Azərbaycan Ukrayna iqtisadiyyatına 200 milyon dollar investisiya yatırıb

  • 24 okt 2017, 08:31

İndiyədək Azərbaycan Ukrayna iqtisadiyyatına 200 milyon dollar, Ukrayna isə Azərbaycan iqtisadiyyatına 25 milyon dollar investisiya yatırıb.

Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev oktyabrın 20-də Bakıda keçirilən Azərbaycan-Ukrayna işgüzar görüşündə deyib.

İqtisadiyyat naziri Şahin Mustafayev ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdiyini, bu ilin 8 ayı ərzində ölkələrimiz arasında ticarət dövriyyəsinin 400 milyon dollar təşkil etdiyini və ötən ilin müvafiq dövrü ilə müqayisədə ticarət dövriyyəsinin 2 dəfə artdığını vurğulayıb. Qeyd edib ki, ticarət əlaqələrinin genişləndirilməsi üçün potensial daha böyükdür. Nazir Şahin Mustafayev ölkələrimiz arasında müvafiq müqavilə-hüquqi baza yaradıldığını, Azərbaycanda Ukrayna kapitallı 116 şirkətin fəaliyyət göstərdiyini bildirib. "İndiyədək Azərbaycan Ukrayna iqtisadiyyatına 200 milyon dollar, Ukrayna isə Azərbaycan iqtisadiyyatına 25 milyon dollar investisiya yatırıb. SOCAR Ukraynada uğurla fəaliyyət göstərir", - deyə nazir diqqətə çatdırıb.

Nazir Şahin Mustafayev deyib ki, Ukraynada Azərbaycan Ticarət Evinin açılması nəzərdə tutulur. Artıq Ticarət Evinin qeydiyyatı tamamlanıb və ticarət evinin yerləşəcəyi yer müəyyənləşdirilir.

Nazir Ukrayna iş adamlarını Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sənaye parklarına və aqroparklara investisiya yatırmağa dəvət edib. Bildirib ki, kənd təsərrüfatı, sənaye, tranzit, birgə müəssisələrin yaradılması sahələrində əməkdaşlıq imkanları genişdir. İqtisadiyyat naziri Azərbaycanda əczaçılıq sahəsi üzrə ixtisaslaşmış sənaye parkında investorlar üçün əlverişli şəraitin yaradıldığını qeyd edib, bu sahədə Ukrayna ilə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb. Vurğulanıb ki, bu gün keçirilən Azərbaycan-Ukrayna işgüzar görüşü də iş adamları arasında birbaşa əlaqələrin qurulması, əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli olacaq.

Ukraynanın Azərbaycanla əlaqələrə önəm verdiyini və ölkəmizlə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirən Ukrayna Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubiv ölkələrimizin bir-birinin ərazi bütövlüyünü dəstəklədiyini, Azərbaycanın Ukraynanın strateji partnyoru olduğunu qeyd edib. Bildirib ki, ölkələrimiz iqtisadiyyatın müxtəlif sahələrində uğurla əməkdaşlıq edir və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensial mövcuddur. Səfər çərçivəsində Azərbaycanın müxtəlif sənaye müəssisələrində və sənaye parklarında olduğunu qeyd edən Stepan Kubiv ölkəmizdə sənayenin innovativ inkişafını müsbət qiymətləndirib. Ukrayna iqtisadiyyatı, müxtəlif sahələrdə aparılan islahatlar barədə məlumat verən Stepan Kubiv energetika, tranzit, əczaçılıq, gəmiqayırma və s. sahələrdə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

Tədbirdə Azərbaycan və Ukrayna iş adamlarının sualları cavablandırılıb, əməkdaşlığa dair təklifləri dinlənilib.

İşgüzar görüş çərçivəsində "Azərbaycan İnvestisiya Şirkəti" ASC və Ukraynanın "İndar" şirkəti arasında Pirallahı Sənaye Parkında 3 hektar ərazidə infuziya və inyeksiya məhlullarının beynəlxalq standartlara (GMP) uyğun istehsalı üzrə müəssisənin yaradılmasına dair anlaşma memorandumu imzalanıb. İnvestisiya dəyəri 17 milyon ABŞ dolları olan layihə çərçivəsində 350–yə yaxın iş yerinin yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutub. İşgüzar görüşdə Azərbaycan və Ukraynadan rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları iştirak edib.///fins.az///

Demokratik.Az

Oxşar xəbərlər