Qüds konfliktinin ən uduzan tərəfi Azərbaycan ola bilər

  • 17 dek 2017, 14:17

 

"Türkiyə və Qətər radikal ideologiyaların yeni sponsorlarıdır”.

 

Ovqat.com xəbər verir ki, bu iddianı Ağ evin Milli Təhlükəsizlik üzrə müşaviri H. R. Mak Master irəli sürüb.

Müşavirin bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğanın çağırışıyla keçirilən və Azərbaycan prezidenti İlham Əliyevin də iştirak etdiyi İslam Əməkdaşlığı Təşkilatının növbədənkənar toplantısı ərəfəsində dilə gətirməsi ABŞ-ın Yaxın Şərqdəki yeni hədəflərini müəyyənləşdirmək baxımından xeyli əhəmiyyət daşıyır. Görünən budur ki, növbəti mərhələdə Yaxın Şərq coğrafiyasında bir-birinə qarşı dayanan iki qütb yaranır. Qütblərdən biri ABŞ-ın dəstəyini qazanan İsrail-Səudiyyə Ərəbistan və körfəz ölkələri, digəri isə Türkiyə-Qətər-İran olacaq. Rusiya da, sözsüz ki, İran və Türkiyənin yer aldığı qütbü dəstəkləməklə Yaxın Şərqdəki öz mövqeyini gücləndirməyə çalışacaq.

Bəs, hətta ərəb ölkələrinin atmağa cəsarət etmədiyi, öz soydaşlarını qurban verdiyi bu siyasət qarşısında Azərbaycan nə qazanacaq?

Bəri başdan deyək ki, Azərbaycanın qütbləşən dünyada öz yerini bu cür müəyyənləşdirməsini əhatə olunduğu qonşularının arasında yer tutmaq məcburiyyətilə birbaşa əlaqəlidir. Amma Qüds problemi ilə bağlı atdığımız addım təkcə bizim dostlarımızı və müttəfiqlərimizi müəyyənləşdirmir, eyni zamanda ölkəmizin yeni geopolitik çəkişmədə qarşı tərəfi seçməsi anlamına gəlir. Deməli, Azərbaycanın bu seçimi həm də müəyyən riskləri özüylə bərabər gətirir.

Zənnimizcə, Qarabağ kimi ciddi problemi olan ölkəmizin bu addımı ilk növbədə ABŞ-dakı mövqelərimizi böyük ölçüdə sarsıdacaq. Sirr deyil ki, rəsmi Bakı bu zamana qədər ABŞ-da ciddi dayaqları olan erməni lobbisinə qarşı yəhudi güc mərkəzlərindən faydalanmağa çalışır, ölkəmizə qarşı yönələ biləcək bir çox qərarları əngəlləyə bilirdi. İndisə hər iki lobbini də qarşımıza alıb hərəkət etmək məcburiyyətindəyik.

ABŞ-dan ölkəmizə yönələ biləcək ən ciddi təzyiq də, yəqin ki, Qarabağ məsələsi ilə bağlı olacaq. Azərbaycanı bu məsələdə yer aldığı yeni ittifaqın nə qədər müdafiə edəcəyi isə məlum deyil. Nədən ki, Qarabağ düyününün açarının Rusiyanın əlində olmasını artıq hər kəs qəbul edir. Rusiyanın ABŞ-dan ölkəmizə yönələn təzyiqlərə qarşı Azərbaycanın yanında yer almasını isə gözləməyə dəyməz. Ən azı ona görə ki, Rusiyanın xarici siyasət idarəsi ermənilərin əlindədir. Son zamanlar rəsmi Bakının Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğandan rusiyalı həmkarı Putin qarşısında Qarabağ məsələsini qaldırmaq tələbi də, görünür, bu ehtiyacdan doğurdu. Nə yazıq ki, Ərdoğanın Putinlə müzakirələrində Qarabağ problemi ilə bağlı Azərbaycanı sevindirəcək nəticə almadığı anlaşıldı. Bununla belə, rəsmi Bakının yaranan yeni ittifaqda indiki yerini almasının qaçınılmaz məcburiyyətdən doğduğu ortadadır.

Qarşı-qarşıya qalacağımız ciddi problemlərdən biri də iqtisadi sahədə ola bilər. Məlumdur ki, Azərbaycan neftinin əsas alıcılarından biri İsraildir. Səudiyyə Ərəbistanı ilə eyni ittifaqda yer alan İsrailin isə bizim neftimizə də ehtiyacı qalmayıb. Daha yaxın coğrafiyada daha ucuz qiymətə "qara qızıl” almaq ehtimalı İsrailin neft alıcılarını rahatlıqla başqa istiqamətə yönəldə biləcəyi istisna edilməməlidir.

Digər tərəfdən, Azərbaycan rəsmilərinin bu addımdan sonra böyük ümidlə baxdığı Cənub Qaz Dəhlizi layihəsi də ciddi təhlükə ilə qarşı-qarşıya qalacaq. Çünki bu layihənin Rusiyanın qaz strategiyasına qarşı həyata keçirildiyi hətta ABŞ rəsmiləri tərəfindən dəfələrlə etiraf olunub. Trampdan əvvəlki hökumətinin Dövlət Departamentinin enerji qaynaqları üzrə xüsusi nümayəndəsi Amos Hokşteynin "Nyu-York Tayms” qəzetinə verdiyi müsahibə də bu etiraflardan biridir. Xatırladaq ki, Yunanıstanın bir neçə il əvvəl rus qazının Avropaya nəqli proyektinə ("Cənub axını”) qoşulmaq istəməsini şərh edən Hokşteyn deyirdi:  "Mən Yunanıstan hökumətinə Rusiya proyekti yerinə, Azərbaycan qazının Avropaya nəqlinə hədəflənən TANAP layihəsinə yönəlməyi təklif edirəm. Çünki Moskva tərəfindən ortaya atılan proyekt Yunanıstanın finansal ehtiyaclarını diqqətə almır və tamamilə siyasi məqsədlidir.”

