Xəbər lenti
Bütün xəbərlər

Yeni vitse-prezident təyinatları niyə olmadı?

  • 23 avq 2017, 08:42
Təyinatlar niyə olmadı?


2016-cı ilin 26 sentyabrında keçirilən referendumda Azərbaycan Konstitusiyasına edilən əlavələrdən biri də dövlət idarəetməsində birinci vitse-prezident və vitse-prezidentlik institutunun tətbiqidir. 2017-ci il fevralın 21-də Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı respublikanın 1-ci vitse-prezidenti təyin edib. Bu təyinatdan keçən müddətdə 1-ci vitse-prezidentin köməkçiləri təyin edilib, katibliyi formalaşdırılıb. Bir sözlə, 1-ci vitse-prezident institutu ciddi işlək mexanizmə çevrilib.

Maraqlıdır ki, konstitusiya dəyişikliyindən 11 aya yaxın vaxt keçməyinə baxmayaraq vitse-prezidentlərin təyinatı hələ ki baş verməyib.

Milli Məclisin üzvü, BQP sədri Fazil Mustafa "Yeni Müsavat”a bildirib ki, vitse-prezidentlərin təyinatının hələ həyata keçirilməməyi qanun pozuntusu deyil. Çünki konstitusiyada dəyişiklikdən sonra vitse-prezidentlərin dərhal təyin edilməsi tələbi qanunda əksini tapmayıb. Qanunda bu təyinatların həyata keçirilməsi üçün konkret vaxt da qoyulmayıb: "Qanunda konkret tələb qoyulmayıb ki, dəqiq filan vaxtda və ya filan vaxta qədər bu təyinatlar həyata keçirilməlidir. Prezidentin səlahiyyətindədir ki, istədiyi vaxt təyinat həyata keçirsin. Ona görə də təyinatların hələ reallaşmaması qanun pozuntusu deyil. 1-ci vitse-prezident təyinatı həyata keçirilib və bu institut fəaliyyət göstərir. Vitse-prezidentlərin nə zaman təyin ediləcəyi də ölkə başçısının səlahiyyətinə aid olan məsələdir. Təyinatın gecikməsindən danışmaq üçün qanuni əsas yoxdur. Müəyyən əsasnamələrin hazırlanması, bu vəzifədə olan şəxslərin müəyyən statuslarının dəqiqləşdirilməsi, sənədləşdirilməsi vaxt aparan işlərdir. Hər halda, bu məsələlərin həllindən sonra vitse-prezidentlərin təyinatı məsələsinin üzərinə gəlinəcək. Çünki dəqiq səlahiyyətlər bölgüsü aparılmalıdır ki, məsələn, bilsin ki, baş nazirin səlahiyyətləri nədir, vitse-prezidentlərin səlahiyyətləri nədir. Səlahiyyət bölgüsü aparılmasa, müəyyən prosedur və idarəetmə problemləri yarada bilər. Bu məsələlər həllini tapandan sonra prezident istənilən vaxt vitse-prezidentlər təyin eləyə bilər”.


Oxşar xəbərlər