Əmək haqları və təqaüdlər artırıldı - SƏRƏNCAM
- 21 yan 2017, 20:20
Demokratik.Az AzərTac dövlət agentliyinə istinadən xəbər verir ki, Azərbaycan prezidenti iki sərəncam imzalayıb.
Onlardan biri "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” sərəncamdır.
Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2017-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etmək, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutmaqla, pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi ilə və "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə uyğun olaraq imzalanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı diğər sərəncam "Minimum aylıq əməkhaqqının artırılması haqqında” sərəncam adı ilə yayımlanıb.
Sərəncamla minimum aylıq əməkhaqqının məbləği 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edilib.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
"Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 31 avqust tarixli 3112 nömrəli sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 992) 1-ci hissəsi ləğv edilib.
Bu, minimum əməkhaqqının 11 manat (10,5 faiz) artımı deməkdir.
Xatırladaq ki, indiyədək minimum əməkhaqqı 105 manat olub.
Demokratik.Az