Növbədənkənar prezident seçkisində “Qarabağ izi”...

  • 08 fev 2018, 09:20

Yerli və əcnəbi analitiklər seçkidən sonra müharibənin alovlana biləcəyini istisna etmirlər; rusiyalı ekspert: "Aprel-iyul münaqişənin taleyində həlledici ola bilər...”

Azərbaycan prezidenti İlham Əliyevin aprelin 11-nə növbədənkənar seçki təyin etməsi təkcə Azərbaycanda deyil, ölkə xaricində də ciddi rezonans doğurub. Bir sıra ekspertlər bu qərarı həm də Qarabağ məsələsi ilə əlaqələndirirlər.

Rusiya Elmlər Akademiyası nəzdində Dövlət Qulluğu və İdarəetməsi İnstitutunda şöbə rəisi, Millətlərarası Münasibətlər üzrə Prezident Şurasının üzvü Vyaçeslav Mixaylov seçki tarixinin dəyişdirilməsinin  Dağlıq Qarabağ münaqişəsi ilə mümkün bağlantısını təhlil edib. Mixaylov "EurAsia daily” portalındakı yazısında İlham Əliyevin dördüncü müddətə prezident seçilməsi yolunda elə bir əngəlin olmadığını, bu qərarın verilməsində Qarabağ münaqişəsini aparıcı səbəb kimi gördüyünü yazıb.

O qeyd edib ki, Qarabağ ətrafındakı vəziyyət fərqli olduğundan, bu durum Əliyevin rəqiblərini üstələməsini tələb edir. "Burada iki əsas ssenari var və hər ikisi də Azərbaycanın siyasi rəhbərliyinin və hərbi komandanlığının Qarabağ planları ilə sıx bağlıdır”, - müəllif qeyd edib. Müəllif ssenarilərdən birinin sülhə deyil, müharibəyə apardığını bildirib. Belə ki, Əliyev yayadək mövqeyini möhkəmləndirir və Bakı 2016-cı ilin aprelindən sonra yeni irimiqyaslı hərbi hücuma keçir. İyunun 26-da Azərbaycan ordusu 100 illiyini qeyd edir. Bu, rəhbərlik və hərbi komandanlıqdan ötrü yubileyi yalnız hərbi paradla bayram etməyə yaxşı fürsətdir. "İyun-iyul aylarında Qarabağda cəbhə xəttində gərginlik artacaq. Sual onun müddətinin dörd günlük aprel döyüşlərini kölgədə qoyacağı və daha intensiv müharibəyə keçib-keçməyəcəyidir” - Mixaylov əlavə edib.

Siyasətçi bu il iyunun 14-dən iyulun 15-dək Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının Bakının "müharibə naryadı”nın xeyrinə olacağını da iddia edib. Belə ki, Rusiyanın başı idman tədbirinə qarışacaq. "2008-ci ilin yayında Zaqafqaziya lideri (Gürcüstanın o vaxtkı prezidenti Mixail Saakaşvili nəzərdə tutulur - red.) Olimpiya oyunlarından yararlanaraq özünün revanşist planlarını gerçəkləşdirməyə çalışdı. Ovaxtkı hücum alınmadı. Amma Əliyev onu siyasi və həbi avantürada şübhəli saymağa ciddi əsas verməyib. Di gəl, Bakıda ”ya indi, ya da heç vaxt" əhval-ruhiyyəsi kritik həddə yüksəlir. Prezident, ali komandan və bütün Azərbaycan siyasi reallıqlarının əsas problemini həll etmək istəyir və bu yay bunu gerçəkləşdirməyə ən yaxşı fürsətdir. Növbədənkənar seçki təyin etməklə, Əliyev hər iki ssenariyə əl atmaq hüququnu saxlayır. Fikrimizcə, münaqişənin həllinin Madrid alqoritmi Azərbaycanın maraqlarına uyğundur, apreldən sonra bəzi diplomatik addımlar atıla bilər. "Yol xəritəsi” ssenarisi alınmazsa, bu, hərbi əməliyyatları alovlandıra bilər. Hər iki halda, aprel-iyul aylarının Qarabağ münaqişəsinin gələcək taleyində həlledici olacağı görünür" - siyasətçi yazıb.

