Mühacirlər daxili müxalifətdən daha təhlükəlidir?

  • 16 apr 2018, 09:04

Fəzail Ağamalı: "Xaricdəki bir qrup Azərbaycan əleyhinə olanları müxalifət adlandırmaq olmaz”; Tural Abbaslı: "Hər zaman evin içindəki müxalifət daha təhlükəli olub”

Seçki ərəfəsində xaricdə yaşayan bir qrup mühacirin hakimiyyətin yüksək vəzifəli məmurları haqda təhqiramiz ifadələr işlətməsi, ənənəvi olmayan, söyüşlü mübarizə metodunu seçməsi ictimaiyyətdə böyük narahatlıq yaratdı. Hakimiyyət nümayəndələri də onların bu fəaliyyətlərindən narahat olduqlarını açıq şəkildə göstərib, söylənənlərə reaksiya verdilər.

Bunun əksinə olaraq daxildəki müxalifətin fəaliyyətinə reaksiyalar hiss olunmadı. Ölkədə seçkini boykot edən müxalifət nümayəndələri seçki ərəfəsində cəmi iki mitinq keçirdi ki, həmin mitinqlərə də toplam heç 10 min adam gəlmədi...

Belədə bir sual ortaya çıxır: iqtidarın təhlükəli müxalifət saydığı elə xaricdəki qüvvədirmi? Məsələ ilə bağlı "Yeni Müsavat”a danışan deputat Fəzail Ağamalı bildirdi ki, normal müxalifətin istər ölkə daxilində, istərsə də xaricində dövlət üçün heç bir təhlükəsi ola bilməz: "Əgər xaricdəki müxalifət deyil, sadəcə antiazərbaycan qüvvələridirsə, onların içərisində adını azərbaycanlı qoyub, ancaq azərbaycanlılarla heç bir bağlılığı olmayan kəslər varsa, onları müxalifət adlandırmaq doğru deyil. Onlar xarici qüvvələrin, daha çox erməni maliyyəsi hesabına Azərbaycana qarşı hazırlanmış planın tərkib hissəsi kimi, ölkədə qarışıqlıq yaratmaq, Azərbaycan dövlətinin beynəlxalq səviyyədə nüfuzunu aşağı salmaq istəyirlər. Azərbaycanın atributlarına qarşı təhqiramiz fikirlər səsləndirən və Azərbaycanda üzdə olan, belə şəxslərə qarşı fikir səsləndirənlərin hər birinə böhtanlar atan, həm də müxtəlif arzuolunmaz ifadələr işlədən, təhqir edən bu insanlar heç zaman müxalifət ola bilməz. Belələri Azərbaycana düşmən kəsilən qüvvələrin içində yer alıblar. Erməni Azərbaycana qarşı müxalifətdədirmi? Xeyr. Erməni Azərbaycana qarşı düşmən mövqeyində dayanır. Və hazırda erməni diasporu içərisində duranlar da Azərbaycana qarşı düşmən  mövqeyindədirlər. Onlar Azərbaycana qarşı sifarişləri həyata keçirən qüvvələrdir. Və belə şəxslərin sayı barmaqla sayılacaq qədər azdır”.

Fəzail Ağamalı hesab edir ki, bu qüvvələrə hüquqi istiqamətdə cavab vermək lazımdır: "Artıq ölkəmizdə prezident seçkiləri də başa çatdı və nəticə ortadadır. Onların planları alt-üst oldu. Bu qüvvələrin apardığı şər və böhtan kampaniyasının qarşısında Azərbaycan xalqının iradəsi dayandı. Xalq seçimini bir daha ölkə prezidenti İlham Əliyevin üzərinə yönəltdi. Antiazərbaycan qüvvələrin bir parçası olan ATƏT-in verdiyi hesabata da qulaq asdım. Hesabatda ümumi fikirlər səsləndirilir. Konkret fakt və arqument yoxdur. Konkret hansı məntəqədə, hansı dairədə hansı pozuntu olması haqqından əllərində sübut yoxdur. Sadəcə, söz  yığınından ibarət böhtan xarakterli hesabatdır. Bu gün Azərbaycanın güclü dövlət olmasını həzm edə bilməyən qüvvələr var. Onlar Azərbaycanı zəiflətmək, bununla ölkənin sərvətlərini mənimsəmək istəyənlərdir. Və bu dairələrlə ermənilərin maraqları tamamilə üst-üstə düşür. Təəssüf ki, adını azərbaycanlı qoyan bu insanlar da həmin qüvvələrin içərisində Azərbaycana qarşı düşmənçilik mövqeyi nümayiş etdirirlər. Ona görə də hüquq-mühafizə orqanları hərəkətə keçməlidir. Məsələyə hüquqi müstəvidə qiymət verilməlidir. Bunları kimin maliyyələşdirdiyi müyyənləşdirilməli, eyni zamanda söyüş söyüb təhqir edənlər Azərbaycan cinayət məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq mühakimə olunmalı, onları fəaliyyətinə hüquqi qiymət verilməlidir. Mən başqa yol görmürəm”.    

AĞ Partiya lideri Tural Abbaslı isə mövzu ilə bağlı söylədi ki, mühacirlərin aktivliyi son zamanlar artıb: "Düzdür, onlar söyüş ritorikası ilə başlayıblar. Ancaq məsələ budur ki, hakimiyyət də eyni ritorika ilə cavab verir. Ona görə də hansısa tərəf söyüş rutorikasının aradan qalxmasını istəyirsə, ilk addımı da o atmalıdır. Bu isə hakimiyyət tərəf olmalıdır. Düşünürəm ki, hakimiyyətin əsas çəkindiyi qüvvə xalqdır. Müxalifətin isə gücü xalqı təşkilatlandıra bilməsindədir. Bunu isə nə xaricdəki, nə də daxildəki müxalifət bacarır. Ona görə də hesab edirəm ki, hakimiyyət nə daxildəki, nə də xaricdəki müxalifətdən çəkinmir. Təbii ki, əgər hansısa müxalifətdən çəkinməlidirsə, bu, daxildəki müxalifətdir. Çünki bir var min kilometrlərlə kənardan xalqı hakimiyyətə qarşı yönəldəsən, bir də var daxildən. Utopiyadır ki, Avropadan hansısa video-çıxışlarla xalqı küçələrə tökmək olar. Bunu ancaq daxildə strukturlaşmış partiyalar edə bilər. Düşünürəm ki, hakimiyyətin mühacir qrupuna aşırı təpkisi onların aksiyalarına görə deyil. Məncə səbəb hamimiyyətdaxili qrupların öz aralarındakı savaşıdır. Qrupların bu savaşda xaricdəki həmin şəxslərdən istifadə etmək ehtimalına görə hakimiyyət məsələyə daha ciddi yanaşdı. Fikir versək, görərik ki, xaricdəki mühacirlərin fəaliyyəti ilə bağlı çıxış edən istənilən hakimiyyət nümayəndəsi daxildən bəzi insanların buna dəstək verdiyini qeyd etdilər. Bunun dolayısıyla daxili çəkişmənin predmeti olduğunu özləri də qeyd etmiş oldular. Düşünürəm ki, kəskin reaksiya buna görədir. Yoxsa 150-200 insanın haradasa aksiya etməsindən hakimiyyətin qorxusu ola bilməz. Təbii ki, evin içindəki müxalifət hər zaman hakimiyyət üçün təhlükəlidir, nəyinki xaricdəki. İnqilablar, dəyişikliklər hər zaman daxildəki müxalifətin hesabına başa gəlir”. /Y.M/

Oxşar xəbərlər