İran-Azərbaycan yaxınlaşması Tehranı Ermənistandan “qopara” bilərmi?

  • 08 mart 2017, 10:29

Ekspertlərin fikrincə, bu cür düşünmək tezdir, amma...

Prezident İlham Əliyev martın 5-də İran İslam Respublikasında rəsmi səfərdə olub. Səfər çərçivəsində ölkə başçısı İran prezidenti Həsən Ruhani, İranın Ali Rəhbəri Seyid Əli Xameneini ilə görüşlər keçirib. Ölkə başçısı Ruhani ilə birgə mətbuata bəyanatla çıxışında deyib ki, İran-Azərbaycan əlaqələri təkcə xalqlarımız üçün deyil, bütün region üçün önəmlidir. Qonşu ölkənin prezidenti də bənzər bəyanatlar səsləndirib.

Səmimi keçən görüşlər bəzi ekspertləri bu fikrə gəlməyə vadar edib ki, gələcəkdə İran-Azərbaycan münasibətləri daha da güclənə bilər. Məlumdur ki, İran hökumətinə rəhbərlik edən şəxslərdə qarşılıqsız bir Ermənistan sevgisi var və zaman-zaman gizli və aşkar şəkildə İran Ermənistana dəstək olmaqdan çəkinmir. Digər tərəfdən, Azərbaycan müxalifətində, eləcə də iqtidarda məhz bu səbəbdən İranı sevməyənlər az deyil.

Bəs görəsən, bu cür qarşılıqlı səfər və əməkdaşlıqlar İran-Azərbaycan münasibətlərini möhkəmləndirərsə, qonşu ölkənin Ermənistan sevgisini zəiflədə bilərmi? Bu yolla Azərbaycan Ermənistan ətrafındakı çevrənin daha da daralmasına nail ola bilərmi?

"Yeni Müsavat”ın bu suallarını cavablandıran politoloq, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, istənilən halda Azərbaycanla əməkdaşlıq İran üçün daha çox xeyirlidir: "Çünki ortada böyük iqtisadi layihələr var. İranın iqtisadi vəziyyəti o dərəcədə yaxşı deyil, bu ölkə sanksiyalardan sonra ayaq üstə durmağa çalışır. Dəmiryolunun inşası üçün Azərbaycan İrana 500 milyon dollar kredit verəcək. Ermənistan isə kasıb dövlətdir. Əksinə, İran tərəfi iki həftə öncə Ermənistana 84 milyon kredit ayırmağı üzərinə götürdü ki, hansısa elektrik stansiyasının tikintisi sürətlənsin. Ermənistanın İrana heç bir faydaı yoxdur. Əksinə, İrana Azərbaycanla əməkdaşlıq faydalıdır. Azərbaycanla ortaq layihələr var, ortaq müəssisələr yaradılır. Dəmir yolunun inşası bitib. İranı Ermənistanla birləşdirən dəmiryol xətti yoxdur. Bu çox baha başa gələn bir layihədir. Məntiqlə baxsaq, Azərbaycanla əməkdaşlıq İran üçün daha faydalıdır. Amma məsələ burasındadır ki, İran hakimiyyətindəki qüvvələr illərdir Ermənistana dəstəklərini azaltmırlar, faktiki, bəzən işğalçı ilə işğala məruz qalan tərəf arasında bərabərlik işarəsi qoyurlar. Bunu prezidentlərin Tehrandakı birgə mətbuat konfransı da göstərdi. Çox təəssüf ki, İran prezidenti Qarabağ münaqişəsi haqqında cəmi bir cümlə dedi ki, münaqişənin sülh yolu ilə həllinə tərəfdardırlar. Amma Azərbaycana dəstək verən dövlətin başçısı deməli idi ki, Azərbaycan torpaqlarının işğal altında qalmasını pisləyirik. Bu torpaqlar azad olunmalıdır. Bu yolla münaqişə öz həllini tapmalıdır. Bu fikirlər ifadə olunmadı. İndi Azərbaycanla artan iqtisadi və enerji əlaqələri İranın Ermənistana münasibətinə, Qarabağ münaqişəsində baxışını dəyişə bilərmi sualının cavabı, İranda gələcəkdə baş verəcək siyasi proseslərdən asılıdır”.