 

 

Politoloq Elçin Mirzəbəyli isə "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycanın olduğu və Azərbaycanla bağlı olan hər yerdə, hər hadisədə Qarabağ amili var: "Əks təqdirdə, bu bizim işğalla barışdığımız anlamına gələ bilər. Bu baxımdan, şübhəsiz ki, ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkisində də Qarabağın izi var. Seçkilərin elan olunmasında bir çox mühüm amillər nəzərə alınıb. Dünyada və regionda baş verən proseslər dərindən təhlil olunub və seçkilərin keçirilməsi üçün uyğun vaxt seçilib. İstənilən məsələnin həlli üçün - bu, istər ölkənin ərazi bütövlüyünün təmin olunması ilə bağlı olsun, istər islahatların sürətləndirilməsi, istərsə də təhlükəsizlik və digər amillərlə əlaqəli olsun - ilk növbədə siyasi hakimiyyətin ardıcıllığını, dövlət idarəçilik institutlarının sabit fəaliyyətini təmin etmək lazımdır. Azərbaycan prezident üsul-idarəsi ilə yönəldilən bir dövlət olduğu üçün prezident seçkisi bütün digər seçkilərdən daha böyük əhəmiyyət daşıyır. Yeni seçilən prezident qarşıdakı hədəfləri, öhdəlikləri müəyyənləşdirməli və onların həyata keçirilməsini səlahiyyətli olduğu zaman kəsiyinə uyğunlaşdırmalıdır”.

Politoloq bizim üçün ən önəmli məsələnin ərazi bütövlüyü olduğunu dedi: "Təbii ki, növbədənkənar prezident seçkilərində bu amil daha böyük çəkiyə malikdir. Əslində Azərbaycanın bir dövlət kimi fəaliyyətinin bütün istiqamətləri ölkənin ərazi bütövlüyünün təmin olunmasına yönəlib. Yəni iqtisadi baxımdan güclü olmasan güclü ordu qura bilməzsən, güclü ordun olmasa, danışıqlar prosesində mövqeyini müdafiə etmək çətin olar, yaxud ərazi bütövlüyünü təmin etmək üçün hərbi əməliyyatlara ehtiyac duyulanda qüvvələr nisbəti buna imkan verməz. Və ya əgər qlobal enerji və nəqliyyat dəhlizlərinin tərkib hissəsi kimi ölkənin geosiyasi önəmini artırmazsansa, o zaman beynəlxalq dəstəyin yetərincə olmaz, mövqelərin zəifləyər və bu da təbii ki, ərazi bütövlüyünün bərpası prosesinə öz təsirini göstərər. Dövlət həyatı, regional və qlobal proseslər, bütövlükdə ətrafda baş verən nə varsa, bir-biri ilə birbaşa və ya dolayısı ilə bağlıdır. Hər şey bəzi boşboğazların püskürdüyü aqressiya və kin dolu bəyanatlarda olduğu kimi sadə və bəsit deyil. Ölkənin nəinki inkişafı, hətta mövcudluğu belə siyasi hakimiyyətin sabitliyi ilə bağlıdır. Nə qədər paradoksal görünsə belə, hətta müharibədə də uğur qazanmağın yolu ölkənin və siyasi sistemin sabitliyindən keçir”.

 

Politoloq Arzu Nağıyev isə əməkdaşımıza bildirib ki, danışıqların perspektivinə inanmır: "Ermənistanda keçiriləcək seçkilərdə əsas siyasət məhz ”Qarabağ kartı" üzərində qurulacağı üçün konfliktin həlli ilə bağlı hansısa müsbət bir addımın atılacağı inandırıcı görünmür. Bununla belə, Serj Sərkisyan və onun cinayətkar komandası ictimai rəy naminə müəyyən müsbət addım atmalıdır. Bu, təbii ki, separatçılara verilən müstəqilliklə bağlı ola bilməz. Çünki bu, artıq Sərkisyanın fiziki məhvi deməkdir. Lakin işğal olunmuş ərazilərlə bağlı müəyyən addımların atılması mümkündür. Bunu da Ermənistana Rusiya məcburi şəkildə etdirməlidir".

 

 

 

 

 

 

 

 

 

 

 

Politoloq Elxan Şahinoğlu isə seçkilərlə hərbi əməliyyatlar arasında əlaqə axtarmağın əleyhinədir: "Mənə maraqlıdır seçki olmasa müharibəyə başlamaq olmaz? Məgər 2016-cı ildə seçki var idi, apreldə döyüşlər baş verdi?” Ancaq bu ərəfədə Azərbaycan ordusunun hərbi təlimləri də düşmənin narahatlığını artırır. Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, qoşunların 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya birləşmələri 152 millimetrlik "DANA” özüyeriyən artilleriya qurğularının istifadəsi ilə döyüş atışlı taktiki təlimlər keçirib. Təlimlərdə praktiki döyüş atışlarının yüksək dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən istifadə edilib. Artilleriya birləşməsi qarşıya qoyulan tapşırıqları vaxtında yerinə yetirməklə müəyyən edilmiş hədəfləri dərhal məhv edib. Təlimlərə cəlb edilən şəxsi heyətin hazırlığı, ustalığı və bacarığı komandanlıq tərəfindən yüksək qiymətləndirilib.

E.PAŞASOY,
"Yeni Müsavat”

Oxşar xəbərlər