Amos Hokşteyn eyni məntiqlə "Türk axını” proyektinə də qarşı çıxırdı. O, 2015-ci ilin may ayında Türkiyənin "Hürriyet” qəzetinə müsahibəsində deyirdi: "”Cənub axını” ilə "Türk axını” proyekti eyni sahədən, fəqət fərqli marşrutlar üzərindən keçən kəmərlərdir. Hansının çəkiləcəyindən asılı olmayaraq, "Qazprom” Ukraynanı dövriyyədən çıxararaq eyni qazı eyni ünvana çatdırmaq və bunun üçün də onmilyardlarla dollar xərcləmək istəyir. Bu isə onu göstərir ki, lahiyə iqtisadi yox, siyasi xarakterlidir”.

Göründüyü kimi, cənab Hokşteyn TANAP layihəsinin Rusiyanın qaz strategiyasına qarşı həyata keçirildiyini açıq mətnlə ifadə edir və həm Türkiyəni, həm də Yunanıstanı rus proyektlərindən uzaq durmağa çağırırdı.

Qeyd edək ki, Avropanı Rusiyanın qaz inhisarından xilas etməyə hesablanmış və TAP, TANAP və Cənub Qafqaz Boru Kəmərinin daxil olduğu Cənub Qaz Dəhlizi layihəsi Türkiyə-ABŞ-Azərbaycan münasibətlərinin yaxşı olduğu dövrlərdə belə xeyli mübahisəli görünürdü. Ən yaxşı halda bu layihə ilə Avropaya 10-12 milyard kub metr qaz ötürülməsi nəzərdə tutulurdu ki, bu da heç Avropanın kiçik bir ölkəsinin qaz tələbını ödəmirdi. Nəzərə alsaq ki, həqiqətən də təkcə Macarıstanın illik qaz tələbatı 12 milyard kub metrdir, müxtəlif ekspertlər tərəfindən dilə gətirilən bu iddiayla razılaşmamaq olmur.

Belə bir vəziyyətdə Cənub Qaz Dəhlizi layihəsinin əsas müdafiəçisi olan ABŞ-la münasibətlərini korlayan, ən başlıcası isə Rusiyanın yeni müttəfiqinə çevrilən Türkiyə və Azərbaycanın TANAP layihəsi üçün okeanın o tayından dəstək alması xeyli müşkül görünür. Rusiyanın "Türk axını” layihəsinin Türkiyə tərəfindən dəstəklənməsi isə ABŞ-ın bu projesinin əhəmiyyətini heçə endirir. Bəlkə də bunun nəticəsidir ki, bir müddət əvvəl Dünya Bankı bundan sonra qaz və neft layihələrini dəstəkləməyəcəyini açıq şəkildə bəyan etdi.

Zənnimizcə, Azərbaycanın bundan sonra öz enerji strategiyasını Rusiyanın nəzarəti altında yürütməkdən başqa çarəsi qalmır. Prinsipcə, Rusiyanın da əvvəldən nail olmağa çalışdığı əsas hədəflərindən biri bu idi. Prezident Vladimir Putinin 2015-ci ildə faşizm üzərində qələbənin 70 illiyində çıxış edərkən dilə gətirdiyi aşağıdakı fikirlər də iddiamızı təsdiqləyir: "...hazırda ittifaq çərçivəsində enerji resurslarının ümumi bazarının yaradılması özünün yekun mərhələsindədir. Bu barədə konsepsiya təsdiq olunmaq üçün üzv ölkələrə təqdim edilib və vahid enerji bazarının 2019-cu ildən işləməsi nəzərdə tutulub”.

Başqa sözlə desək, bundan sonra Rusiya bizdən qazı ucuz qiymətə alıb Avropaya daha baha qiymətə satacaq. O başqa söhbətdir ki, bizim özümüzün də Avropaya qazımızı baha qiymətə satacağımız bəlli deyildi. Buna baxmayaraq, Azərbaycanın əsas gəlir mənbəyi olan qaz strategiyasında özünə bağlı layihələrinin olmaması iqtisadi suverenlik baxımından böyük əhəmiyyət kəsb edirdi.

İslam Əməkdaşlıq Təşkilatının son toplantısından sonra yaranmış yeni situasiyaya bu aspektdən nəzər salanda Qüds məsələsi ətrafında yaranan yeni geopolitik qarşıdurmanın ən uduzan tərəfi Azərbaycan, əsas qazananı isə Türkiyə, Rusiya və İran olacaq: Rusiya həm Şərqi Avropaya enerji məhsulları ixracındakı monopolist niyyətinə nöqtə qoyacaq, Türkiyə islam dünyasının liderliyinə iddiada böyük irəliləyiş əldə edəcək, İran bir vaxtlar qarşı-qarşıya olduğu sünni ittifaqını parçalayacaq və əsas rəqibləri qarşısında psixoloji üstünlük qazanacaq, Azərbaycan isə yenidən Rusiyanın qoltuğuna sığınmağa məhkum olacaq.

Amma onu da etiraf etməliyik ki, Azərbaycanın xarici siyasətdə tamamilə başqa mövqe tutması mümkün deyildi və çox az şeyi dəyişə bilərdi.

Heydər Oğuz

Ovqat.com

Oxşar xəbərlər