İrandan Ermənistanla bağlı əsas gözləntimiz

  • 06 mart 2018, 11:31

Müsəlman qonşumuzun bircə addımı yetər ki, məscidlərimiz, qəbiristanlıqlarımız donuzların tapdağından xilas olsun; politoloq: "Seyid Amili İran hakimiyyəti qarşısında məsələ qaldırsın ki...”

Son zamanlar İran-Azərbaycan münasibətlərində nəzərəçarpan dərəcədə müsbət dinamika müşahidə olunur. Üstəlik, Azərbaycan dövlətinin təşəbbüsü və hətta müsəlman qonşusuna böyük miqdarda güzəştli kredit ayırması nəticəsində dəmir yollarının birləşdirilməsi istiqamətində uğurlu addımların atılması daim Bakı və Tehranın arasını vurmağa çalışan qüvvələri, o cümlədən işğalçı Ermənistanı ciddi şəkildə narahat etməkdədir.

Martın 28-də isə İran prezidenti Həsən Ruhani Azərbaycana səfər edəcək. Səfər zamanı İran prezidenti Bakıda bir sıra rəsmi görüşlər keçirəcək. Onun həmçinin Naxçıvana səfəri və Neftçalada Maşınqayırma Zavodunun açılışında iştirakı gözlənilir. Bir sıra ikitərərfli sənədlərin imzalanması da nəzərdə tutulur. Bu səfər iki qonşu müsəlman ölkənin əlaqələrinin daha da inkişaf etməsi istiqamətində dönüş ola bilər.

Qeyd edək ki, işğalçı Ermənistan Bakı-Tiflis-Qars dəmir yolu layihəsindən kənarda qaldıqdan sonra Azərbaycan və İran arasındakı razılaşma nəticəsində iki ölkənin dəmir yollarının birləşdirilməsi nəticəsində sonuncu şansını da itirib. Belə ki, Ermənistan bərbad vəziyyətdə olan İran-Ermənistan dəmir yolunun bərpası və qonşu ölkəyə məxsus yüklərin öz ərazisindən ötürülməsinə nail olmaqla fayda götürmək istəyirdi. Lakin fevral ayında Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu marşrutu ilə Rusiya Federasiyasından gələn 6 vaqondan ibarət ilk sınaq yük qatarı İrana yola salınması İrəvanın bütün ümidlərinin üstündən xətt çəkdi. Bu ay isə Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Astara (Azərbaycan)-Astara (İran) beynəlxalq dəmir yolunun istifadəyə verilməsi gözlənilir. Xatırladaq ki, "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən, Qəzvin-Rəşt dəmir yolunun davamı olan Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti İran ilə Rusiyanın dəmir yolları sistemlərini Azərbaycan vasitəsilə birləşdirəcək.

Bu günlərdə "Yeni Müsavat”ın əməkdaşının da iştirak etdiyi Ərdəbildəki Beynəlxalq Qarabağ Forumunda və digər görüşlərdə İran vətəndaşı olan nüfuzlu din alimlərinin, elm adamlarının Azərbaycan ərazilərinin işğaldan azad edilməsi istiqamətində səylərini dəstəklədikləri barədə bəyanatlar səsləndirilib. Üstəlik, Ərdəbilin İmam-cüməsi Seyid Həsən Amili "Yeni Müsavat”a müsahibəsində özü başda olmaqla, minlərlə İran vətəndaşının Qarabağda şəhid olmağa hazır olduğunu söyləyib. "Mənim rəhbərim deyir ki, ora İslam torpağıdır, mən də deyirəm biz hazırıq... Bizim rəhbərimiz deyir ki, hər kəs Qarabağda ölsə, şəhiddir” - bunlar da Seyid Amilinin dedikləridir. Bununla belə, imam-cümə birinci Qarabağ müharibəsi zamanı İranın Azərbaycana həm hərbi, həm canlı qüvvə, həm də humanitar sahədə ciddi dəstək verdiyini söyləyib. Düzdür, bütün bunlar barədə zaman-zaman deyilib, bəzən mübahisəli situasiyalar da ortaya çıxıb. Müsahibədə digər məqamlar da var.