Politoloqun fikrincə, İranda siyasi sistem dəyişərsə və hakimiyyətdə olan azərbaycanlıların sayı artarsa, münasibətlərdə deyilən irəliləyişə nail olmaq mümkün olar: "İranda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanların sayından 3 dəfə çoxdur. Azərbaycanlılar İranda müxtəlif vəzifələrdə təmsil olunurlar. Hətta dini lider də azərbaycanlıdır. İran parlamentində türk fraksiyası yaradılıb. Düşünürəm ki, gələcəkdə İranda siyasi proseslər sürətlənsə, Azərbaycanlıların İran hakimiyyətində rolu artsa, bu, İranın xarici siyasətinə müəyyən qədər təsir edə bilər. İran artıq Azərbaycanla bağlı məsələlərə həssas yanaşa bilər. Bunun üçün İranda siyasi proseslər sürətlənməlidir. Orada hakimiyyətdə olan azərbaycanlılar hələ ki İranın dövlət maraqlarından çıxış edirlər. Ancaq İranda başqa tip azərbaycanlılar da var ki, onlar İran-Ermənistan münasibətlərinin əleyhinədirlər. Bu gün daha bir önəmli hadisə də İran siyasətində müəyyən dəyişikliklərə işarət ola bilər. Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Tehranda və Güney Azərbaycanın şəhərlərində konfranslar keçirdi. Sonra isə Araz çayı üzərində bəndin tikintisinin aparıldığı yerə gəldi, orada müşahidələr apardı. Bu da bir işarə ola bilər ki, İran hakimiyyətində müəyyən qüvvələr Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini qəbul etməyə hazırdırlar. Hazırda İran hakimiyyəti Ermənistanla Azərbaycan arasında bərabərlik işarəsi qoyduğuna görə bu ölkənin regional siyasətində hələ ki dəyişən bir şey yoxdur. Ancaq yenə də təkrar edirəm ki, iqtisadi ticarət münasibətləri artdıqca, mümkündür ki, gələcəkdə İranın Qarabağ məsələsində Azərbaycana dəstəyi artsın”.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə qeyd etdi ki, İran və Azərbaycan münasibətlərində dərin maraqları sarsıdacaq, strategiyaları dəyişdirəcək səviyyədə irəliləyiş olmayıb və bundan sonra da olmayacaq: "Nə qədər səfərlər olsa da, münasibətlər isti olsa da bu dəyişməyəcək. Çünki İranın regionda öz maraqları var. O maraqlar çərçivəsində Azərbaycan İran üçün müstəqil və güclü tərəf müqabili olacaq bir dövlət deyil. Azərbaycanın güclü olması İranın içindəki 30 milyon azərbaycanlının ayağa qalxmasına gətirib çıxaracaq. Bu, mütləq nəticədir. Çünki güclü dövləti olan istənilən bir xalq başqa bir ərazidə yaşayırsa, mütləq hüquqlarını müdafiəyə qalxır. İran isə bunu istəmir. Ancaq qonşu ölkələrik. Protokol naminə, taktiki gedişlərdə müəyyən dəyişikliklər ola bilər. Ancaq mən bu görüşlərdən elə də böyük nəticələr gözləmirəm. Nə İranın Ermənistana münasibətinin dəyişəcəyini gözləmirəm, nə İranın region siyasətinin dəyişəcəyini gözləmirəm, nə də strateji maraqlardan əl çəkəcəyini gözləmirəm. Taktika və ritorikalarda müəyyən dəyişikliklər ola bilər. Ancaq bu da heç nəyi dəyişmir və ümumilikdə hər kəs öz siyasətində qalacaq. Ona görə də burada yeni çalar və rəng axtarmaq doğru deyil. Hər şey olduğu kimi olacaq. Səbəb isə odur ki, İran güclü Azərbaycan yaranmasını istəmir. Bu, İrana problem yaradacaq. Ən sadə səbəb budur. Azərbaycan nə qədər güclü olarsa, bu güc dünyadakı azərbaycanlıların istək və arzularının simvoluna çevriləcək. İran ona görə Azərbaycanın ən böyük düşməninin yanında açıq şəkildə durub ki, ölkəmiz güclü bir dövlət olmasın”.

Nərgiz LİFTİYEVA

Oxşar xəbərlər