Serj Sərkisyanın Münhen şantajı və uğursuz gedişi

  • 20 fev 2018, 10:31

Ermənistan prezidenti Azərbaycanla Türkiyənin arasını vurmaq üçün yenidən "sərhəd projesi”ni gündəmə gətirmək istəyir; işğalçı ölkənin liderinin İrəvan və Zəngəzurla bağlı suala cavab verə bilməməsi ermənilər də çaşdırıb; Arzu Nağıyev: "Ermənilər özləri də boyunlarına alırlar ki...” 

Azərbaycan rəhbərliyinin son zamanlar işğal olunmuş ərazilər, həmçinin Azərbaycanın tarixi torpaqları ilə bağlı səsləndirdiyi bəyanatlar Ermənistanda nəzərəçarpan dərəcədə narahatlığa səbəb olub. İşğalçı ölkədə artıq açıq mətnlə bildirirlər ki, Ermənistanın "ağa”sının başının daxili problemlərinə, dünya gücləri ilə savaşa qatıldığı bir dövrdə Azərbaycan nəinki Qarabağı işğaldan azad edə, üstəlik, İrəvan və Zəngəzuru da geri qaytara bilər.

Düzdür, bir sıra hallarda Serj Sərkisyan hakimiyyəti seçkiqabağı xalqı qorxutmaq və dünya birliyini aldatmaq üçün Azərbaycanda səslənən bəyanatlardan yararlanmağa çalışır. Necə ki, Münhen Təhlükəsizlik Konfransında erməni prezident Azərbaycanın İrəvanı qaytarmaq istəyini xatırladaraq, özünü yazıq görkəmdə təqdim edib, dəstək qazanmağa çalışıb. Xatırladaq ki, 2016-cı ilin aprel döyüşlərindən sonra Almaniyaya səfər edən Sərkisyan onda da ölkəsindəki 80-ci illər silahlarına görə gileylənmişdi, hətta Rusiyanı almanlara satmışdı. Son səfərində də S.Sərkisyan özünü "mələk” libasında təqdim etməyə çalışıb, bu barədə bir az sonra bəhs edəcəyik.

Azərbaycan prezidenti İlham Əliyev fevralın 19-da Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi elçisi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən də əsas müzakirə mövzularından biri Qarabağın işğalda qalması məsələsi olub. Dövlət başçısı İlham Əliyev vurğulayıb ki, münaqişənin tezliklə həll edilməsi üçün Ermənistan işğal edilmiş torpaqlardan öz işğalçı qüvvələrini geri çəkməyə başlamalıdır və beynəlxalq hüququn norma və prinsipləri bərqərar olmalıdır

Yeri gəlmişkən, T.Klaar "Trend”ə müsahibəsində Qarabağ məsələsi ilə bağlı sualı cavablandırarkən deyib ki, Avropa İttifaqının mövqeyi olduqca aydındır: "Biz insanların və cəmiyyətlərin öz potensialını tam həyata keçirə biləcək dinc və firavan Cənubi Qafqaz istəyirik. Bunun üçün Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həlli vacibdir. Status-kvo bir çox cəhətdən dayanıqsız və olduqca kövrəkdir”. Düzdür, Aİ rəsmisinin mövqeyində yenə də məsuliyyətin bərabər şəkildə bölüşdürülməsi cəhdi var, amma hər halda, bütün dünya bilir ki, işğalçı Ermənistandır və Azərbaycan zərər çəkən tərəfdir.

Elə S.Sərkisyanın Münhendə çətin vəziyyətə düşməsi də haqsız tərəf olmasının məntiqi nəticəsidir. Təhlükəsizlik Konfransının panel sessiyasında Azərbaycanın Almaniyadakı səfirliyinin birinci katibi, gənc diplomat Sədi Cəfərov erməni prezidentə müraciət edərək qeyd edib ki, öz işğal siyasətinə görə Ermənistan bu gün bütün regional iqtisadi və nəqliyyat layihələrindən kənarda qalıb. Diplomat deyib ki, Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycan əhalisinin etnik təmizləməsini həyata keçirib. Ona görə də Qarabağ münaqişəsinin nizama salınması üçün Ermənistan işğal edilmiş əraziləri azad etməli, qaçqınlar öz evlərinə qayıtmalıdırlar və Ermənistan regional layihələrdə yalnız bundan sonra iştirak edə bilər. S.Sərkisyan isə azərbaycanlı diplomatın dediklərinə ciddi cavab verə bilməyib. Erməni prezident bundan əvvəlki beynəlxalq tədbirlərdə də Azərbaycandan olan təmsilçilərin tutarlı arqumentləri ilə üz-üzə qalmışdı.

