağlıq Qarabağın nə müstəqilliyi, nə də Ermənistana "qoşulması” müzakirə mövzusu ola bilməz. Bu barədə qəti qərar artıq indidən danışıqların perspektivini şübhə altına alır və nəticə etibarilə konflikti yenidən alovlandıra bilər”.

Oxşar xəbərlər