Xəbər lenti
Bütün xəbərlər

İlqar Məmmədovun taleyiilə bağlı kritik həftə

  • 22 noy 2017, 08:40

Fuad Ağayev: "Problemin həlli yolunu yalnız onun azad edilməsində görürəm”

REAL hərəkatının həbsdəki sədri İlqar Məmmədovun azadlığa buraxılması ilə bağlı Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycan hakimiyyətinə verdiyi vaxtın bitməsinə bir həftə qalır. Hərəkat rəhbəri ətrafında son aylarda yaranan müəmmalar davam edir.

Bununla bağlı hərəkatın media üçün yaydığı açıqlamada İlqar Məmmədova təzyiq olduğunu vurğulayır: "Məsələnin ciddiliyini nəzərə alaraq İlqar Məmmədov ABŞ-ın, Avropa Birliyinin, Avropa Şurasının və AB üzvü olan dövlətlərin səfirliklərinə məlumat verib və onlarla görüş istəyib”.

REAL-ın icraçı katibi Natiq Cəfərli bildirdi ki, bir-biri ilə bir o qədər də əlaqəli olmasa da, Avropa Birliyinin 24 noyabr Brüssel sammiti və Avropa Şurası Nazirlər Komitəsinin keçiriləcək iclasının bağlılığı var: "İştirakçı dövlətlər eyni olduğu və mövqelər aşağı-yuxarı eyni səsləndiriləcəyi üçün bu iki tədbirin bağlılığı var. Yaxınlarda İlqar Məmmədovla bağlı növbəti qərar da açıqlandı. Avropa İnsan Haqları Məhkəməsinin qərarında 6-cı maddə ilə İlqar Məmmədovun məhkəməsinin qaydalara uyğun keçirilməməsi bir daha təsdiq olundu. Bu da onun azadlığa çıxma hüququnun növbəti bəyani idi. Biz ümid edirik ki, Azərbaycan hökuməti Avropa institutları ilə münasibətlərin son həddə qədər gərginləşdirilməsində maraqlı deyil. Məntiqlə də maraqlı olmamalıdır. Çünki Avropa Birliyi ölkələri Azərbaycanın ən böyük tərəfdaşıdır. Avropa məkanı Azərbaycandan ən çox məhsul alan və investisiya qoyan məkandır. Ticari əlaqələr kifayət qədər yüksək səviyyədədir. Siyasi gərginliyin artması bu əlaqələrə ciddi təsir edə bilər. Bu da ölkəmiz, xalqımız, hətta siyasi qüvvələr üçün belə arzuolunan deyil. Ümid edirəm ki, Brüssel sammitində və ortaq danışıqlarda nəticə əldə olunacaq, həm İlqar Məmmədovun yaxın zamanlarda azad olunmasını görəcəyik, həm də Azərbaycanla Avropa institutları arasında gərginləşən münasibətlərin qarşısı alınacaq. Bu çox vacibdir. Çünki Azərbaycanın özü Avropa Şurasından çıxarılsa, yaxud çıxsa, bu zaman çox vacib bir platformadan məhrum olacağıq. Burada söhbət tək siyasi müstəvidə cərəyan edən proseslərdən getmir. Orada işğal altında olan torpaqlarımız da müzakirəyə çıxarılır. Bizim orada olmamağımızdan istifadə edəcək erməni deputat qrupu bu məsələni tez-tez qaldıra bilər. Bizim iştirakımız olmadan əleyhimizə müəyyən qətnamə və qərarların qəbuluna nail ola bilərlər. Dövlətçilik baxımından Avropa Şurasında qalmağımız çox vacibdir. Ümid edirəm ki, Azərbaycan tərəfi bu məsələlərə çox soyuqqanlı yanaşacaq. Brüssel sammitində danışıqların intensivləşməsi üçün qərar da qəbul oluna bilər. Təəssüflər olsun ki, ilkin məlumatlara görə, ikitərəfli saziş imzalanmayacaq. Amma ən azından bu danışıqların daha sürətli, ciddi qərarların qəbulu, imzalanmanın ən azından gələn ilin əvvəllərində baş tutması üçün müəyyən qərarlar verilə bilər. Şəxsən buna ümid edirəm. Düşünürəm ki, Azərbaycan hökumətinin də burada ciddi marağı var”.

N.Cəfərli həbsxanada İ.Məmmədova təzyiqlərin olduğu barədə yaydıqları bəyanata da toxundu: "Açığı, İlqar Məmmədova qarşı təzyiqlər hər zaman olub. Bir çox hallarda, REAL hərəkatı, idarə heyətinin üzvləri olaraq, bu təzyiqləri ictimailəşdirməmişik. Amma son vaxtlar müəyyən təzyiqlərin olması bizdə bu cür qənaət formalaşdırır ki, bu təzyiqlər Avropa Məhkəməsinin verdiyi son qərarla bağlıdır, bir də gələcəkdə İlqar Məmmədovun azad edilməsi ehtimallarının artması ilə əlaqədardır. Ola bilər ki, belə təzyiqlər vasitəsilə İlqar Məmmədovla bağlı müəyyən güzəştlərin əldə olunmasına çalışırlar. Amma onu da açıq demək lazımdır ki, birbaşa İlqar Məmmədova qarşı fiziki təzyiqlər, yaxud hər hansı bir mənəvi təzyiq olmayıb. Nə baş verirsə, biz onun ictimaiyyətə açıqlanmasının tərəfdarıyıq. Bundan sonra İlqar Məmmədova qarşı təzyiqlərin artması halları yüksələ bilər. Əgər Avropa Şurasını tərk etsək, yaxud çıxarılsaq, bununla bağlı sərt qərarlar qəbul olunsa, düşünürəm ki, bu, siyasi məhbusların hamısına ciddi təsir göstərəcək, o cümlədən İlqar Məmmədova. Bu hal onun həbsdə qalması müddətini uzada bilər”.

İ.Məmmədovun vəkili Fuad Ağayev bunları dedi: "İlqar Məmmədovun azad edilib-edilməyəcəyi ilə bağlı proqnoz vermirəm. Amma hər halda, iqtidarın qarşısında ciddi problem görürəm. Bu problemi qanun, üzərinə götürdüyü beynəlxalq öhdəliklərin yerinə yetirilməsi çərçivəsində hökumət həll etməlidir. Problemin həlli yolunu yalnız İlqar Məmmədovun azad edilməsində görürəm. İqtidarın hansı şəkildə hərəkət edəcəyini proqnozlaşdıra bilmirəm. Noyabrın 16-da verilən qərardan sonra İlqar Məmmədovla görüşmüşəm. Sadəcə, imkan olmadı ki, həmin qərarı ətraflı oxuyaq. Qərara münasibəti müsbət oldu”.

Cavanşir ABBASLI

Oxşar xəbərlər