İşğalçı rejimdə ermənilərin yeni “hökumət”i

  • 25 sen 2017, 13:56

Azərbaycanın işğal olunmuş ərazilərində qurulan qondarma Dağlıq Qarabağ rejiminin başçısı Bako Saakyan sentyabrın 25-də yeni "hökumətin” strukturunu təsdiqləyib. Novator.az-ın məlumatına görə, "hökumət” dövlət nazirindən, 12 nazirdən, daha 3 qurumun rəhbərindən ibarətdir.

Dövlət naziri postunu bundan əvvəl "baş nazir” olmuş Araik Arutunyan tutub. Bəzi digər posta da təyinatlar olub. Levon Mnasakanyan "müdafiə naziri” postunda qalıb. "Xarici işlər naziri” isə yenidir: Masis Mailyan.

İşğalçı rejimin başçısı Bako Saakyan sentyabrın 7-də and içərək səlahiyyətlərinin icrasına başlayıb.

Rejimin bu il qəbul etdiyi yeni "konstitusiya” ilə Dağlıq Qarabağ "prezident respublikası”na çevrilib. "Ümumxalq seçkisi”ndə 5 il müddətinə seçilən "prezident” icra hakimiyyətinə rəhbərlik edəcək. Prezident və parlament "seçkiləri” eyni gündə keçiriləcək.

Bako Saakyanın səlahiyyət müddəti iyul ayında başa çatıb. Növbəti "parlament seçkisi” isə 2020-ci ildə olmalıdır. Bu məqama görə işğalçı rejim "ana qanun”da keçid müddəası nəzərdə tutub. Həmin müddəaya əsasən, iyulun 19-da "prezidenti” "parlament” seçib. Onun səlahiyyət müddəti 3 il olacaq. 2020-ci ildə isə "prezident” və "parlament” seçkilərini eyni gündə keçirmək nəzərdə tutulur.

52 yaşlı Bako Saakyan 2007 və 2012-ci illərdə "prezident” seçilib.

1988-ci ilin fevral ayında ermənilər Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın tərkibinə verilməsi tələbi ilə separatçı hərəkata başlayıb. Bu hərəkat getdikcə vüsət alaraq Ermənistanın Azərbaycana açıq hərbi təcavüzünə çevrilib.

1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı "müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-ci ilin may ayında elan olunan atəşkəsə qədər Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal edib.

Demokratik.Az

Oxşar xəbərlər