"Erməni və azərbaycanlı icmalarının birgəyaşayışına zəmanət verə bilərik"
- 13 apr 2017, 08:24
"Şərq
Tərəfdaşlığı”nın gələcəyi böyük ölçüdə münaqişələrdən əziyyət çəkən regionlarda
davamlı təhlükəsizlik, sülh və sabitliyin bərqərar olmasından asılıdır. Biz
düşünürük ki, Avropa İttifaqının vaxtında və fəal rolu regionumuzda sabitlik və
inkişaf baxımından əhəmiyyətlidir.”
"Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar
Məmmədyarov Vişeqrad qrupu və "Şərq Tərəfdaşlığı” ölkələrinin xarici işlər
nazirlərinin Varşavada keçiriliən iclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, Azərbaycan münaqişənin danışıqlar yolu və beynəlxalq hüququn
prinsiplərinə əsaslanan yol xəritəsi üzrə həllində maraqlıdır: "Xüsusilə də bu,
2016-cı il Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal
Strategiyasında əks olunub. Eyni zamanda, onilliklərdir ki, davam edən
danışıqlar heç bir nəticə verməzsə, Azərbaycan pozulmuş ərazi bütövlüyünü
sərəncamında olan mümkün bütün vasitələrlə bərpa etmək hüququnu özündə
saxlayır.”
"Dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan hökuməti Azərbaycanın Dağlıq Qarabağ
regionunun erməni və azərbaycanlı icmalarının birgəyaşayışına bütün növ zəmanət
verməyə hazırdır. Azərbaycanın münaqişənin həll edilməsi istiqamətində
cəhdlərinin əksinə olaraq, Ermənistan işğal edilmiş ərazilərin demoqrafik
xüsusiyyətlərini dəyişdirmək üçün məqsədli siyasət yürüdür, həmçinin işğal
edilmiş ərazilərdə qanunsuz "seçkilər” və "referendum” keçirir. İşğal edilmiş
ərazilərdə keçirilmiş ən son qanunsuz "referendum” Azərbaycan Respublikasının
Konstitusiyasının əleyhinə yönəlmiş daha bir təxribat xarakterli addımdır. Bu
qanunsuz fəaliyyət beynəlxalq birlik tərəfindən rədd edilib” - deyə
Məmmədyarov bildirib.
Onun sözlərinə görə, 2016-cı il aprel hadisələri və 25 fevral 2017-ci ildə
təmas xəttində baş verən ən son təxribatlar "nə hərb, nə sülh” vəziyyətinin
həssaslığını sübut etdi.
Demokratik.Az
