Sərdar Cəlaloğlu İranda keçirdiyi görüşlərdən danışdı

  • 16 fev 2018, 08:47

"Nə vaxtsa sizə qarşı ”İrana işləyir" kampaniyası aparılacağından narahat deyilsinizmi" sualına ADP sədri nə dedi?

ADP sədri Sərdar Cəlaloğlu İran səfəri ilə bağlı "Yeni Müsavat”a danışıb. S.Cəlaloğlu deyib ki, İran İslam İnqilabının 39-cu ildönümü münasibətilə Tehranda keçirilən tədbirlərə VİP sədri Əli Əliyev, özü və müavini Həsrət Rüstəmovdan başqa  Azərbaycandan heç kim olmayıb: "Biz İslam inqilabının ildönümü ilə bağlı təşkil olunmuş ümumi kütləvi tədbirləri xarici qonaqlar üçün yarılmış xüsusi tribunadan izlədik. İranda cəmi üç gün olduq. İki dövlət televiziyasında çıxış elədik. ”Səhər" telekanalının Azərbaycan dilində olan "Arena” və "Ay işığı” proqramında olduq. İran parlamentinin xarici işlər komissiyasının sədri, parlamentin sədr müavini ilə görüşümüz oldu. Geopolitik məsələlərlə, Azərbaycan-İran münasibətləri ilə bağlı ətraflı söhbət etdik. Sonra İranda fəaliyyət göstərən və namizədi ilə prezident seçkilərində iştirak eləmiş partiyaların rəhbərliyi ilə görüşdük. Onlar İslam ölkələrinin partiyalarının birliyini yaradıblar. O cümlədən Yeni Azərbaycan Partiyası da həmin birliyin üzvüdür. Bizi də o birliyə üzv olmağa dəvət elədilər. Çünki o birlik həm iqtidar, həm müxalifət partiyalarının birliyi kimi nəzərdə tutulub. Onlarla ətraflı söhbət elədik ki, partiyalar arasında əlaqələri necə qurmaq olar. Heydər Əliyev Azərbaycanda prezident olduğu vaxtlarda Qarabağın azad olunması istiqamətində fəaliyyət göstərmiş iki iranlı generalla görüşdük. Onlar Qarabağla bağlı İranın mövqeyini, bizə göstərdiyi yardımlarla bağlı ətraflı məlumat verdilər. İranın İraqda və bir neçə dövlətdə səfiri olmuş və bu dəqiqə də İran hakimiyyətinin siyasi məsləhtçilərindən olan Qumi ilə görüşdük. Sonra Məşhəddə olduq. Bütünlükdə üç gün ərzində mümkün olan ən sıx proqramla iştirak etdik".

ADP sədrinin fikrincə, İran öz siyasətini getdikcə dünyəvi siyasət istiqamətinə dəyişdirmək üçün cəhdlər edir: "Xüsusən İrandakı son hadisələrdən sonra bu ölkənin özündə də belə bir fikir var ki, İslami islahatların həyata keçirilməsinin vaxtı çatıb. Hətta dövlət rəhbərlərinin çağırışları da bunu sübut edir. Azərbaycanla münasibətlərin yüksək səviyyədə qurulmasında maraqlı olduqlarını ifadə elədilər”.

"İrandakı siyasi dairələri Azərbaycanda keçiriləcək prezident seçkisi ilə maraqlanırmı” sualına ADP sədri belə cavab verdi: "Ümumiyyətlə, görüşlərimizdə bizim üçün bir şey aydın oldu ki, Azərbaycan İran üçün iki mənada çox böyük əhəmiyyət daşıyır. Birincisi, qonşu dövlət kimi, tarixi, mədəni yaxınlığı olan bir dövlət kimi, ikincisi Rusiya ilə İran arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün Azərbaycana müstəsna rolu olan bir ölkə kimi baxırlar. Prezident seçkisi ilə bağlı, ümumiyyətlə, heç bir söhbət olmadı. Nə biz bu barədə fikir bildirdik, nə də onlar maraqlanmadılar”. 

"Nə vaxtsa sizə qarşı  ”İrana işləyir" kampaniyası aparıla biləcəyindən narahat deyilsinizmi" sualına müsahibimiz belə cavab verdi: "Əvvəla, ”Siyasi partiyalar haqqında" Qanuna görə, siyasi partiyaların xarici əlaqələr yaratmağı qadağan deyil. İkincisi, bizim kimi təşkilatların əlaqələri də BMT-nin qəbul etdiyi proqramlar çərçivəsində həyata keçirilir. Yəni beynəlxalq təcrübə baxımından da bizim hanısa xarici ölkə ilə əlaqələr qurmağımızda qanunsuz heç nə yoxdur. Mən gedib İranda və ya hansısa başqa xarici dövlətdə xalqımın maraqlarını açıq şəkildə ortaya qoyub müdafiə edirəmsə, burada pis heç nə yoxdur. Məsələn, biz orada dedik ki, Rusiya Qarabağ məsələsində bitərəf mövqe tutmayınca, Azərbaycan Rusiya ilə əməkdaşlığı inkişaf etdirsin. İrandan da Qarabağ məsələsində birmənalı olaraq ədalətli tərəfin-Azərbaycanın yanında olmasını istədiyimizi dedik. Bu, dövlətimizin xeyrinədir. İctimaiyyət qarşısında çıxış eləmişik, görüşlərimiz publik olub, keçirdiyimiz görüşlər, apardığımız müzakirələr barədə ətraflı məlumatları cəmiyyətlə bölüşürük. Bütün bunlara görə də heç kim bizə nə isə ittiham irəli sürə bilməz. İran əslində bizim üçün tam xarici dövlət deyil. Milli məsələlər baxımından yanaşanda azərbaycanlıların böyük çoxluğu İranın sərhədləri daxilində yaşayır.  Biz İrana acıq edib öz xalqımıza arxa çevirməli deyilik. Oradakı soydaşlarımızın da taleyi bizim taleyimizdir. Biz məcburuq ki, İranla mütləq şəkildə əlaqələr saxlayaq".

"Yeni Müsavat”

Oxşar xəbərlər