Azərbaycan bir sıra hallarda İranın göstərdiyi dəstəyi qiymətləndirir və unutmur. Ancaq bəzi reallıqlar da var ki, bu, daim əlaqələrimizə kölgə salır. Məsələn, İran hakimiyyət nümayəndələri vaxtaşırı işğalçı Ermənistan rəhbərliyi ilə bir yerdə olur, qarşılıqlı səfərlər həyata keçirilir, bir-birini qucaqlayıb, dostluq bəyanatları verirlər. Ancaq Azərbaycan prezidentinin də bəyan etdiyi kimi, Ermənistan məscid dağıdan ölkədir və onunla dostluq etmək heç bir müsəlman ölkəsinə başucalığı gətirmir. Ötən ilin dekabrında isə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İrəvanda olarkən Ermənistanı "bölgədə sülhün, əmin-amanlığın carçısı və təminatçısı” adlandırmışdı. Hər kəs bilir ki, bu ifadələr Ermənistan adlı işğalçı ölkəyə yaddır. Belə olan təqdirdə Azərbaycanda İran rəsmilərinin bəyanatları təbii ki, üzüntü ilə qarşılanır. Lakin belə görünür ki, İranda dövlət siyasəti Ermənistanla əlaqələrin tərəfindədirsə, dini lider fərqli yanaşmadan çıxış edir və Qarabağın vazkeçilməzliyini davamlı şəkildə bəyan edir, hətta orada şəhadətə çağırır. Lakin son zamanlar ki, Azərbaycanla əlaqələrdə yeni mərhələ başlanıb, Ermənistan üçün "nəfəslik” rolunu oynamış müsəlman qonşumuzun fərqli mövqe sərgiləyə biləcəyinə inam yaranıb. Hətta Türkiyə kimi, İranın da Ermənistanla sərhədini bağlaması və İslam torpaqları işğaldan azad olunana qədər təzyiqlərini davam etdirməsinin mümkün olub-olmaması müzakirə mövzusuna çevrilə bilər. Elə Amilinin mövqeyindən də bunu gördük.

Politoloq Elçin Mirzəbəyli də "Yeni Müsavat”a təsdiqlədi ki, son vaxtlar Azərbaycan-İran münasibətlərinin inkişafı istiqamətində müsbət dinamika hiss olunur: "Bu sırada iki ölkə arasında nəqliyyat və enerji dəhlizlərinin diversifikasiyası, hərbi və təhlükəsizlik sahələrindəki əməkdaşlığı xüsusi qeyd etmək olar. Münasibətlərin inkişafı hər iki ölkənin maraqlarına xidmət edir. Öncə qeyd edim ki, Azərbaycan İrana münasibətdə hər zaman həssas və birmənalı siyasət yürüdüb və müəyyən bir zaman kəsiyində qarşılıqlı münasibətlərdə nəzərə çarpan ziddiyyətlərin səbəbkarı da biz olmamışıq. Azərbaycanın qonşu İrandan gözləntiləri çox aydın və sadədir. Biz yaxın qonşularımızın işğalçı Ermənistana qarşı elan etdiyi prinsiplərə və beynəlxalq hüququ normalarına uyğun mövqe sərgiləməsini arzulayırıq. İranda 35 milyona yaxın Azərbaycan türkü yaşayır. Onlar bizim qardaşlarımız deyil, bizim özümüzdür. İran həm də azərbaycanlıların dövlətidir. Belə olduğu təqdirdə, əslində Ermənistanın işğalçılıq siyasətinin önündə dayanan ölkələrdən biri və birincisi İran olmalıdır. Amma təəssüf ki, bu belə deyil”.

Politoloq xatırlatdı ki, biz İranın Ermənistanla olan münasibətlərindən danışanda onlar bizə İsrailin Bakıdakı səfirliyini nümunə gətirirlər: "Bu, kökündən yanlış yanaşmadır. Əgər İsrail İran torpaqlarını işğal etsəydi, o zaman belə bir iddianı haqlı saymaq olardı. Digər tərəfdən, unutmaq lazım deyil ki, Azərbaycan bu günədək İsraildə öz səfirliyini açmayıb. Bütün bunları kənara qoyuram. Biz işğala məruz qalan dövlətik. İran siyasətçiləri hər zaman zalımların qarşısında olduqlarını bildirilər. Buyursunlar, prinsiplərinə sadiq qalsınlar. Ermənistanla diplomatik əlaqələri kəssinlər, sərhədləri bağlasınlar və sonra da bizə bu və ya digər şəkildə narazılıqlarını çatdırsınlar. İranda yaşayan qardaş və dost xalqların nümayəndələrinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı fikirlərini təqdir edirəm, sağ olsunlar. Onların Qarabağ uğrunda şəhid olmalarına da ehtiyac yoxdur. Elə bircə Ermənistanla münasibətləri kəssələr yetər. Azərbaycanda iranlı qardaşlarımızın bu addımını elə şəhadət kimi qəbul edəcəklər”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə "Yeni Müsavat”a dedi ki, Seyid Amilinin Qarabağla bağlı fikirləri təqdirəlayiqdir: "Onun Qarabağla bağlı ən azı 7 fikri diqqətimi çəkdi. Bu, aşağıdakı fikirlərdir: ”Biz Qarabağ məsələsində Azərbaycana hər cür dəstək verməyə hazırıq, bununla bağlı İranda problem yoxdur"; "Biz ürəkdən arzulayırıq ki, bu torpaq, İnşallah, ermənilərin işğalından xilas olsun, yenidən Azərbaycana qayıtsın və məscidlərimiz orada azad olsun!”; "Bizim dini rəhbərimiz çox gözəl buyurub ki, əgər Qarabağ müharibəsində biri canından keçibsə, şəhid olub”; "Aprel döyüşündə ərz elədim ki, mən özüm də ordakı döyüşlərdə iştirak etməyə hazıram və bu, mənimçün şərəfdir”;  "Allah o günü göstərməsin ki, Azərbaycan Qarabağda referendum keçirməyə razılıq versin! Çünki həmişə torpaqları qondarma referendumlarla qoparıblar”; "ABŞ və Rusiya Qarabağda separatçıları dəstəkləyir”; "İranın Qarabağ müharibəsində Azərbaycanda etdiyi xidmətləri heç bir ölkə etməyib, etməz! Bizim nə qədər generallarımız Qarabağa gəldilər, ermənilərlə müharibə etdilər”; Seyid Amilinin bu sözlərindən hansı nəticə çıxır? Birincisi, Seyid Amili inandırmağa çalışır ki, İran Qarabağ məsələsində Azərbaycana hərtərəfli dəstək verib və bu dəstəyi indi də verməyə hazırdır. Ancaq bunun üçün Azərbaycan İranla sıx əməkdaşlıq etməlidir. İkincisi, Seyid Amili konkret olaraq Ermənistanı işğalçı ölkə adlandırır və bu ölkə ilə mübarizə aparılmasını doğru sayır. Halbuki İran rəsmiləri adətən Azərbaycan torpaqlarının işğalında Ermənistanın adını çəkmirlər, sadəcə, deyirlər ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Üçüncüsü, Amili Dağlıq Qarabağda referendumun əleyhinə olmaqla həm Azərbaycana dəstək verdiyini, həm də Minsk Qrupunun əleyhinə olduğunu ifadə edir".

