Sabahdan İTV-də prezidentliyə namizədlərin debatları başlayır

  • 18 mar 2018, 10:18

Aprelin 11-nə təyin olunmuş prezident seçkilərinin növbəti mərhələsi sabahdan -19 martdan başlayır. Qanunverilciliyə uyğun olaraq, sabah MSK-də püşkatma keçiriləcək, çıxışların ardıcıllığı müyyənləşəcək, bunun ardınca İTV-də canlı olaraq debatlar aparılcaq.

Debatlardan öncə namizədlər öz aralarında razılaşma protokolu imzlayıblar. Namizdəliyni müstəqil qaydada irəli sürmüş Zahid Oruc bu barədə musavat.com-a açıqlamasında bildirdi: "Digər həmkarlarımızla birgə razılığa gəlmişik ki, namizədlər arasında bir-birinə qarşı qanunsuz rəqabət, şərəf və ləyaqətə hörmətsizlik və qeyri-etik mübarizə vasitələrindən istifadə olunmayacaq. İkincisi, İctimai Televiziyada ayrılmış efir vaxtının prinsipləri elə müəyyənləşdirilməlidir ki, burada təşviqat proqram və tədbirlərindən maksimum istifadə oluna bilinsin. Yəni həftəlik efir vaxtı elə bölünəcək ki, həftənin yarısı fasiləsiz olaraq televiziyada keçsin, digər yarı hissəsi isə effektli şəkildə insanlarla birbaşa təmasların reallaşdırılmasına imkanlar tanısın. Daha konkret söyləsək, həftədə 3 saat ayrılan ödənişsiz zamanı 3 gün ərzində istifadə etmək, yerdə qalan 4 günü isə Bakı və onun ətrafında olan bölgələrdəki seçicilərlə birbaşa görüşlər üçün reallaşdırmaq mümkün olsun. 2013-cü ilin praktikasında bildiyiniz kimi, bu, bir gündən bir reallaşdırılırdı və avtomatik olaraq,ciddi problemlər yaradır,zaman bölgüsünü dislokasiyalar üzrə uyğun bir qrafikdə qurmaqda xeyli çətinliklər törədirdi”.

Zahid Orucun sözlərinə görə, başqa bir müddəa isə ayrılan efir vaxtı ilə bağlıdır: "Yəni seçilən vaxt və ya efirdə debatların reallaşması saat 21 və 23 arası gerçəkləşdirilsin. Artıq İctimai Televiziya ilə razılaşma əldə olunub ki, əvvəlki dövrlərdəki kimi debatların saat 19-da keçirilməsi insanların işdən evə döndüyü və ya o zaman ekran qarşısında olmaması səbəbindən onlar itirilirdi. Bu baxımdan saat 22-də aparılması qərarlaşdırılır. Eyni zamanda, 1, 2, 3-cü günlər debatlar həm də İctmai Televiziyanın radiosunda da reallaşdırılacaq. Dəyirmi masalar beynəlxalq praktikada, ayrı-ayrı dövlətlərin təcrübəsində olduğu kimi konkret mövzular ətrafında keçiriləcək. Bu, həmin məsələlər ətrafında daha yaxşı diskussiyalar, debatlar aparmağa imkan verəcək. Bütövlükdə bütün bu prinsiplərin ətrafında razılaşmaya müəyyən qədər riyaət etmək üçün MSK-dan öz səlahiyyətləri çərçivəsində bu işləri müşahidə altında saxlamaq da xahiş edilib. Sözügedən protokol namizədlərin altısı tərəfindən imzalanıb. Namizədlər üçün ayrılan efir artıq martın 19-dan başlayacaq”.

Oxşar xəbərlər