Lakin Ermənistan prezidentinin növbəti dəfə Sürix protokollarını xatırlatması suallar doğurub. "Mənim təşəbbüsümlə başlayan Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi ölkələrimiz və bölgə üçün yeni imkanlar yarada bilər” - S.Sərkisyan deyib. Üstəlik, o təklif edib ki, Türkiyə ilə danışıqlar yeni sənəd üzrə aparılsın. "Türkiyə Ermənistanla sərhədi bağlı saxlamaqda davam edir. Əminliklə deyə bilərəm ki, vəziyyəti nizamlamaq məqsədilə Ermənistan əlindən gələni edib. Bununla belə, münasibətlərin qurulmasına dair protokollar kağız üzərində qalıb” - Sərkisyan gileylənib. Erməni prezident hiyləgər gediş edərək, növbəti dəfə Bakı və Ankara arasındakı qardaşlıq münasibətlərinə xələl gətirməyə uğursuz cəhd edib.

"Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına Azərbaycan mane olurmu? Xeyr. Əsas maneə Türkiyə liderlərində siyasi iradənin olmamasıdır. Biz daim Türkiyədən cavab addımlarının atılmasını gözləyə bilmərik. Protokollar mövcud şəraitə əsaslanaraq imzalanıb. Danışıqlar artıq yeni sənəd üzərində aparılmalıdır” - Sərkisyan dolayı yolla həm də Türkiyə hakimiyyətini şantaj etməyə çalışıb. Ekspertlər erməni prezidentin uğursuz gedişlər etdiyi qənaətindədirlər.

"Serj Sərkisyanın Münhen Təhlükəsizlik Konfransında azərbaycanlı diplomatın təcavüz siyasətilə bağlı ünvanladığı suala verdiyi təxribatçı cavab, Türkiyə ilə sərhədlərin şərtsiz açılması bəyanatı, Dağlıq Qarabağın öz müqəddəratını təyin edəcəyindən danışması - bütün bunlar seçkiqabağı təbliğatla bağlıdır və hər üç cavab seçkilərdə Dağlıq Qarabağ kartından aktiv istifadə etməklə bağlıdır”.

Politoloq Arzu Nağıyev bunu "Yeni Müsavat”a aıqlaması zamanı bildirdi. Ekspertin qənaətincə, Sərkisyan özü də başa düşür ki, bu məsələlərin heç biri beynəlxalq norma və qanunlara uyğun gəlmir: "Həmçinin o, anlayır ki, digər tərəflərin müdaxiləsi və ya razılığı olmadan bu planı həyata keçirilə bilməz. Faktiki olaraq, Türkiyə ilə sərhədlərin açılmaması da Dağlıq Qarabağ məsələsinin həll ediməməsi ilə bağlıdır. Hər bir millətin öz müqəddəratını həlletmə hüququ ilə bağlı qaldırılan məsələ də məlumdur ki, beynəlxalq konvensiyalara ziddir və ikinci bir dövlətin suverenliyinə edilən təhdidlə buna nail olmaq olmaz. Daha doğrusu, Azərbaycan ərazisində ikinci bir erməni dövləti yarana bilməz!”

A.Nağıyev S.Sərkisyanın Azərbaycan prezidentinin Zəngəzur və İrəvanla bağlı verdiyi bəyanata münasibətinə də toxundu. Qeyd edək ki, konfransda erməni prezidentin bununla bağlı suala cavab verməməsi Ermənistanda da müzakirələrə səbəb olub və suallar doğurub. Ekspert bunun səbəbsiz olmadığını düşünür: "Sərkisyan özünəməxsus şəkildə guya bizim torpaq iddiasında olduğumuzu deyir. Əksinə, biz öz tarixi torpaqlarımıza qayıtmaqla bağlı fikir bildiririk. Bir sözlə, ermənilər özləri də boyunlarına alırlar ki, Sərkisyan Münhen imtahanından keçə bilmədi”.

Oxşar xəbərlər