Moskvanın Bakıya göndərmək istədiyi yeni səfir kimdir?
Dünən Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxini vəzifəsindən azad etdi. Bir müddət sonra isə yerli mətbuat 2009-cu ildən Azərbaycanda səfir vəzifəsini icra edən Doroxinin yerinə Bakıya Georgi Zuyevin göndəriləcəyi haqqında informasiya yaydı. Lakin sonradan Zuyevin səfir vəzifəsinə təyin olunmasının Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən qəbul edilmədiyi haqqında məlumat yayıldı. Buna səbəb kimi isə Zuyevin ermənipərəst mövqeyi göstərildi.
Maraqlıdır, Azərbaycan ictimaiyyətində tanınmayan Zuyev kimdir?
Axar.az məsələnin aktuallığını nəzərə alaraq, oxucularına Zuyev haqqında indiyə qədər müxtəlif mənbələrdən əldə etdiyi məlumatları təqdim edir.
Georgi Zuyev 1958-ci il dekabrın 12-də anadan olub. Rusiya Xarici İşlər Nazirliyinin saytında onun harada anadan olması haqqında heç bir məlumat verilməyib.
O, hazırda Rusiya Xarici İşlər Nazirliyinin Kadrlar Departamentinin direktor müavini vəzifəsini icra edir. Zuyev həmçinin 25 avqust 2004-cü ildən bu yana 2-ci dərəcəli fövqəladə və səlahiyyətli müşavir-elçi diplomatik rütbəsinə (səfir vəzifəsinə təyin olunacağı təqdirdə bu rütbə 1-ci dərəcəyə qaldırılacaq – red.) malikdir. Rusiyada bu rütbə yalnız xarici işlər nazirinin məsləhəti ilə prezident tərəfindən verilir.
2014-cü ilin 23 iyulunda Putinin əmri ilə Zuyevə "Qüsursuz xidmətinə görə” fərqlənmə nişanı təqdim edilib.
Zuyevin Azərbaycana səfir təyinatı ilə bağlı məsələ Rusiyada 2017-ci ilin iyulundan müzakirə olunur. Belə ki, iyulun 5-də Rusiya Dumasının MDB, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə İş üzrə Komitəsi Zuyevin Azərbaycana səfir təyin olunması məsələsini müzakirə edib. Komitə Zuyevin bu vəzifəyə təyinatına izn verib. Komitənin iclasında həmçinin Rusiya Xarici İşlər nazirinin müavininin katibi Qriqori Karasin də iştirak edib. O, Rusiyanın MDB ölkələri ilə münasibətlərini kurasiya edən əsas diplomat kimi tanınır.
Maraqlıdır ki, komitədə müzakirələrin aparılması Ermənistan ordusunun Füzuli rayonunun Alxanlı kəndini müxtəlif çaplı silahlardan atəşə tutması və 2 yaşlı körpə Zəhra Quliyevanı qətlə yetirməsi ilə eyni vaxta təsadüf edib. Zuyevin namizədliyinin təsdiqlənməsindən 1 gün sonra isə Rusiya XİN-in rəsmi saytında Azərbaycanı Rusiyanın erməni əsilli vətəndaşlarına qarşı diskriminasiyaya yol verməkdə ittiham etməsiylə bağlı bəyanat yayıldı.