E.Şahinoğlu birmənalı şəkildə hesab edir ki, Seyid Amilinin Qarabağla bağlı fikirləri Azərbaycanın xeyrinədir: "Seyid Amili İran rəsmiləri və din xadimləri içərisində Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyən əsas fiqurdur. Ancaq Seyid Amili heç də hər zaman Azərbaycanın siyasətini dəstəkləmir. Məsələn, Seyid Amili Azərbaycanla İsrail arasındakı əməkdaşlığı tənqid edir. Ən maraqlısı Ermənistan rəsmilərinin, diplomatlarının və mediasının Seyid Amilinin sözlərinə reaksiyasıdır. Onlar Seyid Amilinin Qarabağla bağlı açıqlamalarına fikir vermirlər, çünki bu sözlər Azərbaycanın xeyrinədir. Ancaq Seyid Amili elə ki, Azərbaycanın İsraillə və ya ABŞ-la əməkdaşlığını tənqid edir, o zaman erməni saytları onun bu bəyanatlarını yayırlar”.

Politoloqun fikrincə, ona görə də elə etmək lazımdır ki, İrəvan Seyid Amilinin Ermənistan və ermənilər haqqında dediyini də eşitsin: "Seyid Amilinin ”Yeni Müsavat"a verdiyi müsahibəni rus dilinə çevirib geniş auditoriyaya çatdırmaq lazımdır ki, düşmənlərimiz də oxusunlar ki, İranda hətta din xadimləri arasında Azərbaycana dəstək vermək istəyənlər var və onlar hətta Azərbaycan tərəfdən müharibəyə qoşulmağa hazırdırlar. Əgər Tehran siyasətində Seyid Amilinin açıqlamalarına istinad edərsə, onda İranın Qarabağ münaqişəsinə mövqeyi köklü surətdə dəyişə bilər. Məsələn, yaxşı olardı ki, Seyid Amili İran hakimiyyəti qarşısında məsələ qaldırsın ki, İran Ermənistanla həm sərhədi bağlasın, həm də diplomatik münasibətləri kəssin. Belə olan halda Ermənistan vahiməyə düşəcək. Biz İrandan məhz bunu gözləyirik".

Göründüyü kimi, ekspertlərimiz də İran-Azərbaycan münasibətlərinin normallaşmasının tərəfdarı olmaqla, bu inkişafı təqdir etməklə yanaşı, Tehrandan işğalı durdurmaq üçün konkret addımlar atmasını istəyirlər. Həsən Ruhaninin qarşıdakı səfəri zamanı məscid dağıdan ölkə ilə bağlı sərt addımın atılması tam yerinə düşər. Düzdür, İranın din alimi hesab edir ki, İran Ermənistanla sərhədi bağlasa belə, Rusiya onu xilas edəcək. Ancaq biz müsəlman qonşumuzdan ən azı üzərinə düşəni etməsini gözləyirik, gerisi təfərrüatdır. Həm də söhbət İranın "nəfəs” verdiyi ölkədən gedir. Kərkük nümunəsində İran və Türkiyənin sərhəd qapama əməliyyatı öz sözünü dedi, bir ay ərzində kürd separatçıları "müstəqillik” iddialarından geri çəkildilər. İndi növbə Ermənistanın və Qarabağ separatçılarının olmalıdır...

Elşad PAŞASOY

Oxşar xəbərlər