"Biz indi bir çox ölkə üçün nümunəyik"-prezident

  • 26 may 2017, 18:57
"Azərbaycanda bundan sonra da millətlərarası, dinlərarası münasibətlər ən yüksək səviyyədə öz həllini tapacaq. Biz indi bir çox ölkə üçün nümunəyik. Bunu artıq heç kim gizlətmir. Nəinki ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər, eyni zamanda, Azərbaycanda mövcud olan vəziyyət bir çox ölkələr üçün nümunədir. Həmkarlarım və təmasda olduğum xarici qonaqlar bunun sirrini öyrənmək üçün mənə dəfələrlə suallar verirdilər. Bunun sirri çox sadədir. Sadəcə olaraq, düzgün siyasət aparılmalıdır, inkişaf olmalıdır, savadlılıq artmalıdır, milli və dini siyasət düzgün aparılmalıdır. Azərbaycanda yaşayan bütün xalqların, bütün dinlərin nümayəndələri özlərini rahat hiss etməlidirlər. Bu gün bu vəziyyət reallıqdır. Azərbaycanda bütün xalqların nümayəndələri bir ailə kimi, mehribanlıq, sülh, qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Bu da bizim böyük sərvətimizdir, gücümüzdür və biz bunu qoruyuruq, qorumalıyıq. Şadam ki, bizim siyasət, bu istiqamətdə atılan addımlar xalq tərəfindən tam dəstəklənir. Ona görə, bu gün Azərbaycan dünyada multikulturalizmin mərkəzi sayılır".

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.

Dövlət başçısı bildirib ki, bununla bərabər, biz öz milli-mənəvi dəyərlərimizə sadiqik.

"Təsadüfi deyil ki, keçən il Azərbaycanda "Multikulturalizm İli”, bu il "İslam Həmrəyliyi İli” elan edilib. Bu, bir daha göstərir ki, öz köklərinə bağlı olan xalq və dövlət həmişə düzgün siyasət aparacaq. Milli dəyərləri möhkəm olan xalq həmişə uğur qazanacaq, inkişaf edəcək. Hesab edirəm ki, Azərbaycan modeli, o cümlədən bu istiqamətdə əldə etdiyimiz uğurlar bir çox ölkələr üçün çox cəlbedicidir. Həm ənənələr, tariximiz, mədəniyyətimiz, dinimiz bizim üçün müqəddəsdir, eyni zamanda, biz dünyaya açığıq, müasirik, bütün ölkələrlə yaxşı münasibətlər qurmağa çalışırıq", - deyə prezidetn vurğulayıb.

 

Demokratik.Az

Oxşar xəbərlər